!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komitə sədri: "Hüquq-mühafizə, iqtisadiyyat, maliyyə kimi sahələrdə hələ də gender fərqi nəzərə çarpır"

!Reklam – Yazi

Oktyabrın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Yenicag az xəbər verir ki, komitənin sədri Hicran Hüseynova iclası açaraq bu günün 44 günlük Vətən müharibəsi zamanı Qubadlı şəhərinin erməni təcavüzkarlarından azad olunması günü olduğunu deyib. O vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun igidliyi sayəsində biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Komitə sədri torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, qazilərimizə cansağlığı diləyib.

Hicran Hüseynova gündəliyi təqdim edərək diqqətə çatdırıb ki, iclasda bir məsələ – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirə olunacaq.

Hicran Hüseynova dövlət komitəsinin Milli Məclisə təqdim olunan illik məlumatının qanunvericiliyə uyğun hazırlandığını söyləyib. O qeyd edib ki, 2022-ci ildə ölkədə gender bərabərliyinin təmini sahəsində müsbət dinamika qorunub saxlanıb. Bildirilib ki, dövlət idarəçiliyində, elm, səhiyyə və sosial müdafiə kimi sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunsa da, hüquq-mühafizə, iqtisadiyyat, maliyyə kimi sahələrdə hələ də gender fərqi nəzərə çarpır. Komitə sədri vurğulayıb ki, bütövlükdə əmək bazarında, sahibkarlıq fəaliyyətində qadınların rolu getdikcə artır, həmçinin onların təhsil səviyyəsi, müxtəlif peşələrə yiyələnməsi, orta aylıq əməkhaqları ildən-ilə yüksəlir. Gender bərabərliyinin təmini, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, erkən nikahların qarşısının alınması ilə bağlı fikirlərini bölüşən komitə sədri müzakirəyə təqdim olunan məlumatı müsbət qiymətləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva sənədlə bağlı ətraflı məlumat verib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatının 3 istiqaməti əhatə etməklə 2021-ci ilin müvafiq məlumatından daha geniş şəkildə hazırlandığını diqqətə çatdırıb, sənədin hazırlanmasında istifadə olunan mənbələr, əvvəlki illərə nəzərən fərqli məqamları və əlavə olunmuş yeni bölmələri barədə məlumat verib.

Aynur Sofiyeva gender bərabərliyinin təmin edilməsi, cinsi ayrı-seçkiliyin qarşısının alınması, gender bərabərliyi mədəniyyətinin təbliği, qanunvericiliyin təkmilləşdirilməsi kimi istiqamətlər üzrə 2022-ci ildə görülən işlər, bu sahədə mövcud problemlər, əldə olunan nailiyyətlər, institusional mexanizmlərin gücləndirilməsi və gələcək hədəflər barədə danışıb.

Sənədin müzakirəsində parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Pərvin Kərimzadə, Rəşad Mahmudov, Nigar Arpadarai, Könül Nurullayeva, Ramin Məmmədov, Rauf Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxışçılar gender mədəniyyətinin yüksəldilməsi üçün maarifləndirmə işlərinin effektivliyinin artırılması, qanunvericiliyin icra mexanizminin təkmilləşdirilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər, bu istiqamətdə dövlət tərəfindən görülən işləri yüksək dəyərləndirərək, bütövlükdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatını müsbət qiymətləndiriblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra dövlət komitəsinin məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv