!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandan PKK-ya silah yardımı: Suriyada yeni kürd muxtariyyəti qurula bilər

!Reklam – Yazi

“Son zamanlar Türkiyənin hərbi rəsmiləri, xüsusilə də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bir neçə dəfə bəyan edib ki, İran sərhəddəki terrorçuları təhvil vermir və PKK ilə bağlı fəaliyyətini zəiflədib”.

Bu sözləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

 

O, Türkiyənin “Yeni Şafak” qəzetinin İranın PKK-ya silah verməsi ilə bağlı ortaya atdığı iddiaya münasibət bildirib.

S. Soltan xatırladıb ki, əvvəllər də İran hakimiyyəti PKK-dan Türkiyəyə qarşı istifadə etmişdi:

“Hətta vaxtilə bir sıra PKK-çılar İran ərazisində də gizlənmişdi. Bundan başqa, İrandan İraqın şimalındakı PKK düşərgələrinə narkotrafik də ötürülüb. Amma son zamanlar İran daxilində PJAK, “Komilə” və Kürdüstan Demokrat Partiyası kimi siyasi silahlı qruplaşmaların fəaliyyət göstərməsi İranda ciddi narahatlığa səbəb olub. Hətta ötən ilin sentyabrında İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqiri İraqın şimalındakı yerli kürd özünüidarəetmə bölgəsi ilə yanaşı, rəsmi Bağdada da xəbərdarlıq etdi ki, əgər həmin separatçı-terrorçu qruplaşmalar İranın ərazi bütövlüyünə təhdid yaradarlarsa, onda Tehran İraqın şimalını raket atəşinə tutacaq. Bundan sonra həmin qüvvələr sərhədyanı bölgədən köçürülüb İraqın daxilinə aparıldı”.

İranşünas əmindir ki, son günlər Suriyada yeni kürd muxtariyyətinin qurulacağı, Suriya lideri Bəşər Əsədin Tehranda İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüşməsi ilə bağlı xəbərlər yayılır:

“Bundan əlavə, İsrail-HƏMAS münasibətlərinin gərginləşməsi İraq və Suriyadakı vəziyyəti çətinləşdirib və İranın bölgədəki fəaliyyətini genişləndirib. Məsələn, İraq ərazisində İranyönümlü “Həşdi-Şabi” – Xalq Səfərbərlik Qüvvələri adlı böyük silahlı qruplaşma mövcuddur. Bu qruplaşma İraqda İŞİD-ə qarşı mübarizədə, habelə Nəcəf və Kərbəladakı müqəddəs dini şəxslərin qəbirlərinin qorunmasında istifadə olunub. Bu günə qədər də sözügedən qüvvələr orada qalmaqdadır”.

Mütəxəssisin qənaətinə görə, Türkiyənin İsrail-HƏMAS müharibəsinə münasibətində İran tərəfi hesab edir ki, Ankara heç də onu qane edən mövqe tutmur:

“İran istəyir ki, Türkiyə bu münaqişədə tərəf olaraq hərbçiləri ilə bu və ya başqa formada iştirak etsin. Düşünürəm ki, İranın PKK-ya yardımı məsələsinin kimin üçün nəzərdə tutulması sual altında olan bir məsələdir. Axı PKK həm də İranın ərazi bütövlüyünü təhdid edir. Məncə, bu, ola bilsin ki, Tehran administrasiyası tərəfindən izi azdırmaq üçün nəzərdə tutulub. Yəni həmin silahlar Suriya, İraq və perspektivdə HƏMAS-a, yaxud İsrailə atılması üçün Livandakı “Hizbullah” silahlılarına verilə bilər. Ola bilər ki, İran izi azdırmaq üçün burada PKK-nın adı çəkilir. Amma bununla belə, İranın həmişə PKK-dan Türkiyəyə qarşı istifadə etdiyi hallar olub. Bu da istisna olunmur ki, İran tərəfi son zamanlar fəaliyyəti və davranışı ilə PKK-dan Türkiyəyə qarşı təhdid aləti kimi istifadə edib. Ona görə də hərbi texnikanın verilməsi ilə bağlı yayılan informasiyalar gerçək ola bilər”.

Xatırladaq ki, Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatına görə, İran PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib. Bildirilib ki, göndərilən silahlar arasında tank əleyhinə idarə olunan raket sistemləri də var.

Rafi Müslümov

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv