Korifey diktordan müasir teleaparıcılara SƏMİMİ İRAD: “Bəziləri nə danışığını, nə hərəkətini, nə də…”
“Aparıcı geyimi, danışığı, diksiyası, savadı, səhnə davranışı ilə vəhdət təşkil etməlidir”.
Bu fikirləri radio və televiziya işçilərinin peşə bayramı günü ilə bağlı təəssüratlarını bölüşən məşhur diktor, Xalq artisti Ofeliya Sənani Yenicag.az-a açıqlamasında deyib.
İllərini bu peşəyə həsr edən Xalq artisti müasir aparıcıları keçmiş diktorlarla müqayisə edərək tənqidi fikirlər səsləndirib:
“65 il bu sahədə çalışmışam. İllərimi bu peşəyə verməyimin birinci səbəbi sevgi olub. Sevmişəm, insanlardan, peşəmdən o enerjini almışam və qarşılığını da görmüşəm.
Həyatımın sevgisini də məhz radio və televiziyada tapmışam. Bu gün özüm yaşa dolsam da, səsim qocalmayıb. Bizim dövrümüzdə sərt tələbkarlıq vardı. İstər geyimimizdə, saç düzümümüzdə, oturuşumuzda-duruşumuzda, istərsə də danışığımızda.
Hər verilişin öz geyim tərzi var idi. İndi kriteriyalar dəyişib, aparıcı ciddi bir verilişə dekolte geyimdə çıxır, şou verilişinə isə pencək geyinir. Bizim vaxtımızda belə etsəydik, efirdən uzaqlaşdırılardıq.
Bu gün teleaparıcılara səslənib demək istəyirəm ki, peşənizi sevin. Özünüzə, peşənizə hörmət edin. Çünki sizi milyonlarla insan izləyir. Hər sözünüzə, hərəkətinizə fikir verirlər. Biz o vaxtlar efirdə nə geyinirdiksə, insanlar bizə baxıb o cür geyinirdilər. Bizi özlərinə kumir seçirdilər.
Amma təəssüflər olsun ki, indi bəzi aparıcılar danışığını, hərəkətini, geyimini seçə bilmir. Çağırdığı qonağı tanımır, ona hörmət eləmir, aşağılamağa çalışır. Belə olmaz. Efir etikasına riayət edilməlidir”.
Diktor “Ən çox bəyəndiyiniz aparıcı kimdir” sualını da cavablandırıb:
“Tam bəyəndiyim elə bir aparıcı yoxdur. Birinin səsi gözəl, amma diksiyası bərbaddır. Digərinin diksiyası, savadı cəlb edir, amma geyimi, hərəkətləri ilə özünü gözdən salır. Aparıcı geyimi, danışığı, diksiyası, savadı, səhnə davranışı ilə vəhdət təşkil etməlidir”.
Cəvahir