“Türkiyə region ölkələrinin iqtisadiyyatının zərər görməməsi üçün İrana qarşı təcrid siyasətinin əleyhinədir”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində İran-Ermənistan münasibətlərini və Türkiyənin İrana yönəlik siyasətindəki korrektələri şərh edən Türkiyəli politoloq, İran Araşdırma Mərkəzinin (İRAM) aparıcı eksperti Sabir Əsgəroğlu deyib.
Sabir Əsgəroğlunun fikrincə, İranın Ermənistanla əlaqələri genişləndirməsinin əsas səbəblərindən biri Tehranın Cənubi Qafqaz regionunda təsir imkanlarını saxlamaqdır:
“İranın Ermənistanla münasibətləri Yaxın Şərqdə yaranmış vəziyyətdən yox, Qafqazdakı geosiyasi situasiyadan asılıdır. Ermənistanla yaxın münasibət quran İran bununla həm də Rusiya ilə mövqelərini yaxınlaşdırır. Eyni zamanda, İran-Ermənistan münasibətləri regionda Azərbaycan-Türkiyə strateji ittifaqına qarşı yönəlib.
Qafqaz regionunda təsir imkanlarını gücləndirmək hər zaman Tehranın əsas məqsədlərindən biri olub və bu siyasət gələcəkdə də dəyişməyəcək. Türkiyənin Suriyada yürütdüyü siyasət isə İranla əməkdaşlığın deyil, sözügedən ərəb ölkəsində Ankara ilə Tehran arasındakı rəqabətin nəticəsidir.
Türkiyənin ABŞ-ın İrana qarşı sanksiyalarının əleyhinə olması isə o deməkdir ki, Ankara regionda sabitliyin pozulmasını qətiyyən istəmir. Ümumiyyətlə, Türkiyə region ölkələrinin iqtisadiyyatının zərər görməməsi üçün İrana qarşı təcrid siyasətinin əleyhinədir.
Türkiyənin ABŞ-la münasibətinin durumuna gəldikdə isə, Ankara Vaşinqtondan onun maraqlarının nəzərə alınmasını və regional təhlükəsizliklə bağlı narahatlığına anlayış göstərməsini istəyir.
Qeyd olunmalıdır ki, Türkiyə ABŞ-la münasibətlərinin kəsilməsində maraqlı deyil və Ankaranın maraqlarına hörmətlə yanaşaraq, ona doğru addım atmasını gözləyir. Əks halda, münasibətlərin normallaşması mümkün olmayacaq”.
Qafqaz Ömərov