“İrəvanın Kəlbəcərlə Laçını qaytarmaq fikri yoxdur” – Ekspert rəyi

İşğalçı dövlət olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan VI Ümumerməni “Ermənistan-Dispora” forumunda iştirakçıların suallarını cavablandırarkən, ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, – deyə bildirib.

Nalbandyanın bu açıqlama ilə nəyi nəzərdə tutduğunu Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, burada söhbət Dağlıq Qarabağdan kənar işğal olunmuş 5 rayonun qaytarılmasından gedir:

“Həmin 5 rayonun qaytarılmasını da ermənilər çox zaman 2+3 prinsipi şəklində nəzərdə tutublar. Yəni əvvəl 2 rayonu qaytarıb, Dağlıq Qarabağa status almaq istəyirdilər. Rusiya təkid etsə 5 rayonu qaytarıb, Dağlıq Qarabağa status almağı nəzərdə tuturlar. İstənilən halda, Nalbandyanın dediklərindən də belə anlaşılır ki, Kəlbəcərlə Laçın rayonlarını geri qaytarmaq fikirləri yoxdur.

Kəlbəcəri təbii sərvətlər və strateji əhəmiyyəti baxımından əldən vermək istəmirlər. İşğal olunmuş rayonlarımızın qaytarılacağını biz də bilirik. Diplomatik danışıqlar hazırda bu istiqamətdə gedir. Amma hər halda görünən odur ki, Ermənistan məsələdə konstruktiv mövqe tutmur. Sadəcə olaraq, belə məsələləri qabartmaqla ondan təbliğat vasitəsi kimi istifadə etməyə çalışırlar. Ona görə də Nalbandyanın dediklərinin özündə nəyi ehtiva etdiyi haqda birmənalı fikir söyləmək çətindir. 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağa tanınma statusu veriləcəksə, həmin 5 rayon məsələsi o qədər də əhəmiyyətli olmaya bilər. Amma hər halda 5 rayon məsələsi cazibədardır. Bu Azərbaycana həm nəfəs dərmək, həm də bütövlükdə işğal edilmiş ərazilərimizin bir hissəsinin qaytarılması üçün real əhəmiyyətə malik ola bilər”.

ELÇİN

COP29