!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Konstitusiyaya siyasi partiyalar haqqında xüsusi bir müddəanın daxil edilməsi...” – Pənah Hüseyn

!Reklam – Yazi

“Referendum haqqında deyilənlər əvvəllər aparılan müzakirələrin nisbətən geniş miqyasda davamı olaraq görülür”.

Bu fikirləri ölkədə Konstitusiya referendumunun keçiriləcəyinə dair müzakirələrin yenidən aktuallaşması fonunda ümumxalq səsverməsinin təşkili ehtimalını dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə seçki islahatları Konstitusiyaya ediləcək mümkün dəyişikliklərlə məhdudlaşmamalıdır:

“Bu barədə məlumat yoxdur, amma son dövrlərdə Milli Məclisin YAP-dən olan və hakimiyyətə yaxın deputatların dilindən belə fikirlər səslənir. Qarışıq seçki sisteminin bərpa olunacağı və Milli Məclis deputatlarının sayının artırılması barədə danışılır. Eyni zamanda, referendum keçiriləcəksə, yerli icra hakimiyyəti orqanları, idarəetmədə dəyişikliklər, həmçinin başqa məsələlər də nəzərə alınmalıdır. Digər tərəfdən, ehtimal edilən referendumun Qarabağla əlaqədar sülh müqaviləsi ilə hansı formada bağlılığının olması da aydın deyil.

Referendum olacaqsa, Konstitusiyaya siyasi partiyalar haqqında xüsusi bir müddəanın daxil edilməsinə dair bizim tərəfimizdən irəli sürülmüş təklif də var. 1991-ci ildə qəbul edilmiş Müstəqillik Haqqında Konstitusiya Aktının 28-ci maddəsində siyasi partiyalar demokratik proseslərin əsas ünsürü kimi təsbit olunub. Mövcud Konstitusiyada isə belə bir müddəa yoxdur.

Siyasi partiyalar sadəcə Əsas Qanunun 55-ci maddəsində birləşmək hüququ çərçivəsində xatırlanır. Biz bugünkü demokratikləşmə baxımından həmin müddəanın Konstitusiyaya daxil edilməsini zəruri sayırıq. Əlbəttə, başqa təkliflərimiz də var. Lakin qeyd olunduğu kimi, referendum haqqında deyilənlər əvvəllər aparılan müzakirələrin nisbətən geniş miqyasda davamı olaraq görülür.

Milli Məclisə növbəti seçkilərin 2024-cü ildə, prezident seçkilərinin isə 2025-ci ildə keçiriləcəyini nəzərə alsaq, referendum olacaqsa, geniş seçki islahatının aparılması zərurəti ortaya çıxır. Buraya Seçki Məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının formalaşdırılması prinsipləri, müşahidə və nəzarət imkanlarının qanunvericilikdə daha konkret və dəqiq şəkildə ifadə olunması və başqa vacib məsələlər daxildir. Yəni seçki islahatı yalnız Konstitusiyaya ediləcək dəyişikliklə məhdudlaşmamalıdır.

Məncə, o cümlədən bir sıra digər siyasi partiyaların mövqeyinə görə, qeyd olunan bütün bu işlərin həyata keçirilməsi üçün 2024-cü ili gözləməyə ehtiyac yoxdur. Referendumdan bir qədər sonra indiki siyasi şərtləri də nəzərə alaraq proporsional seçki sistemi əsasında parlamentin yeni tərkibinin formalaşdırılmasından demokratikləşmənin yeni bir mərhələyə keçməsi istiqamətində baza kimi istifadə edilməsinə dair təkliflər də var. Sədri olduğum Xalq Partiyası keçid dövrü üçün qarışıq yox, tam proporsional seçki sisteminin tərəfdarıdır. Burada seçicilərin və müstəqil qaydada seçilmək istəyən vətəndaşlarımızın aktiv seçki hüququnun təmin edilməsi üçün mexanizmlər tapmaq mümkündür. Bununla bağlı Türkiyənin, eləcə də başqa ölkələrin təcrübəsi mövcuddur”.

A.Zeynalov

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv