Kiyevdə “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu” keçiriləcək – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

Bu ilin oktyabr ayında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Ukraynanın paytaxtı Kiyev şəhərində “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu”nu reallaşdıracaq. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq.

Yenicag.az xəbər verir ki, bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib: “Layihənin əsas məqsədi Yerli QHT-lərdə, mediada çalışan gənclərlə Ukraynadakı gənclər arasında koordinasiyanı təmin etmək, Azərbaycan həqiqətlərini Ukraynada yaymaq, gənclərin beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirməkdən ibarətdir.

Layihə çərçivəsində Azərbaycandan olan bəzi QHT və media rəhbərləri Ukraynada öz həmkarları ilə görüşəcək, panel müzakirələr reallaşdıracaqlar. Layihədə tərəfdaş qismində iştirak etmək üçün Azərbaycanın Ukraynadakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Ukraynada fəaliyyət göstərən daspor təşkilatlarına müraciət etmək niyyətindəyik. Ümid edirəm ölkəmiz, gənclərimiz naminə həyata keçirilən bu foruma aidiyyati qurumlar lazımi diqqəti göstərəcəklər. Bu layihə əslində”Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun məntiqi nəticəsidir. Gələcəkdə eyniformatlı Forumları digər Slavyan ölkələrində də reallaşdırmaq niyyətindəyik. Uzun illərdən bəri arzuladığımız layihələri reallaşdırma imkanını verdiyinə görə ASGA İdarə Heyəti adında Gənclər Fonduna xüsusi təşəkkür edirəm. Ətraflı məlumat təşkilatımızın rəsmi veb səhifəsi olan www.ASGA.az saytında yerləşdiriləcəkdir”.

COP29