Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb – Fotolar

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlayıb.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Füzuli rayonunun Əhmədbəyli kəndində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qabil Əliyev qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Q.Əsədov deyib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün dövlət qurumları ilə yanaşı, həm də QHT-lər səyləri artırmalıdırlar.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə layihənin məqsədi barədə geniş məlumat verib. JAM sədri bildirib ki, işçi qrupun qarşısında dayanan əsas vəzifə cəbhəyanı bölgələrdə yaşayan yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək, erməni vandalizmini ifşa etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli döyüş yoluna işıq salmaqdır. S.Verdizadə deyib ki, hər bir Azərbaycan gəncinin öz soy-kökü, keçmişi ilə fəxr etməyə haqqı çatır.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycan xalqının qəhrəmanlıq ənənələri üzərində formalaşdığını vurğulayıb. TUMİB sədri deyib ki, yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənməklə keçmişlə gələcəyin vəhdətini yarada bilərlər.

Füzuli rayon Əhmədbəyli kənd musiqi təmayüllü gimnaziyanın direktoru Nazimə Şamıyeva gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb. Direktor bildirib ki, rəhbərlik etdiyi pedaqoji kollektiv şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir.

Sonda bir qrup tədbir iştirakçısı Füzuli rayonunun Şam Mahmudlu kəndinə gedərək, Aprel şəhidi, mayor Elnur Əliyevin məzarını ziyarət edib.

COP29