“Ermənistan bu siyasəti ilə 30 illik “dalan iqtisadiyyatı”ndan çıxmaq üçün əla bir fürsəti əlindən qaçırır”.
Bu fikirləri Zəngəzur dəhlizinin açılmasını ləngidən Ermənistanın alacağı ağır iqtisadi zərbələri dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Paşinyanın son bəyanatları Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin yanlış olmasının etirafı kimi qiymətləndirilə bilər:
“İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycanla Ermənistan arasında bağlanacaq yekun sülh müqaviləsinin əsas bəndlərindən biri regional komunikasiya xətlərinin açılmasıdır. Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək quru yolun açılmasına dair üzərinə konkret öhdəlik götürüb.
Bu sadəcə, Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək yol deyil, həm də regional layihələrin iştirakçısı olmaq üçün Ermənistanın qazandığı şansdır. Lakin İrəvan bu şansdan yararlanmaq əvəzinə, özünü müxtəlif dövlətlərin maraq toruna salıb.
Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan regional dövlətlərdən biri və birincisi İrandır. İran Ermənistanı oyundan kənar qoymaqla, guya onun təhlükəsizliyinə “qarant” verərək öz mənafelərini qorumağa çalışdı. Azərbaycan isə Ermənistanın bu məsələni yubatmaq cəhdlərinə cavab olaraq alternativ yolun İrandan keçməsini təklif etdi.
İrandan keçəcək yolun Ermənistan ərazisindən keçəcək yoldan cəmi 8-10 kilometr fərqi var. Lakin sözdə kiçik görünsə də, o 8-10 kilometrlik fərq özündə böyük iqtisadi potensialı cəmləyir. Ermənistan bu siyasəti ilə 30 illik “dalan iqtisadiyyatı”ndan çıxmaq üçün əla bir fürsəti əlindən qaçırır.
İrəvan Zəngəzur dəhlizinin açılması, yaxud orada nəzarəti özünün təmin etməsi üçün Rusiya ilə qarşıdurmaya gedir. Yəni Ermənistan da Zəngəzur dəhlizinə Rusiya ilə birlikdə nəzarət etmək haqqı əldə etməyə çalışır. Bütün problem bundan ibarətdir. Rusiyanın sərhədlərini qoruduğu Ermənistanda hərbi bazasının olduğu da nəzərə alınmalıdır.
Belə bir şəraitdə Ermənistanın Rusiya ilə dil taparaq, dəhlizin açılmasını sürətləndirməsi onun iqtisadi təcriddən çıxmasını sürətləndirə bilər. Nəticədə Ermənistan büdcəsinə tranzit ödənişlərindən böyük pullar daxil olardı və iqtisadi böhrana son qoyulardı. Lakin Ermənistan çox böyük fürsəti əldən buraxmaq üzrədir.
Son günlər Paşinyanın “Mehri dəhlizi” haqda danışmasının da arxasında bu amil dayanır. O, başa düşüb ki, səhv edib, onu oyuna salıb, kənara çəkiliblər. Bununla da Ermənistanı zərbə altına qoydular. İrəvan bu məsələlərə daha praqmatik yanaşma ilə vəziyyətdən çıxa bilər. Bunun üçün Ermənistanın Azərbaycanla danışıqlara başlayaraq dəhlizin açılmasını tezləşdirməsi lazımdır”.
Səxavət Məmməd