!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın absurd iddiaları bitmək bilmir: "Bu fikirlərin hamısı Azərbaycana təzyiq vasitəsidir" - ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin xüsusi xidmət orqanları ilə İsrail xüsusi xidmət orqanları niyə Şuşada görüşməlidir? Onların görüşməsi üçün dünyada yer yoxdur? İran tərəfi özü də bilir ki, dediklərində reallıq yoxdur”.

Bunu İran rəsmilərinin Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayında diaspora adı altında Türkiyə və İsrail xüsusi xidmət orqanlarının görüşəcəyi yönündəki iddialarına münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, İran bu cür fikirlərlə Azərbaycana təzyiq etmək istəyir:

“Hələ ötən ilin sentyabr-oktyabr aylarında İranla Azərbaycan arasında bir gərginlik yaşanmışdı. Gərginliyin yaranmasına səbəb elə İranın özü idi. İran belə bir fikir ortaya qoyurdu ki, siyonist rejim İran sərhədlərinə yaxın ərazilərdə fəaliyyət göstərir. Azərbaycan İranın təzyiqinə qarşı dayandı və sonda İran rəsmiləri Bakıya gələrək mətbuatda əks fikirlərin səsləndirilməsinin dayandırılmalı olduğunu bildirdilər.

Şuşadakı tədbirlə bağlı son fikri İran ordusunun Quru Qoşunları komandanı general Əmir Heydəri səsləndirib. Onun çıxışını daha çox Ermənistan mətbuatı tirajlayır. Heydəri deyir ki, sərhəd dəyişikliklərinə heç vaxt razı olmayacaqlar. Bu onların qırmızı xəttidir.

İranın səsləndirdiyi fikirlərin hamısı Azərbaycana təzyiq vasitəsidir. Türkiyənin xüsusi xidmət orqanları ilə İsrail xüsusi xidmət orqanları niyə Şuşada görüşməlidir? Onların görüşməsi üçün dünyada yer yoxdur? İran tərəfi özü də bilir ki, dediklərində reallıq yoxdur. Lap kimlərsə Şuşada görüşəcəksə, bunun İrana nə aidiyyatı var? Şuşa sərhəddə deyil. İran tərəfi sübut etsin ki, İrana qarşı hansısa bir addım atılır.

İsrail Azərbaycana dost dövlətdir. Hər zaman Azərbaycana kömək edib. Müsəlman İran isə Azərbaycana həmişə düşmən mövqedə olub”.

Səxavət Məmməd

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv