!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan Azərbaycana TƏHDİD: Tehranın Bakını hədəf seçməsinin arxasında məkrli PLAN

!Reklam – Yazi

“İran İslam Şurası Məclisinin deputatları rejimin çoxsaylı süzgəcindən keçir. Bu baxımdan, İrandakı istənilən deputat hakimiyyətin mövqeyinin təmsilçisi, onun təbliğatçısı, danışan dilidir”. 

Bu sözləri Yenicag.az-a açıqlamasında iranşünas politoloq, Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

O, İran İslam Şurası Məclisinin deputatı Cəlal Rəşidi Kuçinin Bakıdakı İsrail səfirliyinin vurulması ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.

Deputatın sözlərindən sitat gətirən İranın “Entekhab” nəşri yazır ki, İslam Şurası Məclisinin üzvü bildirib ki, Dəməşqdəki İran konsulluğuna İsrail Hərbi hava Qüvvələri tərəfindən həyata keçirilən hücumdan sonra İran adekvat cavab göstərməlidir.

Məsələni dəyərləndirən S. Soltan isə söyləyib ki, İrandakı sonuncu parlament seçkisində üstünlüyü mühafizəkar təbəqə qazanıb. “Yəni Cəlal Rəşidi Kuçi də mühafizəkar kəsimi təmsil edir. Ona görə də İran rejiminin rəsmiləri – hökumət başçısı, xarici işlər naziri, parlament deputatları və digər qurum rəsmilərinin söylədiyi fikirlər onların şəxsi yanaşması deyil.

Çünki həmin şəxslər əvvəlcə rejim tərəfindən seçilir, sonra səsverməyə buraxılırlar. Qısacası, onlar rejimin seçdiyi deputatlardır ki, xalq sonradan bu şəxslərə səs verir”, – deyə o bildirib.
S.Soltan qeyd edib ki, Kuçinin dedikləri həm də İran hakimiyyətinin Azərbaycana qarşı olan münasibətinin göstəricisidir.

“Bu, İran hakimiyyətinin müxtəlif formalarda Azərbaycan-İsrail münasibətini qaralaması və bunu təhdid etməsinin davamıdır. Tehran rejimi bu gün deputatın, sabah isə başqa birinin adından Azərbaycan-İsrail münasibətləri ilə bağlı məsələlərə təhdidedici mesajlarla yanaşa bilər”, – deyə o, əlavə edib.

İranşünas analitikin fikrincə, iranlı parlamentarinin Bakını hədəf seçməsinin arxasında Tehranın məkrli planları dayanır:
“Maraqlıdır, Kuçi niyə demir ki, ABŞ-nin Ermənistandakı səfirliyini vurmaq lazımdır? Çünki İran rəsmiləri birmənalı şəkildə bəyan edirlər ki, İsrail konsulluğuna hücum edib. Əslinə qalsa, Dəməşqdəki hücum konsulluğa edilməyib, əksinə, konsulluğun yanındakı binaya zərbələr endirilib. İsrail tərəfi də bildirib ki, konsulluq adlanan binada SEPAH-ın hərbçiləri olub və o generallardan biri də ölüb.

Tehran hakimiyyətinin strateqləri həmçinin onu da deyirlər ki, Dəməşqdəki İran konsulluğunun vurulmasında ABŞ-nin əli var. Əgər belədirsə, iranlı parlamentari niyə ABŞ-nin İrəvandakı səfirliyini vurmağı təklif etmir? Yaxud ABŞ-nin İraqdakı səfirliyi niyə vurulmur? ABŞ-nin ən böyük səfirliyi Bağdadda yerləşir. İran oranı niyə vurmur? Deməli, bu, Azərbaycan-İsrail münasibətlərinə qərəzli yanaşmanın göstəricisidir”.

S.Soltanın sözlərinə görə, o ki qaldı İranın Bakıdakı İsrail səfirliyini vurmasına, əlbəttə ki, Tehran bunu edə bilməz.

“Çünki İranın Azərbaycana qarşı istənilən bu tipli addımı Tehran üçün də çox böyük bir problem yarada bilər. Bundan başqa, adıçəkilən hücum Azərbaycan ərazisinə müdaxilədir.

İkinci bir tərəfdən, İsrail səfirliyinin həmin terror aksiyasında iştirak etməsi ilə bağlı Tehran rejiminin əlində hər hansısa bir fakt yoxdur. Ona görə də Cəlal Rəşidi Kuçinin parlamentin intizam komitəsi tərəfindən cəzalandırılması əsas olmalıdır.

Eləcə də Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinə İran Xarici İşlər Nazirliyinə öz etirazını bildirməlidir ki, Azərbaycanın suveren əraziləri bu kimi çıxışlarla təhdid olunur”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

www.yenicag.az

947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv