!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşsizlərə “QUCAQ AÇAN” RUSİYA: Azərbaycanlılar bu fürsəti necə dəyərləndirəcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Rusiya iş üçün nə qədər cəlbedici görünsə də, ölkədə olan iqtisadi vəziyyət heç də ürəkaçan vəziyyətdə deyil”.

Bunu son günlərdə Rusiyada sənaye müəssisələrində işçi çatışmazlığı nəticəsində yaranan boşluğa görə azərbaycanlıların bu ölkəyə daha çox axınına səbəb ola biləcəyi ehtimalını dəyərləndirərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Yenicag.az-a açıqlamasında deyib.

O, Rusiyadan geri dönən bir çox azərbaycanlılarla həmsöhbət olduğunu, hazırda həmin şəxslərin qeyd olunan ölkədə vəziyyətin necə nəticələnəcəyini gözlədiklərini bildirib:

“Bildiyimiz kimi, Rusiyaya qarşı Qərb ölkələri iqtisadi sanksiyalar tətbiq edib. Bu da bir çox sahələrdə, xüsusilə, müxtəlif tikinti sektorunda və digər iri infrastruktur layihələrində çoxsaylı insanların işsiz qalması ilə nəticələndi. Həmçinin bir çox sahələrdə təmsil olunan miqrantların sayında da ciddi şəkildə azalmalar müşahidə edildi. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu tendensiya daha çox özünü büruzə verməyə başladı. Nəticə etibarilə Rusiya iqtisadiyyatının, demək olar ki, bütün sahələrində tənəzzül, geriləmə halları baş verdi.

Rusiyada Azərbaycandan olan miqrantlar digər ölkələrdəkilərlə müqayisədə daha çox ticarət sahəsində təmsil olunurlar. Xüsusilə də kiçik biznes sahəsində fəaliyyət göstərənlər iqtisadi sanksiyaların təsirini elə də hiss etmədilər.

Azərbaycandan Rusiyaya gedən miqrantların orduya cəlb edilməsi o qədər də əsaslı fikir deyil. Çünki oradakı qanuna görə, orduya yalnız Rusiya Federasiyasının vətəndaşları cəlb edilir. Amma Özbəkistandan könüllülərin gedib Rusiya-Ukrayna müharibəsində iştirak etmələri ilə bağlı faktlar da var. Sonradan həmin şəxslər əsirlikdə dindirilərkən Rusiyaya tikinti sektorunda çalışmaq üçün gəldiklərini, lakin aldadılaraq hərbi əməliyyatlara cəlb edildiklərini bildiriblər. Yəni belə faktlar da var və mən bunu istisna etmirəm.

Rusiyada işçilərə ehtiyacın olduğu məsələyə gəldikdə, oradakı rəsmi şəxslər, ekspertlər bir ağızdan deyirlər ki, Rusiyanın əmək bazarının miqrantlara çox böyük ehtiyacı var. Miqrantların işə qəbulu üçün isə çox ciddi tələblər var. Məsələn, sağlamlıq arayışı, əmək patentinin alınması və s. Əmək miqrasiyasının düzgün idarə olunması baxımından Rusiya höküməti bu ciddi şərtləri tətbiq edir. İndi isə başa düşürlər ki, tətbiq olunan bu üsul heç də boş qalan iş yerlərinin miqrantların hesabına doldurulmasına səbəb olmur. Deməli, burada bir qədər yüngülləşdirmə işləri görülməlidir.

Rusiyanın son günlərdə daxilində gedən proseslər, hərbi çevriliş cəhdi və s. oraya getmək arzusunda olan insanları yenidən düşünməyə vadar edir. Xüsusilə də rublun çox sürətlə dəyər itirməsi, təbii ki, gəlirlərə ciddi şəkildə təsirini göstərir. Yəni Rusiya iş üçün nə qədər cəlbedici görünsə də, ölkədə olan iqtisadi vəziyyət heç də ürəkaçan vəziyyətdə deyil.

Son bir neçə ay ərzində Rusiyadan qayıdan bir çox azərbaycanlıların fikirlərini öyrənmişəm. Onlar hazırda Rusiyadakı vəziyyətin necə nəticələnəcəyini gözləyirlər. Onlar Rusiyada yenidən vəziyyətin yaxşı olacağı təqdirdə geri dönəcəklərini bildirirlər”.

Sadiq Cavadov

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv