!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konqo prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR/YENİLƏNDİ

!Reklam – Yazi

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun şərəfinə rəsmi nahar verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən Sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikrimiz üst-üstə düşür. Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.

Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır.

Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz.

***

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzaladılar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzaladılar.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanım Arlette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzaladılar.

***

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü başlayıb.

Bu barədə President.az məlumat yayıb.

***

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.

Yenicag.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Konqo Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verdi.

Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv