!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Körpəmin atası “quşlayan” deputatlardan biridir” – Azərbaycanda doğuzdurulan Robot-ana ilə XƏYALİ MÜSAHİBƏ  

!Reklam – Yazi

“Məni çarpayıya uzadıb gətirdilər zalın ortasına, camaat da toplandı başıma, sanki tamaşa göstərəcəkdilər”.

Azərbaycan Tibb Univeristetində (ATU) ictimai müşahidə altında doğuş həyata keçirən SMART MOM doğuş simulyatorunun Yenicag.az-a xəyali müsahibəsini təqdim edirik.

– Salam, SMART MOM. Necəsən? 

– Salam. Çox sağ ol, doğuşdan sonra yaxşıyam. Söhbətə başlamamışdan əvvəl onu deyim ki, məni Süsən MOM deyə çağıra bilərsən.

– Süsən? Yaxşı, bəs niyə Süsən? 

– Düzü, mən buralı olmadığıma görə əvvəlcə düşündüm ki, özümə Roza adını seçim. Ancaq çox sağ olsunlar, tibb bacıları məni başa saldılar ki, bəs ay qız, “SMART”ın yerinə Roza qoysan, sonrakı “MOM”la uyğun gəlməyəcək, biabır olarsan. Bu iki söz nəsə pis bir məna verirmiş. İraq olsun.

– Ha-h- ha… Amma düz deyiblər… Yaxşı, Amerikadan vura-vura gəlib, tibbin beşiyi olan Azərbaycanda doğuş həyata keçirmək çətin olmadı? 

– Açığı, bunu özüm istədim. Axı mənim bir tərəfim azərbaycanlıdır. Nənəmin ikinci ərinin ögey anası sizin bir rayon var e, Zzən.., Zənda.., Zərdə…

– Bəlkə Zərdab? 

– Hə, Zərdab. Ögey anası oralıdır. Dedim, qoy gedib ulu nənə-babalarımın torpağında doğum.

– Soruşmaq ayıb olmasın, körpənin atası kimdir? 

– Körpəmin atasını hamı tanıyır, çox məşhur adamdır.

– Hansı sahədə çalışır, nə işlə məşğuldur?

– Heç bir iş görmür.

– Necə məşhur adamdır ki, heç bir işlə məşğul deyil?

– Deputatdır da…

– Hansı deputat?

– Ən çox “quşlayan” deputatlardan biri…

– Belə de…

– Dedim…

– “Quşlayan” deputatdan nə ağılla uşaq dünyaya gətirdin?

– Elə ikimiz də bir ağıldayıq…

– Uşaq dünyaya gətirmək hansınızın ideyası oldu? Biriniz robot, biriniz deputat… Asan deyil axı…

– Onu fikrindən daşındıra bilmədim… Əslində, heç fikirləşib iş görən adam da deyil…

– Niyə qorunmurdun ki?

– Deputatdan?

– Hə də…

– Necə qorunum, adamın toxunulmazlıığı var…

– Nə isə, öz zibilinizdir…Eeee, öz işinizdir… Xəbərin var ki, bir dəfə doğmaqla, ölkədə fırtına qoparıbsan?

– Bunun belə səs-küyə səbəb olması məni təəccübləndirdi. Aramızda qalsın, gündəmi dəyişməyim özümə də ləzzət elədi.

– Doğuş zamanı rahat idin? O qədər adamın gözü qabağında… Hələ bir nəfər lap öndə dayanıb gözünü kamera kimi zilləmişdi…

– Çətin idi. Nə qədər mənə robot desələr də, hər halda, qadınam. Elə baxırlar ki… Hələ oradakı kişilər… İmkanları olsa, həkimi qovub doğuşu özləri qəbul edərdilər. Utanmaz-utanmaz baxıb gülürdülər… Sonra bildim ki, marıtlayanlardan biri həyat yoldaşımın heç vaxt danışmayıb, “knopka” basan həmkarıymış. Prosesi elə həyacanla izləyib ki, sanki oradan mikrorobot yox, dinozavr çıxacaq.

– Gərək əvvəldən imkan verməyəydin…

– Məndən soruşan oldu ki? Çarpayıya uzadıb gətirdilər zalın ortasına, camaat da toplandı başıma.

– Onu demirəm, gərək vaxtında deputata imkan verməyəydin…

– Deputat demişkən, hamı ordaydı, ancaq o başıbatmışı görmədim… Deyəsən, heç gəlməmişdi.

– Gəlsə nə dəyişəcəkdi ki? 

– Deyirsən, öz uşağına yiyə durmayacaq?

– Çətin sual oldu…

– Niyə?

– Yəqin o deputatın ailəsi-uşağı, hətta nəvələri var. Necə durub desin ki, robot-uşağın atası mənəm?

– Mənim “mikrosxem”lərimi yandıra bilir, öz uşağını boynuna ala bilmir?

– Boynuna alsa, Milli Məclisin İntizam Komissiyasından əvvəl arvadı onun atasını yandırar.

– Mənə nə? Canı çıxsın, uşağına yiyəlik eləsin. Yeri gəlmişkən, deputatlar uşaq pulunu bərpa etdilər?

– Yox.

– Necə? (Süsəndən yeddimərtəbə söyüş)

– Bu söyüşləri hardan öyrənibsən?

– Doğana qədər işim-gücüm sizin telekanallara baxmaq olub, ordan eşitmişəm. Nədi, pis söyürəm ki?

– Yox, nə qədər lazımdırsa, yığıbsan…

– Hələ başqa söyüşlər də bilirəm, deyim?

– Lazım deyil, saxla.

– Yaxşı, bu gedişlə mənim axırım nə olacaq? Körpənin atası üzə çıxmır, uşaq pulu da verilmir… Necə dolanacağıq?

– Məndən niyə soruşursan? Bunu gərək əvvəldən fikirləşəydin.

– Etiraz aksiyası keçirsəm, xeyri olar?

– Tutub üstündəki bütün batareyaları çıxararlar, özünü də atarlar “metallolom”a, başına iş açma…

– Aman Allah…

– Mənim suallarım bitdi. Sən də uzağı bir həftədən sonra gündəmdən düşəcəksən. Buna hazır ol.   

– Görəcəkli günlərim varmış… Bəlkə məni özünlə redaksiyanıza aparasan? Orda qalaram…

– Məndə o deputata oxşayan sifət və ağıl görürsən? 

– Yox…

– Onda salamat qal, mən getdim.

– Cəhənnəm ol, elə hamınız bir zibilsiz. Öz başımın çarəsinə baxaram.

Söhbətləşdi:  Aqil Bəkir

www.yenicag.az

9422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv