!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə mənzil bazarında SON DURUM: "Qiymət artımı təkcə tələbatla bağlı deyil" - SƏBƏB

!Reklam – Yazi

Son günlər kirayə mənzil bazarında ev qıtlığı ilə yanaşı, qiymət artımı müşahidə olunmaqdadır. Tələbatın çoxluğu fonunda əksər ev sahibləri isə kirayə verdikləri evin aylıq ödənişini qaldırıb və nəticədə kirayəşinlər əlavə xərclə üzləşirlər. Ev sahiblərinin mövcud vəziyyətdən sui-istifadə edərək kirayəşini sıxışdırması isə birmənalı qarşılanmır.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, hər il avqust-sentyabr aylarında tələbələrin kütləvi şəkildə paytaxta axın etməsi kirayə mənzil bazarında ciddi problemlər və qiymət artımı yaradır:

“Belə ki, minlərlə tələbə Bakı şəhərinə gəlir və bu, minlərlə mənzilin kirayələnməsi deməkdir. 2016-cı ildən başlayaraq paytaxt ərazisində istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərinin söküntüsünə start verilməsi fonunda yeni tikililər inşa edilib. Bu, ucuz kirayə mənzillərin sayının azalmasına səbəb olub. Çünki köhnə yaşayış evlərində kirayə mənzillərin qiyməti aşağı olurdu. Bu gün yeni tikili binalarda kirayə mənzillərin qiyməti iki dəfə artıqdır. Köhnə tikililərdə birotaqlı mənzilin kirayə qiyməti 300 manat idisə, yeni tikili binalarda təxminən 500 manat civarındadır. Ümumilikdə, otaq sayı artıqca qiymətlərdə də artım baş verir.

Onu da nəzərə almaq lazımdır ki, sökülən hər binada 4 blok və hər blokda 60 mənzil olur. Nəticədə sökülən binanın sakinləri də məcburən müvəqqəti kirayəyə çıxmalı olurlar. Yeni tikili ən azı 2-3 il müddətinə hazır olana kimi sakinlər paytaxtın müxtəlif ərazilərində kirayədə qalırlar. Bununla yanaşı, sökülən binadakı kirayə mənzillər də bazardan çıxır. Bu baxımdan, kirayə bazarında ciddi problemlər yaşanır. Tələbələr məcburən Bakıətrafı ərazilərə üz tuturlar ki, həmin yerlərdə qiymətlər ucuzdur. Lakin yol, kommunal və digər xərcləri nəzərə alsaq, tələbələr ziyana uğrayırlar. Təəssüf ki, getdikcə tələbələr mənzil problemi ilə daha çox üzləşəcəklər. Bunun çıxış yolu tələbə yataqxanalarının tikilməsidir”.

Bakıda kirayə qalanların təkcə tələbələr olmadığını bildirən ekspertə görə, ev sahiblərinin kirayə qiymətini qaldırmasına bir sıra amillər təsir edir:

“Ev sahiblərinin vəziyyətdən sui-istifadə edərək kirayə qiymətini qaldırmasına gəlincə, qiymət artımı təkcə tələbatla bağlı deyil. Mənzillərin kirayə qiyməti satış qiymətləri ilə birbaşa bağlıdır. Satış qiymətində artım olan mənzillərdə avtomatik olaraq kirayə qiymətləri də qalxır. Son bir neçə ildə, xüsusən köhnə tikili binalarda qiymət artımı müşahidə olunur. Çünki köhnə binalar yenilərlə əvəz oluanacaq və buna görə də tələbat çoxdur. Əlində vəsaiti olan vətəndaşlar köhnə evləri alırlar və yeni evlə əvəzlənəcəklərinə arxayındılar. Qeyd edim ki, yeni tikili hazır olana kimi köçən sakinlərə əlavə olaraq kirayə pulu da verilir”.

Gülşən Şərif

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv