!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəskinləşən savaş ritorikası və üfüqdə görünən YENİ MÜHARİBƏ - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Ritorika yenə dəyişib, sülh mesajları yerini müharibə anonsları ilə əvəzləyib. Ermənistanın daimi siyasəti onu deməyə əsas verirdi ki, onlar sülh müqaviləsini imzalamaqdan maksimumu yayınmağa çalışacaqlar. Təəccüblü deyil, çünki onların bacaracağı iş kaptuliyasiya aktına imza atmaqdır. Azərbaycanda bir çoxları erməni tərəfini “uduzublar, niyə şərt irəli sürürlər?” kimi suallarla ittiham edirlər. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibə, ondan sonra baş verən döyüşlər və ən sonda antiterror əməliyyatı Azərbaycan ərazisində olub. Yəni Ermənistan tərəfi öz ərazisində baş verməyən əməliyyata görə özünü nəyəsə borclu saymır. Konkret desək, Ermənistanı sülhə razı salmaq üçün ya yeni əməliyyata ehtiyac duyulacaq, ya da bu müzakirə illərlə davam edəcək.

Qərbin, ABŞ-ın analitik mərkəzləri Ermənistanla Azərbaycan arasında yeni müharibənın qaçılmazlığını proqnozlaşdırırlar. Əslində, bunun işartıları da görünür. Sülh danışıqları dayandırılıb, tərəflərin şərtləri isə ağırdır. Azərbaycan Ermənistan Konstitutsiyasının dəyişdirilməsini tələb edir. Elə Ermənistan da Azərbaycandan bunu tələb edir. Ermənistan konstitutsiyasında açıq şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası yer alır. Türkiyə kifayət qədər güclü ölkədir, hesab edirəm ki, Ankara özü bu məsələni yoluna qoymalıdır.

Gələk Azərbaycana. Ermənistanın Azərbaycan Konstitutsiyasının dəyişdirilməsi tələbi ilə bağlı ağlımıza ilk gələn şey Müstəqillik Bəyannaməsidir. Azərbaycan həmin Bəyannamə ilə Xalq Cümhuriyyətinin (1918-20) varisi olduğunu elan edib. Bu o anlama gəlir ki, Azərbaycan Cümhuriyyətin bütün mirasının, ocümlədən də ərazisinin varisidir. Artıq bəzi dairələr bu məsələni gündəmə gətirir və fikrimcə, Azərbaycan üçün təhlükə də burdan qaynaqlana bilər. Bu məsələnin hətta referenduma çıxarılmalı olduğunu düşünən şəxslər də var.

Cümhuriyyətin məcbur qalıb güzəştə getdiyi əraziləri referenduma çıxarıb rəsmiləşdirmək anadolulular demiş, “öz topuğuna sıxmaq” kimi bir şeydir. Hesab edirəm ki, son dövrlər genişlənən Konstitutsiya müzakirəsinin altında yatan əsas amillərdən biri də budur.

Qayıdaq mövzumuza. Fransa rəsmi olaraq bəyan etdi ki, Ermənistana Azərbaycandan təhdid var və onu müdafiə etməlidirlər. Ermənistanı müdafiə etmək üçün Fransa əlindən gələni edir, bu çərçivədə ona yeni silahlar satır. Bundan əlavə, yaxın gələcəkdə Fransa hərbçilərinin Ermənistanda peyda olacağı da gözlənilir. Fransanın niyyəti Ermənistanı müdafiə etməkdən daha çox region uğrunda apardığı mübarizədə üstünlük qazanmaqdır. Baxın, Fransa ərazisi kiçik olan Ermənistana GM-200 radiolokasiya sistemləri verib. Radiusu 250 kilometr olan həmin sistemlər Fransaya nəinki Azərbaycan, eləcə Türkiyə, İran və Rusiya təyyarələrini fasiləsiz izləməyə imkan verəcək.

İran yad qüvvələrin regiona gəlməsinə qarşı olduğunu nə qədər bildirsə də, Fransa heç vaxt İrana yad olmayıb, indi də deyil. Məlum Gülüstan və Türkmənçay müqavilələri imzalanan dönəmdə zamanı Rusiya və İngiltərə İran və Fransaya qarşı mübarizə aparırdı. Fransanın ilk hədəfi Azərbaycan yox, Rusiyadır. Cəbhədə baş verən təxribatlar da əslində, bunu təsdiqləyir. Son vaxtlar atəşkəs tez-tez pozulur. İstiqamətlər isə Rusiya sərhədçilərinin nəzarətində olan ərazilərdir. Ermənistan Azərbaycan tərəfinin atəşkəsin pozulması ilə bağlı açıqlamasını yalanlayır, ardından isə Rusiyanı ittiham edən materiallar erməni mediasını “bəzəyir”. Bu informasiya müharibəsi, psixoloji savaşdır. Bir gün 102-ci hərbi bazanın qarşısında etiraz aksiyaları başlasa, buna da təəccüblənməməliyik.

Gələk Azərbaycan tərəfinin ritorikasına. Müdafiə Nazirliyi atəşkəsin pozulduğunu bəyan edir, ardınca isə cavab tədbirlərinin görülmədiyini bildirir. Bu ritorikaya sərhəddəki son insidentdən sonra keçilib. Ola bilsin, rəsmi Bakı baş verənlərin oyun olduğunu bilir, ona görə də gərginliyi artırmaq istəmir.

Bu yöndə hətta Rusiya ilə məsləhətləşmənin aparıldığı istisna deyil. Rusiyanın Ermənistanı cəzalandırması mümkün variantdır. Ancaq bu Ermənistanın məhv edilməsi anlamına gəlməyəcək. Ermənistan bütün hallarda Rusiyaya lazımdır. Rusiyaya hakimiyyətinə onun öz kuklası olmayan Ermənistan lazım deyil. Ona görə də, bu ərəfədə Rusiyanın əsas hədəfi Nikol Paşinyan olacaq.

Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddialar var. Bunu hətta Paşinyan də dilə gətirir. Məsələ ondadır ki, Azərbaycanın Naxçıvanla yolu açması üçün hücum etməsi ağır sanksiyalarla nəticələnə bilər. Azərbaycanın Ermənistana təzyiq etməsi üçün əlində Qazaxın 7 kəndi və Kərki anklavı var. Sual oluna bilər ki, Naxçıvanla yolun açılması təhlükəlidirsə, bu kəndlər niyə təhlükə törətmir?

Çünki 10 noyabr üçtərəfli bəyanatında Ermənistan qəbul edib ki, o kəndlər Azərbaycana məxsusdur, onların geri qaytarılması barədə öhdəlik götürüb. Dolayısı ilə rəsmi Bakı Ermənistana təzyiq üçün təhlükəli Naxçıvan yolundansa, daha az təhlükəli Qazaxın 7 kəndi və Kərki anklavı üzərindən hərəkət edə bilər. Baş verən silahlanma, dəyişən ritorika, regionda maraqları olan bütün tərəflərin aktivliyi uzaq olmayan gələcəkdə yeni toqquşmanın olacağının xəbərçisidir.

Səxavət Məmməd

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv