!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kılıçdaroğlunun “ipək yolu” və regionun YENİ REALLIQLARI: “Azərbaycanla Türkiyənin “Orta dəhliz” layihəsi...” - ŞƏRH

!Reklam – Yazi

“Pekin-Vaşinqton rəqabətinin kəsinləşməsi ərəb ölkələrini xarici təzyiqlərdən qorunmaq üçün tərəfdaşlığa məcbur edir”.

Bu fikirləri Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən prosesləri nəqliyyat-loqistik planda şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan həm Rusiya, həm də İranla bu istiqamətdə ciddi rəqabət apararaq, ilkin uğurlara imza atıb:

“Millət” İttifaqının Türkiyə prezidentliyinə namizədi Kamal Kılıçdaroğlunun “İpək yolu” adlandırdığı Çinlə Avropa, Qərb istiqamətində nəqliyyat dəhlizi yaradılmasını nəzərdə tutan layihənin təqdimatı Azərbaycanda, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə ciddi narahatlıqla qarşılanıb və ciddi sualar yaradıb.

Azərbaycanla Türkiyə hazırda Gürcüstan və Qazaxıstanla əməkdaşlıqda Şərqlə Qərb arasında etibarlı quru əlaqəsini təmin edən “Orta dəhliz” nəqliyyat layihəsi üzərində işləri sürətləndirib. Bu dəhliz Türk Dövlətləri Təşkilatına üzv ölkələri əhatə etməklə, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir. “Orta dəhliz” layihəsi Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəsini, həmçinin gələcəkdə Zəngəzur dəhlizindən yararlanmağı da nəzərdə tutur.

Bakı və Ankara “Orta dəhliz” layihəsinin rentabelli olması, siyasi dəstək alması, investorların marağını cəlb etməsi, rəqabətədavamlı olması üçün çox səy göstərir. Xüsusilə Türk Dövlətləri Təşkilatı perspektivindən məsələyə yanaşaraq Şərqlə Qərb arasında nəqliyyat daşımalarında strateji mövqeni əldə etməyə can atır. Bu çərçivədə artıq ilkin uğurlar da var. Qeyd olunmalıdır ki, Pekin də bu layihəyə ciddi maraq göstərir.

Kılıçdaroğlunun açıqladığı “İpək yolu” layihəsi isə bu strategiya ilə tam ziddiyyət təşkil edir və əsas etibarilə İranın maraqlarını ön plana çıxarır. Ankara və Bakı həm Rusiya, həm də İranla bu istiqamətdə ciddi rəqabət apararaq, ilkin uğurlara imza atıb. Tehran isə hər vəchlə Azərbaycanı Çindən Qərbə yükdaşımaları layihələrindən kənarda qoymağa çalışır. Bu, həmçinin Ermənistan üçün ən arzuolunan ssenaridir.

Belə bir vəziyyətdə Kılıçdaroğlunun təqdim etdiyi layihə ciddi suallar yaradır. “Millət” İttifaqı Azərbaycan və Türk Dövlətləri Təşkilatının milli maraqlarına qarşı çıxır? Eyni zamanda “Millət” İttifaqının Azərbaycanla bağlı siyasəti, perspektivə baxışı ilə əlaqədar cəmiyyətdə ifadə edilən narahatlıqların haqlı olduğunu deməyə əsas verir.

Kılıçdaroğlunun təqdimatında “İpək yolu” layihəsi son illər Azərbaycan və Türkiyənin birgə səyləri ilə əldə olunan uğurların üzərindən də xətt çəkə bilər. Məhz buna görə Azərbaycan cəmiyyəti haqlı iradlarını, narazılıqlarını bildirir və izahat tələb edir.

Digər tərəfdən, xatırladaq ki, Suriya 2011-ci il noyabr ayında Ərəb Dövlətləri Liqasından uzaqlaşdırılmışdı. Bu ölkənin yenidən Liqaya qaytarılması Yaxın Şərqdə son üç ildə baş verən ciddi dəyişikliklərin əhəmiyyətli bir parçasıdır. Belə ki, son illər ərəb ölkələri arasında, həmçinin Körfəz dövlətləri arasında daha çox tərəfdaşlıq, kooperasiya meyilləri artır.

Rusiya və İranın səyləri ilə Bəşər Əsədin hakmiyyətini qoruması, ABŞ-nin bütün səylərinə baxmayaraq, İraqda Tehranın təsirinin qalması, Vaşinqtonun kürdlərlə bağlı siyasətinin öz məqsədlərinə çatmaması və hazırda qeyri-müəyyən vəziyyətdə qalması, Türkiyənin Dəməşqlə münasibətləri normallaşdırmağa çalışması regionun aparıcı ərəb ölkələrini yeni şəraitdə optimal yanaşmalar axtarmağa vadar edir.

Bundan başqa, Çinin regiona marağının artması, Pekin-Vaşinqton rəqabətinin kəsinləşməsi ərəb ölkələrini xarici təzyiqlərdən qorunmaq üçün tərəfdaşlığa məcbur edir. Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması bu yeni siyasətin təzahürüdür, aparıcı ərəb ölkələrinin İranla uzlaşmağa, İsrail ilə əməkdaşlığa çalışması da bu yeni yanaşmadan qaynaqlanır.

Artıq demək olar ki, Bəşər Əsəd bəraət almaq üzrədir, eyni zamanda ərəb ölkələrinin Tehranla “dil tapmaq” siyasəti davam edəcək, Çinin mövqeyi daha ciddi nəzərə alınacaq. Bu Türkiyə üçün də yeni imkandır ki, Dəməşqlə münasibətləri normallaşdırsın. Ona görə də ərəb ölkələri Suriya məsələsinin həlli üçün daha fəal rol oynamağa da çalışacaqlar”.

A.Zeynalov

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv