!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda dua, Nizami adlı monqol – Əflatun Amaşov “Bir dəfə uzaqlarda”

!Reklam – Yazi

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.

Lent.az “Bir dəfə uzaqlarda” adlı rubrikada tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir.

Rubrikanın bugünkü qonağı Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.

– “Bir dəfə uzaqlarda” rubrkası adamı istər-istəməz xəyalən uzaqlara aparır. Gedirsən, səyahət edirsən, amma heç fikrinə də gətirmirsən ki, çox-çox incə məqamlardan nə zamansa danışacaqsan, təəssüratını bölüşəcəksən. Uzaqlarda bir həftə, on gün, bir ay, daha çox da ola bilərsən. Baxır missiyana. Amma elə qızıl nöqtələr var ki, bu həmin müddətin parıltısına çevrilir. Sonralar onun barəsində hey danışırsan, danışırsan…
Haradan başlayım. Ögey-doğmalıq etməyəcəm. Xatirələr heç vaxt sıralanmır. Hər birindən məqamı düşəndə danışmalısan. Keçək fövqəldövlətə – ABŞ-a.

***
– Elə bilməyin ki, orada gördüyümüz hər şey ecazkardır. Kimsə, nəsə səni təəccübləndirməyi bacarırsa, imkan tapıb sağolunu deməlisən. Məgər istədiyin bu deyilmi? Ovqatın düşündüyündən də yüksək “şkala”da ola. İndiyədək danışmadığım bir Amerika lövhəsini canlandırmağa çalışacam. Başlığı da belədir:

Amerikada bizə də “atdılar”

“Atmaq” ifadəsi mənə elə gəlir ki, Azərbaycanda sovet hökumətindən sonra dəbə düşüb. Retro vaxtlarda bunun üstündə adamın başına min oyun açardılar. İndi ifadə də adiləşib, əməl də.

“Günah”ımı etiraf edirəm və üstündən 23 il ötəndən sonra danışıram. Bizi – bir qrup Azərbaycan jurnalistini, ABŞ Dövlət Deparamentinin İVLP proqramına əsasən Amerikaya dəvət etmişdilər. 5 nəfər idik. Proqramı təşkilatçılar müəyyənləşdirmişdi. Çox sıx idi. Ona görə də səfər yoldaşlarım iki daşın arasında olsa da, imkan tapıb özlərini mağazalara verməyə çalışırdılar. Çikaqo şəhərində olanda haqqında eşitdiyim o zamanlar dünyanın ən hündür mərtələli binası sayılan Sirs Towerdən (indi Uillis Tower) ətrafı seyr etmək istəyi məni dinc buraxmırdı. Məsləhət idi ki, tək getməyim. Alış-veriş həsrətli yoldaşlarımı tovlamaq da asan olmayacaqdı. Binaya qalxmaq üçün pul xərcləmək lazım gələcəkdi. Onlar isə hər sentin hesabını aparırdılar. Bilsəydilər ki, bu onlara 17,99 dollara başa gələcək, yerlərindən heç traktorla da tərpətmək mümkün olmayacaqdı. Fikirləşib yolunu tapdım. Atalar deyiblər ki, yalançı tamahkarı aldadır. Dedim ki, uşaqlar, sahibi həmin binanı dünyaya tanıtmaq üçün mövsümi təbliğat kampaniyası aparır. Özü də maddi həvəsləndirmə yolu ilə. Biletin qiyməti 18 dollara yaxındır, yuxarıda yemək də verəcəklər, aşağı düşəndən sonra “sağ ol” deyib 25 dollar qaytaracaqlar. Nağd adama 7 dollar qabaqdayıq. Yad ölkədə bu pulu kim bizə verər. Nə isə, yola düzəldik. Bilet aldıq. 110 mərtəbəli binanın 103-cü mərtəbəsindən elə bildik bütün dünyanı seyr edirik. Verdikləri sandviçi həvəslə yedik, üstündən də adama 100 qram rus “Smirnov”unu vurduq. Kefi kök aşağı düşdük. Yoldaşlarım kassaya tərəf yönəldilər. Bayaq aldıqları biletləri şüşə kassa arxasında olan cüssəli qara qadına uzatdılar. O isə bir anlıq şaşırdı, gülümsəyib ingiliscə “qaytarmaq lazım deyil, zibil qutusuna atın, yadigar üçün özünüzdə saxlaya da bilərsiniz”.

Səfər yoldaşlarım ingilis dilində bilmədiklərindən, onun nə dediyini anlamadılar və pullarını da geri istəyə bilmədilər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov

***
Fatehlərimizin ruhlarından üzrxahlıq

– Dörd il əvvəl Dehliyə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısına dəvət olunmuşdum. 50-yə yaxın ölkənin təmsilçisi tədbirə qatılmışdı. Azərbaycanı mən təmsil edirdim. Açığını deyəcəyəm, Hindistan Avropadan, Amerukadan və digər qitələrin ölkələrindən fərqli olaraq elə bir tarixi məkandır ki, dörd divar arasında keçirdiyin saatlar mövzudan asılı olmayaraq adamı sanki buxovda saxlayır. Elə istəyirsən gəzəsən, əsrarəngiz yadigarlara dönə-dönə baxasan. Hər birinin mahiyyətindən xəbər tutasan.

Mən  ərəb əlifbası ilə həkk olunan yazılardan oxuyanda buralardakı tarixi binaların əksəriyyətini fateh babalarımız tikiblər, onlarla, türklüyümlə fəxarət duydum. Demə, bu əfsanəyə bənzər ölkəni abıra mindirən, ziyarət ünvanına çevirən elə onlar imiş. Tikməsəydilər, abadlaşdırmasaydılar, səliqə-sahmna salmasaydılar, indi turistlər, səyyhlar olsa-olsa təbiətə üz tutardılar, flora və fauna ilə maraqlanardılar. Bir Tac Mahal kifayətdir ki, hər tərəfdən ölkəyə turistlər axışa.

İndinin özündə də Hindistanın üzünü ağardan türk yadigardır. İnanmırsınızsa bir suala cavab axtarın: “İşğalçı ingilislər nələr tikiblər ki, gedib ona tamaşa edəsən?” Bu hisslərlə çox sarayları gəzdim, türbələrdə, ibadətgahlarda oldum, böyük mütəfəkkirlərin, sərkərdələrin ruhları qarşısında ehtiramımı dilə gətirdim. XV-ci əsrin böyük mütəfəkkirlərindən olan İsa Xan Niyazinin kimi Dehlidəki məzarı önündəki duamdan sonra iranlı həmkarımla maraqlı mükaliməmiz oldu. Bir gün əvvəldən bilirdi ki, mən ibadətlə məşğul olmuram. Təəccüblə soruşdu: “ağa, məzar önündə dua edəndə nə deyirdin?”

– Hindistanı fəth edən ulu babalarımın ruhlarından üzr istəyirdim. Onlar qılıncla fəth etdikləri bu yerləri abadlaşdırdılar, bizlər isə qoruya bilmədik. Günahkar kimi bunları onlara söyləyirdim…

Mətbuat Şurasının sədri Əflatun Amaşov

Mətbuat Şurasının sədri Əflatun Amaşov

***
İrəvanda dua 

– Üç il əvvəl İravanda da belə paradoks yaşadım. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İrəvandakı iclasında millət vəkili kimi iştirak edirdim. Vaxtilə Azərbaycana məxsus bu şəhəri sovet dönəmində az gəzməmişdim. Bu dəfə isə məni maraqlandıran tarixi rəmzlərimizdən sayılan Göy Məscidin durumu idi. Ermənilər gözə kül üfürmək, tolerant olduqlarını isbatlamaq üçün İrandan ustalar gətirib təmir etdirmişdilər. Amma yenə xislətlərini göstərmişdilər. Məscidin indiki üslubu əvvəlkindən xeyli fərqlənirdi. Hiss olunurdu ki, İranın dəsti-xətti var. Əsl tragikomik görüntü axundunun İran əsilli erməni olması idi. İstədim nəzir qutusuna pul atım. “Axund” niyyətimi bilib mənə dedi ki, buranın nəzir qutusu “mənim cibimdir”. Təbii ki, murdar əskiyə nəzir atmazlar.
Erməni mühafizəcilərdən xahiş etdim ki, dua edərkən şəklimi çəksinlər. Duamı hamı eşidirdi:

– İlahi, yaxşı bilirsən ki, buralar da bizim torpaqlarımızdı. Sənə üz tuturam. Səndən torpaqlarımızı istəmirəm, bizə sadəcə güc və iradə ver, özümüz onu azad edəcəyik…

“Axund”un da, mühafizəcilərin də diqqətləri məndə idi. Onların baxışlarının gizliliyində bir xəbislik gördüm. Görüntülərin silinməməsi üçün telefonu cəld mühafizəcidən aldım.

Mətbuat Şurasının sədri Əflatun Amaşov

***
Nizami adlı monqol 

Böyük Nizaminin tezliklə 880 illik yubileyini qeyd edəcəyik. Monqolustan Asiyada yeganə ölkələrdəndir ki, orada Nizaminin hər il ad günü qeyd olunur. 33 il əvvəlin söhbətidir. Azərinform tapşırıq vermişdi ki, Monqolustanda keçiriləcək Azərbaycan mədəiyyəti və incəsənəti ongünlüyünü mən işıqlandırım. Həmin müddətdə 10-a yaxın reportaj hazırladım. Bunlardan biri belə adlanırdı: “Монгол по имени Низами” (“Nizami adlı monqol”)

Məsələ belə olmuşdu. Ulan-Batorda fəaliyyət göstərən SSRİ-də təhsil almış monqol tələbələr klubuna getmişdim. Məqsədim həmin məzunların istehsalat taleyi idi. Məzunlardan biri biləndə ki, Bakıdan gəlmişən, görüşdən sonra mənə yaxınlaşdı. Adı Bokiin Lanu idi, Bakıda təhsil aldığını dedi və evinə dəvət etdi. Razılaşdım.

Evində həyat yoldaşını tanış edərək dedi ki, o da Bakıda oxuyub, orada evləniblər, tezliklə ilk övladları olacaq. İndidən ad fikirləşirlər. Hər ikisinə məsləhətlərimi verdim:

– Neçə ildir Azərbaycanda yaşamısınız, ora da sizin vətəniniz olub. Bir-birinizə sevginiz də orada yaranıb. Oğlan olsa dahi Azərbaycan mütəfəkkiri Nizaminin, qız dünyaya gələrsə misilsiz şairimiz Natəvanın adıni verə bilərsiniz.

Təklif hər ikisi üçün göydəndüşmə oldu. Axı nə qədər ad axtarmaq olarmış!? Dörd gündən sonra Azərinforma belə bir sərlövhəli informasiya yolladım: “Монгол по имени Низами”.

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv