!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənd təsərrüfatına dair ŞÜBHƏLİ STATİSTİKA: “Əgər bu sahəyə 6 milyard kub metr su verilibsə...”

!Reklam – Yazi

“Təbiətdən qarşılıqsız bəhrələndiyimiz üçün sudan istifadədə məsuliyyətsiz davranırıq”

Bu fikirləri ölkədə cari ilin 9 ayı ərzində əkin sahələrinə verilən suyun həcminə dair açıqlanan rəsmi statistikanı dəyərləndirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünya təcrübəsindən yararlanaraq, suvarma məqsədilə iri süni göllər inşa etmək və oradan birbaşa təsərrüfatlara suyun ötürülməsini təmin etmək optimal variantlardan biridir:

“Son zamanlar biz dövlət qurumlarını tənqid edirdik ki, mənbədən daha çox su götürülməkdədir. Hazırda bu tənqidləri nəzərə alaraq rəqəmləri azaldıblar. Əvvəllər itkiyə gedən suyun miqdarı 4 milyard kub metrə yaxın idi, indi isə bu rəqəmi 2 milyarda endiriblər. Bütün bunların hamısı kağız üzərindədir.

Əgər kənd təsərrüfatına, həqiqətən də, 6 milyard kub metr su verilsəydi, bu bizim tələbatı iki dəfə üstələmiş olardı. Gəlin, itkiyə gedən suyun həcminin 2 milyard kub metr olduğunu nəzərə alaraq, İsraillə müqayisə aparaq. Bu ölkə 1,1 milyard kub metr su ilə əhalisinin ərzaq məhsullarına olan tələbatını 95 faiz ödəyir. Son zamanlar biz dövlət qurumlarını tənqid edirdik ki, mənbədən daha çox su itkiyə gedir.

Yəni burada söhbət adambaşına düşən illik ərzaq normasından gedir. Bu normanı hesablayanda, bizim normanın yarısı qədər məhsul istehsal etdiyimiz ortaya çıxır. İsraildə suyun dəyərini anladıqları üçün su itkisinin qarşısını ciddi şəkildə alırlar.

Burada belə bir sual ortaya çıxır: son illərdə deyilən istiqamətdə hansı işlər görülüb? Hər il yay mövsümündə fermerlərimiz su çatışmazlığından şikayətlənirlər. Müəyyən rayonlarda suvarmaya olan tələbatı dayanıqlı şəkildə ödəmək istiqamətində hansı addımlar atılıb? Təəssüf ki, hesabatlarda bu barədə heç nə yoxdur.

Bunu da qeyd etmək lazımdır ki, məsələyə dair Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən işlər var. Əgər bu sahəyə doğrudan da 6 milyard kub metr su verilibsə, nazirlik itkinin qarşısını almaq üçün hansı tədbirləri görüb? Bu rəqəmin yarısı qədər su ərzaq tələbatımızın hamısını ödəməyə imkan verir. Ötürülən suyun həcmində nə qədər itki olduğu da sual altındadır.

Təbiətdən qarşılıqsız bəhrələndiyimiz üçün sudan istifadədə məsuliyyətsiz davranırıq. Nəzərə almalıyıq ki, artıq əvvəlki həcmdə su ehtiyatı yığa bilmirik və çaylarda da su bolluğu kifayət qədər deyil. 10 il öncə təklif etmişdim ki, iri süni göllər yaradılsın və həmin göllərdən borular vastəsi ilə birbaşa təsərrüfatlara su ötürülsün. Sayğac qoyulduqdan sonra fermer sudan davamlı istifadə edə bilər. Bu təcrübə yeni deyil, dünyada da bundan yararlanırlar. Ancaq təəssüf ki, bu sahədə irəliləyiş yoxdur”.

Yusif Səmədzadə

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv