İranın yuxusunu qaçırdan İsrail-Azərbaycan münasibətləri: “Həmin silahların nəyə qadir olduğunu ordumuz bütün dünyaya göstərdi”

“İsrail o ölkələrdəndir ki, Azərbaycana dəstək verməkdən heç vaxt çəkinmir”.

Bu fikirləri Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsinə qarşı çıxan ölkə və şəxslərə cavab verən ehtiyatda olan polkovnik, Azərbaycan Respublikasinin Silahlı Qüvvələrinin hərbi polisinin kecmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, İsraillə Azərbaycan arasındakı dostluq əlaqələri 44 günlük Vətən müharibəsi dönəmində formalaşmayıb:

“Bu münasibətlərin tarixi olduqca qədimdir. Xalqlarımızın arasında əsrlər boyu gözəl dostluq əlaqələri olub. Bu bağlantıların təməli təkcə ticarət və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara deyil, həm də Yəhudi-Azərbaycan dostluğunun uzunillik ənənələrinə söykənir. Müstəqillik illərində iki dövlət arasındakı bir çox sahələrlə yanaşı, hərbi sahədə əməkdaşlıq yüksək səviyyəyə çatdı. Azərbaycan müasir silahları əksər hallarda İsraildən alır. Dağlıq Qarabağ ərazisində Ermənistan-Azərbaycan toqquşması ilə bağlı atəşin yatırılmasına çağıran beynəlxalq qurumların mövqeyinə baxmayaraq, artıq 5 ildir ki, İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. İkinci Qarabağ müharibəsi dövründə həmin silahların nəyə qadir olduğunu ordumuz bütün dünyaya nümayiş etdirdi. İsrail Azərbaycanın ən çətin günlərində bizə qarşı xoş niyyətini yalnız silah satmaqla göstərmədi. Müharibənin ilk günlərindən etibarən qardaş Türkiyə kimi İsrail də açıq-aşkar Azərbaycanı dəstəklədiyini bəyan etdi. Buna etiraz olaraq Ermənistan İsraildəki səfirini geri çağırmasına baxmayaraq, İsrail geriyə addım atmadı”.

İranın Azərbaycan-İsrail münaibətlərinə qarşı çıxmasına gəldikdə isə hərbi ekspert bunları deyib:

“İran müsəlman dövləti olsa da, daim xristian Ermənistana dəstək olub. İran Ermənistanın nəfəsliyi olub. İstər silah-sursat, istərsə də siyasi dəstək olsun, İran daim Ermənistanın yanında olub. İran qonşuluğunda güclü Azərbaycan, daha dəqiq desək, türk döləti istəmir. Buna görə də əlindən gəldiyi qədər Azərbaycanın əleyhinə işlər görür. Düşünürəm ki, İranın bu cəhdləri nəticəsiz qalacaq. Çünki bölgədə artıq Azərbaycan tək deyil”.

Səxavət Məmməd

COP29