!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya”ya yayılan “FRANSIZ SAVAŞI”: “Bu olaylar xalqın hakimiyyətə qarşı ayaqlanmasıdır” - RƏY

!Reklam – Yazi

“Fransada sistemin çürüklüyü isə ona gətirib çıxarıb ki, xalqla hakimiyyət artıq anlaşa bilmir”.

Bu fikirləri Fransada baş verən olayların digər Avropa ölkələrinə yayılmaq ehtimalını dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq insan haqları qurumları Fransa olaylarına da ikili standartlarla yanaşırlar:

“Ümumiyyətlə, Fransada yaşanan son olaylara həm Avropada, həm də dünya miqyasında verilən reaksiyalar təəccüb doğurur. Ona görə ki, bu qədər açıq şəkildə zorakılıqların müşahidə edilməsinə baxmayaraq, xüsusilə, beynəlxalq insan haqları qurumları bütün bunlara dərhal təpki göstərməli olduğu halda, susaraq müşahidə etməkdədir. Bu hal bir daha onu göstərir ki, beynəlxalq insan haqları qurumları analoji məsələlərə ikili standartlarla yanaşır. Xatırlatmaq istərdim ki, Azərbaycanda, yaxud bizdəki kimi yeni demokratiyalarda Fransada yaşananların yüzdə biri miqyasında nəsə baş verəndə, onlar gecə yatmadan belə çox operativ münasibət bildirirlər. Amma Fransadakı olaylarda bu “operativliyi” görmürük.

Digər tərəfdən, Fransa olaylarının geniş mənada digər Avropa dövlətlərinə də sıçraması ehtimalı çox deyil. Düzdür, Belçikadan sonra İsveçrəyə yayıldığı deyilir, həmin ölkədə də müəyyən hadisələr baş verib, amma ümumi götürdükdə, o hadisələrin bütün Avropanı bürüyəcəyi gözlənilmir. Təbii, haqqında danışdığımız İsveçrədə əhalinin müəyyən bir qisminin fransızlar olduğu nəzərə alınsa, bu ölkədə gərginliyin artması heç də istisna edilmir. Eyni zamanda, artıq iğtişaşların qeydə alındığı Belçikada da toqquşmaların genişlənməsi ehtimalı mövcuddur.

Fikrimcə, qitənin əsas təşkilatları – Avropa İttifaqı, Avropa Şurası, ATƏT Fransa olaylarını vaxt itirmədən müzakirəyə çıxarmalı idi. Lakin göründüyü kimi, o qurumlar da operativlikdə başqalarına müsbət nümunə göstərmədilər. Onlar baş verənləri sükut içində izləməklə kifayətlənməyə üstünlük verdilər. Bu isə o anlama gəlir ki, Fransanın dünya demokratiyasının mərkəzlərindən biri olduğunu iddia etməsinə baxmayaraq, çürümüş bir sistemə malikdir. Sistemin çürüklüyü isə ona gətirib çıxarıb ki, xalqla hakimiyyət artıq anlaşa bilmir. Konkret desək, Fransa prezidenti Emmanuel Makron öz xalqının dilini tapa bilmir. O baxımdan, hazırda ayaqlanan Fransa xalqının məhz öz hakimiyyətinə qarşı çıxdığını söyləyə bilərik. Əlbəttə, hadisələrin bu yöndə inkişaf edəcəyi təqdirdə, Avropanın başqa ölkələrindən buna həmrəylik mesajları veriləcək. Ancaq bir daha təkrar edirəm, bu olayların Avropanı tam bürüməsi gözlənilmir. Hər halda, Avropa özlüyündə “Ərəb baharı”nın sardığı bir coğrafiya deyil və indiki şəraitdə orada hadisələrin bir ölkədən digərinə sıçrayaraq genişlənməsi mümkün deyil”.

A.Zeynalov

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv