“Kənardan idarə olunan adamlar…” – Mübariz Mənsimov barmaq silkələdi

Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov qardaş ölkə mətbuatına maraqlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, o, Azərbaycanda qurduğu işlərdən gəlir götürməyi heç vaxt qarşısına məqsəd qoymadığını bildirib: “Azərbaycandakı yatırımlarımdan heç bir zaman xeyir götürməmişəm. Mən Azərbaycanın mərhum lideri Heydər Əliyevin əsgəriyəm. Məni Rusiyaya əsgər olaraq göndərən Heydər Əliyev olub. İndiki iş dünyamdakı uğurların bir çoxunu da ona borcluyam. Bu gün Azərbaycanın dünya arenasında bu qədər söz sahibi olmasına səbəbkarlar Heydər Əliyev, onun hazırkı davamçısı prezident İlham Əliyevdir.

Azərbaycanda Palmalife Otel, Pal Süt kimi yatırımlarımız var. Bu fabriklərdə minlərcə insan çörək pulu qazanır. Azərbaycanda son iki ildə gerçəkləşən devalvasiyalarda məhsuallarımızın heç birinə qiymət artımı tətbiq etmədim. Əksinə, İstanbuldan Bakıdakı fabrikə 1 milyon dollara yaxın öz cibimdən pul göndərirəm. Fabrik ziyan etsə də, orada çalışanlar və onların ailələrinin duası bizim üçün bəsdir. Mən bir iş adamı olaraq milli, mənəvi dəyərləri üstün turuam. Ora mənim məmləkətimdir. Oranın insanına nə qədər faydam toxunsa, bir o qədər sevinərəm. Ötənlərdə xalqımıza olan məhəbbətimizi qısqananlar oldu. Amma xalq onlara vaxtında lazım olan cavabı verdi. Guya biz oradakı işçilərimizin maaşlarını gecikdirmişik. Araşdırdıq və məlum oldu ki, həmin insanların heç biri bizdə çalışmır. Hamısı kənardan idarə olunan adamlar idi. Belə şeylər xalqla bizim aramıza girə bilməz”.

Mənsimov şirkətinin hər ötən il daha da böyüdüyünü bəyan edib: “Bizim əsas işimiz gəmiçilikdir. Heç bir zaman gəmiçiliyə etdiyimiz yatırımların artığını digər sektorlara etmərik. Mən gəmiçiyəm. Sadəcə, turizm sektorunda bir az yavaşlamışıq. Amma digər sektorlarda bundan söhbət belə gedə bilməz. Yeni gəmiler sifariş edirik. Bu gəmilər yaxın zamanda Türkiyədə də istehsal olunacaq. Bunun üçün Rusiyanın qabaqcıl “Yug Russi” şirkəti ilə 10 illik müqavilə imzaladıq”.