!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köklü islahatlar fonunda söz azadlığının MÜDAFİƏSİ: Plüralist cəmiyyət quruculuğu necə aparılır? – TƏHLİL

!Reklam – Yazi

Azərbaycanda özəlliklə 2018-ci ildə vüsət alan çoxşaxəli islahatların növbəti mərhələsi ölkədə yeni şəraitin yaranması və ümumi inkişafa təkan verən addımların atılması ilə əlamətdar oldu. Həyata keçirilən dəyişikliklər vətəndaşların gözləntilərini doğrultmaqla yanaşı, həm də bəzi hallarda irəliləyişləri əngəlləyən amilləri aradan qaldıraraq bütün sferalarda effektli fəaliyyətin göstərilməsinə əlverişli zəmin formalaşdırdı.

Haqqında danışılan dəyişikliklər sırasında vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına istiqamətlənmiş tədbirlər qabarıq nəzərə çarpır. Vətəndaş hüquqlarının ən mühüm elementlərindən biri olan söz azadlığının təmin edilməsi dövlət siyasətinin ən başlıca cəhətlərindən biridir. Fikir müxtəlifliyinin qorunması və genişləndirilməsi cəmiyyətin inkişafını stimullaşdıran vacib təminatdır. O baxımdan, ölkədə media azadlığının təmin edilməsi cəmiyyətdə ifadə azadlığının möhkəmlənməsində, fikir plüralizminin oturuşmasında mühüm faktor kimi çıxış edir.

Ölkədə fikir və söz azadlığının vəziyyətini dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında bildirib ki, dövlət bu məsələlərdə hər hansı problemin yaranmaması üçün gərəkən addımları atır, bu sahədə bəzən subyektiv səbəblər üzündən yaranan neqativ hallara qarşı isə qətiyyətli mübarizə aparılır:

“Bildiyiniz kimi, son illərdə ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatlar aparılıb və bu proses davam etdirilir. Bu dəyişikliklər çərçivəsində rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi, məhkəmə-hüquq sistemində aparılan islahatlarla yanaşı, kadr islahatı da diqqəti cəlb edir.

Məlumdur ki, son illərdə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən çox sayda kadrların dəyişdirilməsi və daha effektli idarəetmə sisteminin tətbiqi istiqamətində mühüm addımlar atılıb. On dörd iqtisadi zonanın yaradılması, prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi və digər tədbirlər ölkənin inkişafına xidmət edən addımlardır.

O cümlədən söz və sərbəst toplaşmaq azadlığı, həmçinin vətəndaşların başqa konstitusion hüquqlarının maksimum dərəcədə təmin edilməsi yönündə də ardıcıl işlər görülməkdədir. Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, aparılan siyasətin mərkəzində ölkə vətəndaşlarının mənafeyi dayanır.

Xüsusilə 2020-ci ildə qazanılan möhtəşəm qələbə sayəsində işğal altındakı torpaqlarımızın azad edilməsindən sonra bu zəfərə layiq cəmiyyətin qurulması istiqamətində addımların atılması ictimaiyyətin rəğbəti ilə qarşılanır. Hər halda, ictimai ovqat bu məzmunda fikirləri əminliklə söyləməyə tam imkan verir.

Əlbəttə, müxtəlif sferalarda problemlərin, nöqsanların olması da istisna deyil. Əhalini narahat edən məsələlərdən biri də bəzi işbazların süni qiymət artımına getməsidir. Onlar bununla vətəndaşları narazı salırlar. Bu da, sözsüz ki, yalnız “qara qüvvələr”ə lazımdır. Ancaq biz də belə hallara qarşı aparılan qətiyyətli mübarizə barəsində iştirakçısı olduğumuz verilişlərdə və başqa çıxışlarımızda ətraflı bəhs etmişik.

Bu gün ən vacib proseslərdən biri kimi ordumuzun daha da gücləndirilməsi və qüdrətinin daha da artırılmasına hədəflənmiş fəaliyyəti qeyd etməliyik. Bəli, biz 2020-ci ildə mənfur düşmənə qalib gəlmişik. Ancaq ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün ordumuzun hazırlığı hər zaman ən yüksək səviyyədə olmalıdır.

Ancaq bu islahatlar növbəti mərhələlərdə də eyni temp və uğurla davam etdirilməlidir. Çünki ölkə kimi qarşıda görüləsi çox işlərimiz var. Biz vətəndaş cəmiyyəti olaraq həyata keçirilən bu genişmiqyaslı fəaliyyəti yüksək qiymətləndiririk. Onu da xatırlatmaq istərdim ki, bu il cənab prezident tərəfindən Ulu Öndərin xatirəsinə ithafən “Heydər Əliyev ili” elan edilib. Eyni zamanda, ölkə prezidenti ötən il dekabrın 14-də keçirdiyi görüşdə bizim üzərimizə Qərbi Azərbaycanla bağlı bir çox tarixi vəzifələr qoydu. Bütün bunlar son dərəcə ciddi məsələlərdir.

Yuxarıda da qeyd etdim ki, bütün fəaliyyət sahələrində aparılan islahatlar mediadan da yan keçmədiyi kimi, söz və ifadə azadlığının yüksək səviyyədə qorunması istiqamətində də məqsədyönlü addımlar atılmaqdadır. Digər tərəfdən, ümumi qiymətləndirmə aparsaq, ölkədə bu hüquqların təminatı ilə əlaqədar hər hansı problemin olmadığını deyə bilərik. Yəni bu sahədə məhdudlaşdırıcı addımların atılmadığı aydındır.

Lakin ola bilər ki, bu və ya başqa bir məmur tərəfindən söz azadlığını məhdudlaşdıran hərəkətə yol verilsin. Belə hallar aşkar edildikdə vətəndaş cəmiyyəti də onları müzakirə edir və öz mövqeyini ortaya qoyur. Ölkə prezidentinin də siyasi iradəsi bundan ibarətdir ki, bütün vətəndaşlar demokratik şəraitdə, sərbəst qaydada öz fikirlərini ifadə edə bilməlidirlər. Hesab edirəm ki, bu sahədə indi olduğu kimi, gələcəkdə də heç bir problem olmayacaq”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv