!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmosun Bakıda müəyyənləşən PERSPEKTİVİ: “Fəzaya yol açmağın və orada möhkəmlənməyin...”

!Reklam – Yazi

“Dünya miqyasında tanınan mütəxəssislərin ölkəmizə gəlişi bizim ictimai şüura çox müsbət təsir göstərəcək”.

Bu fikirləri 74-cü Beynəlxalq Astromavtika Konqresinin Bakıda keçirilməsi və belə bir mühüm tədbirin Azərbaycana verəcəyi faydalar haqqında danışan professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, təşkil olunan konqres kosmosun əhəmiyyətini daha dərindən dərk etməyə imkan verəcək:

“Əvvəlcə qeyd etmək lazımdır ki, dünyada bu sahədə aparıcı mövqeyə malik olan qurum NASA-dır. Ümumiyyətlə isə kosmosu fəth etmək üçün yeganə yol yalnız elmin inkişaf etdirilməsidir. Klassik vasitələrlə – quru və dəniz yolları ilə dünya üzrə səyahət etmək mümkündür. Lakin fəzaya yol açmağın, orada möhkəmlənməyin yeganə yolu elm və təhsildən keçir.

Hazırda bu istiqamətdə dünya liderliyi ABŞ-a məxsusdur. Ötən əsrdə isə vəziyyət nisbətən fərqli idi və keçmiş SSRİ ABŞ-la müəyyən rəqabət apara bilirdi. Qeyd edim ki, SSRİ-də bu sahə ilə məşğul olan öncül alimlərdən biri də akademik Yuri Rıjov idi. O, uzun müddət Moskva Aviasiya İnstitunun rektoru kimi fəaliyyət göstərib. Lakin sonra Rusiyada qeyd olunan sahəyə diqqət xeyli azaldı və Rıjov da yaranmış vəziyyətlə bağlı xeyli sərt fikirlər səsləndirdi.

Azərbaycan postsovet ölkəsi olsa da, Rusiyadan fərqli olaraq, bizdə bu sahəyə münasibət müsbət mənada çox fərqlidir. İlk öncə aviasiya sahəsi üçün yararlı ali təhsil müəssisəsi təsis etdik, daha sonra isə kosmosa süni peyklərimizi göndərdik. Vurğuladığım işlərin əhəmiyyəti çox böyükdür. Yeri gəlmişkən, hazırda bu layihələri kənardan müşahidə etsəm də, vaxtilə həmin işlərin həyata keçirilməsində fəal iştirakım olub. NASA-nın Klivlend şəhərindəki kosmik mühərriklər istehsal edən zavodların layihələndirilməsində mənim də əməyim keçib.

Ona görə də, bu koqresin Azərbaycanda keçirilməsinə çox şadam. Bu sahənin dünya miqyasında tanınan mütəxəssislərinin ölkəmizə gəlişi bizim ictimai şüura çox müsbət təsir göstərəcək. Təşkil olunan konqres kosmosun əhəmiyyətini daha dərindən dərk etməyə, bu sahəyə sanballı maliyyənin ayrılmasına, alimlərin birgə elmi işlər hazırlamasına ciddi təkan verəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv