Məscid, çay evi, passaj və bulvar dumanlı kimi yadıma gəlir. Ağdamda olanda oralar yaddaşımda necə qalıbsa, o cürə dumanlıdır, dalğalıdır. Epizod-epizod yaddaşımda qalıb, elə yerdə qalanlar da epizodlardır. Ha yaddaşımı qurdalayıram, başqa şey yadıma düşmür. Eləcə məscid, çay evi, passajın qalıqları, “İmarət”. “İmarət”də 4 yaşımda olmuşam. Atamın çiynində, “Qarabağ” harasa ilə oynayırdı, bir az qışqır-bağır, bir-iki epizod, bu qədər.
Kəndimizə tərəf yol alırıq. Novruzludayıq, məktəbin yanı. Hə, bax buranı dəqiq xatırlayıram. Qohumumuz Azad müharibəyə qatılmışdı. Yadıma gəlir, hər dəfə kəndə silahı ilə gələrdi. Çiynindən RPK-nın qatarı asılardı. Açığı ona çox yaraşardı. İki dəfə Səməd Hətəmovgilin evlərinin aşağısında, zibilxana tərəfdə uzanıb, barmağımı tətiyə basmışdım. Təbii ki, Azad barmağımın üstündən basdıqdan sonra güllə açılmışdı.
Yalçın adlı uşaq vardı. Nənəmgillə qonşu idilər. Məndən 4-5 yaş böyük idi. Bir dəfə dedi ki, gedək əsgərlərin yanına. Mən də düşdüm onun yanına, o yolun yarısından qayıtdı, ancaq mən sona qədər getdim. Yaddaşım əla idi. Bilirdim ki, düz yolla getsəm, Novruzlu məktəbinin yanına çatacam. Çatdım da. Məktəbin həyətində çoxlu əsgər var idi. Orada Azadı gördüm. Qışqırdım, Azad, ay Azad. Azad məni gördü, qışqırdı: “sən nə gəzirsən əə burada? Kimlə gəlmisən?” Dedim ki, “avtomat atmağa gəlmişəm, Yalçınla gəlirdim, yoldan qayıtdı”. Harasa gedirdilər, tək gəlməyimə görə dəli oldu. Həmin vaxt kənddə məni axtarışa vermişdilər ki, bəs Səxavət yoxa çıxıb. Valideynlərimin ağlına hər şey gəlib. Azad kimisə mənə qoşub dedi ki, “bu uşağı kəndə apar”. Avtomat atmağa da qoymadı. Buna görə itə dönmüşdüm. Yolla gedirdik. Yolun yarısında dayım qarşıma çıxdı. Sonuncu dəfə Yalçınla görüldüyüm üçün ondan soruşublar, o da deyib ki, Novruzlu kəndinə gedib.
Dayım məni həmin adamdan təhvil aldı. Sonra öz evlərinə qədər arada şapalaqlayaraq, yolboyu danlaya-danlaya apardı.
Bir neçə gün sonra Azad itkin düşdü. Hələ də nə ölüsü, nə də dirisi bilinir…
Kəndə çatırıq. Kəndin girəcəyində, sol tərəfdə poçt binası, ondan irəlidə isə təzə məktəb tikilirdi, yarımçıq qalmışdı. Deyirdilər, sən məktəbə gedəndə orada oxuyacaqsan. Ancaq bina tikilmədi və mən köhnə məktəbə getdim. Hər gün nənəmgilə gedəndə o binaya mütləq baş çəkirdim. Hətta yadıma gəlir, orada dayımın bir dostu siqaret verdi ki, ala çək, dayın görsə, qoymaram nəsə desin. Ürəklənib siqareti götürdüm, bu məqamda dayım gəldi və bir qapaz…
Mikayıl adlı hündür kişi vardı, ayaması Uzun idi. Nənəmin dayısı idi. Poçtda işləyirdi. Hər məni orada görəndə boynuna alardı. Başımı sığallayardı, sonra da “yolun qırağı ilə qaç nənəngilə” deyərdi. Qaçanda da arxadan gülərək “kopolu”nu əskik etməzdi.
Nənəmgilin məhləsində hamı məni pis uşaq kimi tanıyırdı. Məhləyə girməklə səs-küy başlayırdı. Hətta küsüb nənəmgilə getməyəndə qonşular soruşarmış ki, Səxavət xəstələnib?
Öz evimizə gedirəm, məhləmiz qapalı idi. Sonuncu ev də bizimki. Bütün qonşularımız gözümün önündə canlanır. Həyətimiz. Şaftalı ağacı, həmin ağacın üstündən 2 dəfə yıxılmışdım. Fındıqlıq, bacımla mənim hərəyə bir fındıq ağacımız vardı, hərə öz fındığını yığardı. Arada bir-birimizin fındığına əl atırdıq və dava başlayırdı. Qəşəng dalaşırdıq. Sonrasında da o qız uşağıdı, balacadı deyib, mənim qulağımı çəkirdilər…
Tut ağacı, onun üstünə çıxıb qonşunun itin daşlayıb, hürdürürdüm. Onlar da bezmişdi əlimdən.
Məktəbə tərəf gedirəm. Dərs açılan günü və ondan sonrakı iki gün getmişdim. Yaşca sinifdə ən balaca idim. Hərfləri öncədən öyrənmişdim deyə, məktəbə tez qoymuşdular. Hərflər keçilməyə başlayanda məktəbə getməməyə başladım. Qaçırdım. Dərs adı ilə evdən çıxıb nənəmgilə gedirdim. Axırda sinif müəllimim məni nənəmgildə yaxalamışdı. Tutub məktəbə aparmışdılar. Məktəbdən hər çıxanda dalaşırdıq. Öz məhləmizdə uşaq olmadığı üçün nənəmgilin məhləsinin uşaqları ilə yoldaşlıq edirdim. Sinif otağının arxa pencərəsini qırmışdım. Ona görə direktor məni danlamışdı. Hələ birinci sinifdə…
Səfəri öz istədiyim kimi təşkil ediblər.
Həmişəki kimi məktəbdən çıxıb, nənəmgilə gəlirəm. Darvazadan girən kimi çantanı tullayıb, mənim “süddoğramam hazırdı?” deyə qaçıram. Evə girdikdən sonra nənəm çantamı, pencəyimi, ardımca tökdüklərimi yerdən götürüb çırpır, “ay bala, bunu evdə ata bilmirsən?” deyirdi.
Yedikdən sonra çıxırdım meydana. Həyətdən enli, dərin arx keçirdi. Kiçik çay kimi. Yağışlar yağanda isə əsl çayı xatırladırdı. Arxın yanında qoz ağacları vardı. Qoz ağacından yelləncək düzəltmişdilər. Xalalarım, məhlənin qızları və bacım orada növbə ilə yellənirdi. Mən də yellənmək istədiyimi deyirəm, qovurlar. Qoz ağacına çıxıram və bıçaqla kəndiri kəsməyə başlayıram. Görüb daş atırlar, hələ elə həyacanlanmamışdım. Oradan yerə dəyən adamın salamat sümüyü qalmazdı. İndi o qoz ağacına və arxa baxıb gülümsəyirəm.
Çox əla səfər idi, nostalji dolu.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri barədə razılıq əldə olunub.
Nə? Gedib oraları görüb, bunları yazacam? Keçmişlə indiki durumu müqayisə edəcəm? Nə də?
Hələ mən uşaq olmuşam – 5-6 yaşlı uşaq, yazını yazdığım müddətdə yadıma bunlar düşdü, əslində yaxşı şeyləri yadıma salmağa çalışdım. Gör ağlının kəsən yaşında bu yerləri görənlərin gözləri önündə nələr canlanacaq?
Fotolar müəllifin özünə məxsusdur, beynindədir…
Səxavət Məmməd