!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistlər üçün güzəştli ipoteka LABİRİNTİ: “İmkansız ailələr üçün hətta faizsiz kredit belə...” - ŞƏRH

!Reklam – Yazi

“İpoteka krediti nə qədər güzəştli şərtlə verilsə də, o məbləğ alınacaq mənzilin, yaxud da evin dəyərinin yalnız bir hissəsi həcmində olur”.

Bu fikirləri prezidnet İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmana uyğun olaraq, jurnalistlərə yaradılan güzəştli ipotekadan istifadə imkanının praktikliyini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.

İqtisadçının sözlərinə görə, sözügedən güzəşt özlüyündə müsbət addım hesab olunsa da, ondan praktik istifadə məsələsi müəyyən suallar doğurur:

“Etiraf etmək lazımdır ki, jurnalistlərin güzəştli ipoteka krediti ala biləcək sosial kateqoriyaya aid edilməsi müsbət addımdır. Yəni bu o deməkdir ki, jurnalistlər də müəyyən sosial kateqoriyalara aid olan vətəndaşlar kimi güzəştli şərtlərlə illik dörd faiz həddində ipoteka krediti ala biləcəklər.

Açıq deyilməlidir ki, bu faizi ifadə edən rəqəm kifayət qədər aşağıdır, hətta simvolikdir. Nəzərə alaq ki, hazırda Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi yeddi faizdən çoxdur. Başqa sözlə, kommersiya banklarının Mərkəzi Bankdan götürdükləri kreditlərin faizi güzəştli ipoteka faizindən az qala iki dəfə artıqdır.

Lakin burada bir mühüm nüansa diqqət yetirilməlidir. Gəlin baxaq, aztəminatlı ailələr hətta illik dörd faiz həddində güzəştli ipoteka kreditindən yararlanmaq imkanındadırmı? Təəssüf ki, yox. Güzəştli ipotekanın faizsiz verilməsi belə onlar üçün əlçatan deyil. Çünki onların gəlirləri yalnız gündəlik xərclərini qarşılamağa ancaq yetir.

Digər tərəfdən, ipoteka krediti nə qədər güzəştli şərtlə verilsə də, o məbləğ alınacaq mənzilin, yaxud da evin dəyərinin yalnız bir hissəsi həcmində olur. Yəni jurnalist və ya başqa bir sahədə çalışan vətəndaş güzəştli ipoteka krediti götürsə belə, pulun bir qismini özü ödəməlidir. Bu da əksəriyyətin imkanı xaricindədir.

Hesab edirəm ki, burada əsas məsələlərdən biri İpoteka Fondunun öz fəaliyyətində, kreditlərin verilməsində şəffaflığı təmin etməkdir. Güzəştli ipoteka krediti götürən jurnalistlərin, yaxud da digərlərinin siyahısı, kreditin məbləği, alan şəxsin aylıq gəliri, başqa yerdə evinin olub-olmaması, alınan evdə məskunlaşma varmı-yoxmu və başqa məlumatlar orada yerləşdirilməlidir.

Misal üçün məndə şübhə var ki, İpoteka Fondunun verdiyi kreditlərin bir qismi saxtadır. Yəni ellə hallar olur ki, bir şəxs öz qohumunun evini guya almaq üçün ipoteka krediti götürür, ancaq o pulu başqa məqsədə sərf edir. Şəffaflıq olmadığı üçün bu gün belə hallara nəzarət etmək mümkün deyil. Şəffaflıq yoxdursa, deməli, narazılıq hər zaman olacaq”.

A.Zeynalov

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv