Koronavirusla mübarizənin Türkiyə ÖRNƏYİ: Azərbaycanda tibbi maskaların pulsuz paylanması mümkündür?

“Ölkədə tibbi maskaların kütləvi istehsalı və onun vətəndaşlara əlçatanlığı təmin edilməlidir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə uyğun olaraq, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkə vətəndaşlarına tibbi maskalar pulsuz paylanacaq. Ərdoğan koronavirus təhlükəsi tam aradan qaldırılana qədər tibbi maska satışının qadağan olunduğunu bildirib.

Bir neçə gün öncə Azərbaycanda da tibbi maska istehsal edən müəssisəsinin açılışı olub. Maraqlıdır ki, Azərbaycanda maska istehsalına başlandıqdan sonra bu qoruyucu vasitənin vətəndaşlara pulsuz paylanması mümkündürmü? Ümumiyyətlə, ölkəmizdə tibbi maskaların əhaliyə pulsuz verilməsinin iqtisadi yükü nə qədər ola bilər?

Yenicag.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirən iqtisadçı Məhəmməd Talıblı bildirib ki, tibbi maskaların vətəndaşlara pulsuz paylanması elə də ciddi iqtisadi yük yaratmır. Əksinə, infeksiya təhlükəsinin azaldılması üçün vətəndaşların tibbi maska ilə pulsuz təmin edilməsi vacibdir:

“Türkiyə dövləti öz təşəbbüsü ilə vətəndaşlarına xidmət nümunəsi göstərdi. Azərbaycanda da bu nümunə təkrarlanmalıdır. Burada qeyri-adi heç nə yoxdur. Ölkə Konstitusiyasında göstərilir ki, dövlətin vətəndaşı daxili və xarici təhlükələrdən qorumaq vəzifəsi var.

Dövlətlə vətəndaş arasında ictimai müqavilə ona görə bağlanır ki, vətəndaş büdcəyə ödədiyi vergilər hesabına özünün cari və perspektiv təminatını qarşı tərəfdən görsün. Bu baxımdan, dövlət öz vətəndaşlarını ictimai təhlükə doğuran koronavirusdan qorumalıdır”.

Tibbi maskaların vətəndaşın sağlamlığının qorunması üçün istehsal edildiyini bildirən Talıblı qeyd edib ki, maddi imkanı aşağı olan həssas sosial qruplara aid vətəndaşlara tibbi maska pulsuz verilməlidir:

“Elə həssas sosial qruplar (pensiyaçılar, yoxsul ailələr, fiziki və zehni məhdudiyyəti olan şəxslər və digərləri) var ki, onlar maddi çətinlik ucbatından maskadan istifadə etmək istəmirlər. Bu səbəbdən, əhaliyə tibbi maska ilə pulsuz paylanılmalıdır. Çünki maskanın əsas təyinatı vətəndaşı kənar viruslardan qorumaqdır. Yəni vətəndaş maskadan sui-istifadə edə bilmir.

Dövlət kritik situasiyalarda cəmiyyətin “atası” olduğunu sübut etməlidir. Ona görə mütləq mənada maskaların kütləvi istehsalı və onun vətəndaşlara əlçatanlığı təmin edilməlidir ki, sonradan ağılagəlməz virus yoluxucularının sayının artması hökuməti çətin seçim qarşısında qoymasın.

Azərbaycanın səhiyyə sistemi nəinki kritik situasiyalara hazır deyil, hətta orta səviyyəli problemləri önləmək gücündə deyil. Ona görə önləyici tədbirləri sürətləndirmək və çoxvariantlı etmək lazımdır”.

Gülşən Şərif