İranın içini gəmirən QURDLAR: “Yəhudi lobbisi ilə təmaslarımızı daha da genişləndirməliyik” – ŞƏRH

“Ermənistanın İrana baş əyməsi Kremlin çox da xoşuna gəlməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın İran-Azərbaycan gərginliyindən öz siyasi maraqları üçün sui-istifadə etməsinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqa görə, Rusiyaya nökərçilik Ermənistanı 44 günlük savaşdan xilas edə bilmədiyi kimi, İrana qulluğun da İrəvana bir faydası olmayacaq:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tələsik Tehrana gedərək ölkəsinin İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Bunun qarşılığında Tehran Gorus-Qafan yoluna alternativ yol çəkəcəyini İrəvana vəd edib. Yolu inşa edəcək İran şirkətinin nümayəndə heyəti artıq İrəvanda danışıqlara başlayıb. Digər tərəfdən, Litvaya səfəri zamanı bu ölkənin erməni icmasının nümayəndələriylə görüşən Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan İranın ona verdiyi dəstəyi heç zaman unutmayacaq. “Birinci Qarabağ savaşında Ermənistan məhz İranın sayəsində blokadadan çıxdı və həyat yoluyla problemlərini həll etdi”. – deyən Paşinyan Ermənistanın heç zaman İrana qarşı planlarda iştirak etməyəcəyini and-aman edib. Paşinyan bununla demək istəyib ki, “Ermənistan Azərbaycandan fərqli olaraq, İranın düşmənləri ilə dostluq etməyəcək”.

Lakin bir gün gələcək Moskva kimi Tehran da İrəvana kiminlə dostluq edə biləcəyini, kiminlə münasibətlərdə məsafə saxlamalı olduğunu diqtə edəcək. Misal üçün, Rusiya və İran Suriya məsələsində ortaq olsalar da, Tehranın Bəşər Əsədə nəzarət etməyə çalışması, “Hizbullah”dan İsrailə qarşı istifadə etməsi Kremlin xoşuna gəlmir. Rusiyanın İsraillə də yaxın münasibətləri var. Eyni ilə İranın Ermənistanı tədricən nəzarətə götürməyə çalışması Kremlin narahatlığına səbəb olacaq”.

Elxan Şahinoğlu vurğulayıb ki, İrəvanın İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışması  fonunda rəsmi Bakı da Rusiya-Ermənistan-İran üçbucağının zəif nöqtələrini tapmağa çalışmalıdır:

“İranın Azərbaycana artan təzyiqi fonunda qonşu ölkəyə qarşı sanksiyalar tətbiq edən mərkəzlərin də gözlərini açmağa çalışmalıyıq. Ayrıca, Azərbaycanı cəzalandırmağa çalışan ermənipərəst amerikalı konqresmenlərə qarşı ABŞ-dəkı daha güclü yəhudi lobbisi ilə təmaslarımızı genişləndirməliyik. İran Azərbaycana qarşı açıq kartlarla oynamağa başlayıbsa, biz də kartlarımızı açmalıyıq. Prezident İlham Əliyev dünən Araz çayının kənarında, “Hardadır burada İsrail?!” – deyərək Tehranın bəyanatlarına seyrçi qalmayacağını açıq bəyan etdi”.

Gülşən Şərif

COP29