!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildən ABŞ-yə “Türkiyəni dayandır” TƏKİDİ: “Regionda kürd faktorunun güclənməsi kimə sərfəlidir?” – ŞƏRH

!Reklam – Yazi

“Türkiyə ABŞ-nin göstərişi ilə oturub-dursaydı, nə Kiprə qoşun yeridərdi, nə indi terrorçuları məhv edərdi”.

Bu fikirləri İsrailin Suriyanın şimalında növbəti hərbi əməliyyata hazırlaşan Türkiyəni dayandırması üçün ABŞ ilə təmasları intensivləşdirməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə İsrailin cəhdlərinə baxmayaraq, regionda müstəqil kürd dövlətinin yaranmasına imkan verməyəcək:

“Türkiyə indi özündə güc taparaq onun təhlükəsizliyini təhdid edən PKK terrorunun kökünün kəsilməsi üçün istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə mümkün olan hər şeyi edir. İsrail isə bunun əksinə olaraq, öz maraqlarının qorunması üçün bölgədə kürd dövləti yaradılmasına çalışır. O baxımdan, regionda kürd faktorunun güclənməsi, müstəqil kürd dövlətinin yaranması kimə sərfəlidir? Aydın məsələdir ki, İsrailə.

Ancaq qeyd etmək lazımdır ki, müstəqil kürd dövlətinin bölgədəki dörd ölkənin – Türkiyə, Suriya, İraq və İranın əraziləri hesabına yaradılması nəzərdə tutulur. Yəni bu ölkələr kürd dövləti qurulsun deyə öz ərazilərinin bir hissəsindən imtina etməlidirlər. Onlar əlbəttə ki buna razı deyillər. Eyni zamanda, müstəqil dövlət qurulması heç kürdlərin də marağına uyğun deyil. Onlar həmin ölkələrdə bizneslə məşğuldurlar, milli geyimlərində gəzib-dolaşırlar, öz dillərində mahnı oxuyurlar və sair. Müstəqil dövlət iddiası onları çox şeydən məhrum edə bilər.

Türkiyə isə bütün bu gedişatı, açıq-gizli planları “oxuyur” və onlara qarşı mübarizə aparır. Ona görə də, indi ABŞ-nin İsrailin təkidi ilə Türkiyəni yeni əməliyyatdan çəkindirəcəyi inandırıcı deyil. Türkiyə ABŞ-nin göstərişi ilə oturub-dursaydı, nə 1974-cü ildə Kiprə qoşun yeridərdi, nə indi terrorçuları davamlı şəkildə məhv edərdi. Bu səbəbdən, Türkiyənin qətiyyətli addımları davam edəcək və Ankara regionda müstəqil kürd dövləti yaradılmasına imkan verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv