“Kaspersky Lab”ın məlumatına* əsasən, 2018-ci ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokal təhdidlərlə, yəni, sərt disk və USB-fleşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qarşılaşıblar. Kibertəhdidin potensial qurbanlarının əksəriyyətini internetdə də gözləyirdilər: yanvardan sentyabradək Azərbaycanda istifadəçilərin 44%-i şəbəkədə müxtəlif zərərli proqramlarla rastlaşıb. Korporativ istifadəçilər arasında isə bu göstərici 17% təşkil edib.
İstifadəçilər tez-tez (hadisələrin 42%-də) “trojan clicker”lər adlanan zərərverici proqramlarla qarşılaşıblar, hansılar ki, istifadəçilərin xəbəri olmadan artırılmış trafiki generasiya etmək məqsədilə bəzi veb-səhifələri “klikləyirlər”. Bundan başqa, təxminən hər beşinci Azərbaycan istifadəçisinin qurğusunda kriptovalyutaların mayninqi üçün proqram təminatının quraşdırılması cəhdi qeydə alınıb. Buna bənzər təhdidlər birbaşa olaraq maliyyə zərərinə gətirib çıxarmır, lakin yoluxmuş qurğunun məhsuldarlığını və sürətini əhəmiyyətli dərəcədə aşağı salır.
Ümumiyyətlə, “Kaspersky Lab” texnologiyalarının ən çox qeydə aldığı veb-təhdidlərin sayına görə ölkələr siyahısında Azərbaycan 7-ci yeri tutur.
“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizliyə lazımi diqqət yetirilmirsə. Fikrimizcə, gələn il mobil qurğulara hücumların sayında artım gözlənilir. Bundan başqa, kriptovalyutalar və maliyyə sistemləri böyük ehtimalla kibercinayətkarların yeni hədəflərinə çevriləcək. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və bu münaqişələrin qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, – deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kibertəhdidlərdən müdafiə olmaq üçün “Kaspersky Lab” bir neçə qaydaya riayət etməyi tövsiyə edir:
məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərə daxil olmayın;
əməliyyat sistemi və əlavələr üçün yeniləmələri müntəzəm olaraq quraşdırın;
yalnız rəsmi mağazalardan olan əlavələri quraşdırın;
bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə edin;
qurğunuzda olan vacib məlumatları müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə kopiyalayın;
əlavələrə onlara lazım olmayan funksiyalara daxil olmağa imkan verməyin;
etibarlı müdafiə həlli quraşdırın, o cümlədən mobil qurğulara.
*Məlumatlar 2018-ci ilin yanvar-sentyabr aylarında “Kaspersky Lab” şirkətinin Azərbaycanda həllərinin işə düşməsinin anonim statistikasına əsaslanır.