Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Komandirini kürəyinə alıb aparanda snayper böyrəyindən vurub” – Şəhid atası danışdı - Reportaj + FOTOLAR

Qarabağ müharibəsi başlayandan bu günə qədər Azərbaycan torpaqlarının müdafiəsində minlərlə azərbaycanlı şəhid olub. Bəzən biz həlak olan bu insanlara qibtə etmək əvəzinə, onlara heyifsilənirik. Düzdür, bu insanların gənc yaşda şəhid olmaları insanlarda kədər yaradır. Lakin təsadüfi deyil ki, Allahın insanlara göndərdiyi Qurani-Kərimdə şəhidlik zirvəsi və şəhidlərin əbədiyaşar olması dönə-dönə qeyd edilir. Əli-İmran surəsinin 170-ci ayəsində deyildiyi kimi, “Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”.

Fevralın 26-da ermənilərin cəbhədə törətdiyi təxribatların qarşısı alınarkən şəhid olanlardan biri də Zakir Cəfərovdur. Əslən Ağdam rayonundan olan Zakir Cəfərov ötən gün doğulub, boya-başa çatdığı Keşlə qəsəbəsindən son mənzilə yola salındı.

Yeniçağ.az olaraq, ötən gün Zakir Cəfərovun Keşlə qəsəbəsində təşkil edilən yas mərasimində iştirak etməyi, şəhid haqqında onun yaxınlarının xatirələrini öyrənməyə çalışdıq. Mərasim zalında Zakiri tanıyan-tanımayan hər kəs vardı. Qonşuları Zakirin göstərdiyi qəhrəmanlıqlardan danışır, erməniyə “qan uddurduğunu” deyirdilər. Onlar Keşlə qəsəbəsinin Birinci Qarabağ müharibəsində də xeyli şəhid verdiyini, indi də Zakirin bu şəhidlər sırasına qoşulduğunu bildirirdilər. Dediklərinə görə, bundan sonra bir arzuları var: Keşlə qəsəbəsindəki küçələrdən birinə Zakir Cəfərovun adı verilsin.

Məclisə gələnlərin ardı-arası kəsilmir. Başsağlıqlarına şəhid atası bircə kəlmə ilə cavab verir: “Vətən sağ olsun”. Oğlu haqqında keçmiş zamanda danışmağa dili gəlmir. Amma buna baxmayaraq, xatirələrini Yeniçağ.az-ın oxucuları ilə bölüşür:

– Zakirin evə qayıtmağına 4 ay qalmışdı. Xidmət etdiyi ərəfədə bizə zəng edəndə heç vaxt cəbhədəki vəziyyətdən danışmazdı. Ümumiyyətlə, Zakir çox azdanışan, ağzıbütöv adam idi. Həmişə çalışırdı ki, problemlərini özü həll etsin. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecini bitirmişdi. Ürəyində problem vardı, ağır nəfəs alırdı. Heç onu əsgər aparmırdılar. Bizdən xəlvəti ərizə yazıb, könüllü getdi. Fevralın 26-da da düşmənin təxribatını qarşısını almaq üçün Zakir çavuş kimi könüllü olaraq zabitlərə qoşulub. Neytral zonada atışma zamanı bununla bərabər döyüşən 4 nəfərin şəhid olduğunu görüb, yaralı şəkildə geri qayıdıb. Birdən eşidib ki, kimsə onu çağırır. Baxıb ki, komandiridir, yaralanıb. Sürünə-sürünə yaxınlaşıb, komandirini alıb kürəyinə, mövqelərimizə qayıtmaq istəyəndə ermənilər snayperlə Zakiri vurublar. O, mənim igid balam idi. Heyif ondan.
Şəhidin dayısı Vüqar Abdullayev Zakir Cəfərovun ailələri üçün böyük itki olduğunu dedi:

– Zakir haqqında pis heç nə demək olmaz, gözəl bala idi. Onun ölümü ilə barışa bilmirik. Zakirin yoxluğundan danışmaq bizə əzab verir.

Zakir Cəfərovu uşaqlıqdan tanıyan atasının dostu Elmir Abdullayev də bildirdi ki, o, çox mərd və vətənpərvər oğul idi:

– Kasıb ailədirlər. Anası müəllimədir. Elə də maddi imkanları yox idi. Zakir ailəsinə kömək edirdi: həm oxuyur, həm də işləyirdi. Çox istiqanlı, mərd insan idi, bütün bayramlarda qohum-əqrəbaya baş çəkərdi. Ürəyində problem vardı, imkanı olub ki, əsgərliyə getməsin. Amma ərizə yazaraq, könüllü gedib. Dostlarına deyirmiş ki, Bakıda doğulmağıma baxmayaraq, ağdamlı balasıyam və mütləq gedib Vətənimi qorumalıyam, torpaqları işğaldan azad edib, özümə Ağdamda ev tikəcəm. Rəhmətliyin qanı elə Qarabağa qismət oldu, orada şəhid oldu. Bizə döyüşçü yoldaşları dedilər ki, Zakir hücumu dəf edərkən ayağından yaralanıb. Lakin komandirinə kömək üçün geri qayıdıb, onu çıxartmaq istəyəndə snayperlə böyrəyindən vurublar. Allah rəhmət eləsin! Zakir kimi igidlər bizim cəmiyyətimizə örnəkdir. O eldən gedən oğuldur. Millətimizdən Allah razı olsun! Hətta tanımadığımız insanlar gəlib, başsağlığı verirlər. Bu gün bəlkə də on mindən çox insan Zakiri son mənzilə yola saldı. Bunun özü millətimizin nə qədər qədirbilən olduğunu, şəhidinə nə qədər qiymət verdiyinin bariz nümunəsidir. Allah rəhmət eləsin.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

97