Koronavirusun Azərbaycanın xarici ticarət dövriyyəsinə TƏSİRİ – Rövşən Ağayevin ŞƏRHİ

“İknci rübdə valyuta bazarının tənzimlənməsi Mərkəzi Bankı daha çox gərginlikdə saxlayacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının Azərbaycanın xarici ticarət dövriyyəsi və maliyyə bazarına təsirlərini analiz edən iqtisadçı Rövşən Ağayev bildirib.

Rövşən Ağayevə görə, ağır psixoloji təzyiqlər, vətəndaşların gəlir və iş yeri itkilərilə üzləşməsi artıq mart ayından müşahidə olunsa da, xarici ticarət dövriyyəsi üzrə yeni açıqlanan statistika deməyə əsas verir ki, pandemiya Azərbaycan iqtisadiyyatına öz təsirini daha çox II rübdə göstərməyə başlayıb:

“İdxalda 500 milyon dollara yaxın azalma dövlət sektoru ilə bağlıdır. Neft Fondunun qızıl aktivlərinin artırılmasına görə ötən il dövlət sektorunun idxal həcmi 1,5 milyard dollardan çox artmışdı.

Martda idxalın həcmi 850 milyon dollar təşkil edib ki, bu, yanvarla müqayisədə 120 milyondan çox, fevralla müqayisədə 220 milyon dollar azdır. Yəni 3 ayın nəticəsinə əsasən, orta aylıq idxal göstəricisində böhrana görə kəskin azalmaya səbəb olacaq bir durum yoxdur.

Hətta qeyd edə bilərik ki, minik avtomobillərinin idxalında 2 dəfə artım olub. Qeyri-neft məhsullarının ixracında da 14 milyon dollar dəyərində artım qeydə alınıb.

Nəzərə alaq ki, valyuta bazarında martda müşahidə olunan gərginlik və ajiotaj hələ ixrac gəlirlərində azalmanın olmadığı dövrdə baş verib. Bu baxımdan, ikinci rübdə valyuta bazarının tənzimlənməsi Mərkəzi Bankı daha çox gərginlikdə saxlayacaq”.

Gülşən Şərif