!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan üçün Kreml-Koçaryan MƏNGƏNƏSİ: “Bir tərəfdən revanşist qüvvələr, digər tərəfdən isə Rusiya...”

!Reklam – Yazi

“Həmin qüvvələr Azərbaycanla normallaşma prosesinin inkişafında maraqlı olan qüvvələrə qarşı pozuculuq fəaliyyətinə ara vermirlər”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmasının səbəblərinə toxunan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Koçaryan-Sarkisyan tandeminin fəaliyyətinə Rusiyanın dəstəyi açıq müşahidə olunmaqdadır:

“Həqiqətən, Paşinyanın Azərbaycanla vəziyyətin normallaşdırılmasına baxışında özünü göstərən ziddiyyətlər son vaxtlar tam çılpaqlığı ilə üzə çıxmaqdadır. Ümimiyyətlə, onun bu məsələyə dair mövqeyindəki qeyri-ardıcıllıq 44 günlük müharibədən sonrakı ilk həftələrdən müşahidə olunurdu. Ermənistan baş nazirinin sülh sazişi ilə əlaqədar heç bir təşəbbüslə çıxış etməməsi, Azərbaycanın atdığı konstruktiv addımlara isə etinasız yanaşması bu fikirlərin təsdiqi kimi qəbul oluna bilər.

Baxın, Paşinyan bir tərəfdən beynəlxalq şahidlərin və qüvvələrin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünü iki dəfə rəsmən tanıyır, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan addımlarını davam etdirir. Azərbaycanın ərazi bütövlüyünü tanımaq hara, bizim ərazilərimizdə elan edilmiş qondarma bir rejimin “ildönüm”ünü rəsmi qaydada təbrik etmək hara?

Sadə dillə desək, bu, Paşinyanın və ümumilikdə Ermənistan hakimiyyətinin siyasi riyakarlığıdır. Amma məsələyə sadəcə siyasi riyakarlıq kateqoriyasından baxmaq da bu vəziyyəti tam ehtiva etmir. Çünki burada riyakarlıqdan əlavə həm də çox ciddi siyasi faktorların rolu var. Bu da ondan ibarətdir ki, hazırda Ermənistandakı revanşist qüvvələrin əsas təmsilçiləri olan Koçaryan-Sarkisyan tandemi yenidən fəallaşmağa cəhd göstərir. Onlar hətta Xankəndi və onun ətrafındakı proseslərə təsir imkanlarını geri qaytarmağa çalışırlar. Eyni zamanda, həmin qüvvələr Azərbaycanla normallaşma prosesinin inkişafında maraqlı olan qüvvələrə qarşı pozuculuq fəaliyyətinə ara vermirlər.

Çox təəssüf ki, biz Koçaryan-Sarkisyan tandeminin bu fəaliyyətinə Rusiyanın dəstəyini açıq-aşkar şəkildə görməkdəyik. Əgər Kreml rəsmən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycana məxsusluğunu tanımağı məqbul hesab etmirsə, o cümlədən, Ermənistanın bu yanaşmasına qarşı açıq mövqe ortaya qoyursa, deməli, Rusiyanın özü də Azərbaycanın ərazi bütövlüyünün tanınmasında maraqlı deyil. O baxımdan, Rusiya mövcud şəraitdə Ermənistanın nizamlama prosesindəki mövvqeyinə də əsaslı surətdə təsir göstərməyə çalışır.

Beləliklə, bir yandan daxili revanşist qüvvələrin, digər yandan da Rusiyanın basqısı Paşinyanı geri çəkilməyə məcbur edir. Əslində, Paşinyanın özü də Ermənistan üçün əlverişsiz şərtlərlə sülh sazişinin imzalanmasında maraqlı deyil. Bu vəziyyəti məşhur atalar sözü ilə belə ifadə etmək mümkündür: “Pişiyin könlü samanlığa idi, it də vurub ora saldı”.

A.Zeynalov

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv