İstanbulda Xocalıya Ədalət Həftəsi keçiriləcək

Xocalını anma tədbirlərinə Azərbaycan, Türkiyə, Makedoniya, Şimali Kipr Türk Respublikasından rəsmilər qatılacaq

“İslahatçı Gənclər” İctimai Birliyi Türkiyənin İstanbul şəhərində 20-26 fevral tarixlərində Xocalı soyqrımının 26-cı ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” həftəsi keçirəcək. Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı qeyd edib ki, artıq altıncı ildir ki, “İslahatçı Gənclər” Türkiyə ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək üçün silsilə tədbirlər həyata keçirir: “Bu həftəlik çərçivəsində üç universitetdə konfrans və İstanbulun tanınmış bələdiyyələrindən birində sərgi keçiriləcək. Bu tədbirlərdə “İslahatçı Gənclər” İB-nin dəvəti ilə Azərbaycan, Türkiyə, Makedoniya, Şimali Kipr Türk Respublikasından millət vəkilləri, rəsmi şəxslər, QHT və media rəhbərləri, elm xadimləri iştirak edəcək. Bununla yanaşı, Türkiyə mediasının diqqətini Xocalı soyqrımı və onun acı nəticələrinə daha çox yönəltmək KİV-lərdə çoxsaylı çıxışlar nəzərdə tutulub.

Eyni zamanda təşkil ediləcək tədbirlərdə Xocalı dəhşətini musiqinin, sənətin dili ilə təqdim etmək üçün Əməkdar artist Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyası xüsusi kompazisiya təqdim edəcək. Biz Türkiyədəki tərəfdaşlarımızla birgə qardaş ölkə ictimaiyyətinin diqqətini bir insanlıq cinayəti olan Xocalı soyqrımı və Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına yönəltmək üçün əlimizdən gələni edəcəyik”.

Fərid Şahbazlı eyni zamanda qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər 22 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb: “Biz də artıq altıncı ildir ki, Leyla xanım Əliyevanın çağırışına qoşularaq, qardaş ölkə ictimaiyyətinin diqqətini Xocalı soyqrımının, erməni işğalının dəhşətli nəticələrinə yönəltmək üçün əlimizdən gələni etməyə çalışırıq”.