!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtalyan mafiozlar döyər, yoxsa Operativ Qərargahın TƏBİBİ? - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 17-ci buraxılışı ilə görüşünüzə gəlib.

İtalyan mafiyası ilə Azərbaycan məmurlarının koronavirusdan necə ortaq istifadəsi, Operativ Qərargahın həm suçlu, həm də güclü olması, Nəcməddin Sadıkovun Dubayda dincəlməsindən Qaxdakı ərəblərə qarşı Xürrəmi Hərəkatı başladanların Dağlıq Qarabağdakı təhlükəni görməməsinə dair həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Video:

Buraxılışın mətni:

Mart çıxanda dərd də çıxacaq?

Bəli, mart çıxır, ancaq dərd də çıxacaqmı? Nə qədər ki, iplər Operativ Qərargah adlı heç “Facebook” səhifəsini belə aylarla yeniləməyənlərin əlindədir, çətin çıxa… Bizlər ərəblərin sayəsində Azərbaycanın fauna və florasından xəbərdar olarkən, Papa Fransisk mafiyanın koronavirusdan sui-istifadə edərək milyonlar qazandığını açıqlayıb…

*
Papanın mafiozları döyər yoxsa bizim məmurlarımız?

Bəli, hay-küyü, ajiotajı özündən dəfələrlə böyük olan koronavirus ilə bağlı Papa Fransisk belə dilə gəlib. Son çıxışında açıq tekstlə mafiyanın dünyanın müxtəlif bölgələrində pandemiyadan istifadə edərək zənginləşdiklərini deyib. Halbuki bizim məmurların koronavirusdan necə pul qırdıqlarını bilsə, Papa məzhəbi-İsanı buraxıb, Kosa Nostranın ətəyində namaz belə qılar.

Papa xəbərsizdir ki, koronavirusu ticarət obyektinə çevirən azərbaycanlı məmur 2020-ci ilə qədər bir-iki klinika sahibi idisə, ilk beş-altı ayın içində ondan çox REFERANSlı klinikası olan oliqarxa çevrilib.

Bu yetməyib, QHT-nin məsul katibinə də, “Bu işdə İNCİ var”, – deyib onunla birlikdə son illərin ən bərkgedən biznesi olan COVİD testini monopoliyaya alıb. Məsələn, xaricə uçmaq istəyənlər üç klinikaya üz tuturlarsa, onun ikisi bu ikilinindir, digərinin nəticələrini də yenə bunların laboratoriyası analiz edir. Papa, indi de görüm, sizin mafİozlar döyər, yoxsa bizim məmurlar?..

*
Professorlu troll dəstəsi saxlayanlar…

Fəqət bu pandemiya oyunu uzandıqca insanların səbri də tükənir. Və bu arada, TƏBİB və Operativ Qərargahın rəhbərliyini də troll dəstəsi saxlayan məmurlar sırasına daxil olduqları üçün təbrik edirəm.

Absurd qərarı ilə on gün ictimai nəqliyyatın fəaliyyətini dayandırıb, tibb bacısından ofisiantına, satıcısından fəhləsinə – hər kəsin dövlət məmuru kimi evdə qalacağını zənn edib yüz minlərlə aztəminatlı ailələrə zülm edən Operativ Qərargahla başbiləni TƏBİB problemdən çıxış yolunu troll dəstəsi saxlamaqda görür. Hətta bununla da yetinməyib, “aylıq” verdikləri media vasitəsilə, “Avropa ölkələrində COVİD-in 3-cü dalğası gəldi, yoluxanların günlük sayı milyonu keçdi” kimi başlıqlarla psixoloji əməliyyatlara imza atırlar. Bu yetməyəndə, cəmiyyətə özünü “bakirə Məryəm” kimi sırıyan “müxalif” professorları önə çıxararaq, ictimaiyyəti sərtləşdirilmiş karantinə hazır vəziyyətə gətirməyə çalışırlar. Sonra isə sanki metronu açmayıb, əhalini avtobuslarda virusa yoluxduran, qapalı məkanda maskasız oturmağa səs çıxarmayıb, təmiz havadaykən insanların ağzını zorla maskaladan bunlar deyilmiş kimi, xalqı qarşılarına qoyub, danlayırlar.

*
Təhlükəsiz mövzular…

Sonda qeyd edim ki, əslində, bayram da olsa, gündəmimiz təkcə Operativ Qəragahın hər keçən gün bir az daha qaldırmasından ibarət olmadı. Kimsənin inanmadığı statistikanı deyirəm. Gündəmə Nəcməddin Sadikovun videosu bomba kimi düşdü. Əlbəttə, istirahət hər kəsin haqqıdır. Ancaq haqqında N qədər sual varkən müəllimin “Dubayskiy” videoları həm də dövlətə meydan oxuma kimi anlaşıldı. Tam hər kəs buna köklənməyə hazırlaşırkən, bizim flora və fauna aşiqi olduğumuz ortaya çıxdı. Ərəblərə qarşı yeni Xürrəmi Hərəkatı başladaraq, bütün vacib məsələləri unutduq. Ovçuluqla bağlı nazirlik də ərəblər gedərkən sökməyə ərindikləri çadırları sökdükləri ilə öyündü, yanında nə işə yaradığı bəlli olmayan şura da neçə gündən bəri nazirliyi söyənlərə təşəkkür etdi ki, siz olmasaydınız, biz olmazdıq-filan… Və bu kitabı da belə bağladıq, unutduq, getdi.

Çünki unutmaq işimizə gəlir. Gözümüzün önündəki hoqqaya səsini çıxartmaq yerinə irreal bir hədəfə köklənmək daha təhlükəsizdir. Yəni Qarabağda günü-gündən erməni təhlükəsinin yerini alan rus təhlükəsinə toxunmaqdansa, elə ərəbi söymək daha sərfəlidir. Ancaq unuduruq ki, nəyi unutsaq, onu mütləq təkrar yaşayacağıq. Demədi deməyin…

www.yenicag.az

917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv