!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Laçın dəhlizinə nəzarətin ƏHƏMİYYƏTİ: "...Ermənistan iki aya sülh müqaviləsi imzalayacaq" - RƏY

!Reklam – Yazi

“Laçın dəhlizində Azərbaycanın dövlət sərhəd nəzarətinin bərpa edilməsi o deməkdir ki, iki ildir sülh müqaviləsindən qaçan Ermənistan iki aya sülh müqaviləsi imzalayacaq”.

Bu fikri Laçın dəhlizindən Qarabağa daşınan texnikalar, dəhlizin ermənilər üçün əhəmiyyəti və Azərbaycanın atmalı olduğu addımları şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Ermənistanla sülh müqaviləsi bağlanmasına ən böyük əngəl Laçın dəhlizidir:

“10 noyabr bəyanatında Azərbaycanın əleyhinə olan bəndlərdən biri Laçın dəhlizi olub. Keçmiş Dağlıq Qarabağın müəyyən hissəsinə nəzarət Rusiyaya verilsə idi də, rus sülhməramlıları ilə ən azı birgə olaraq Laçın dəhlizinə Azərbaycan nəzarət etməli idi. Laçın dəhlizi bəlaların ən əsas səbəbidir.

Laçın dəhlizi vasitəsi ilə hətta nə gətirdiklərini bilsək belə, mane ola bilməməyimizin ucbatından 2 ildən çoxdur vaxt keçir, hələ də müsbətə doğru heç irəliləyiş yoxdur. Həm Azərbaycanın həmin ərazilərə nəzarətini bərpa etməsinə, həm də Ermənistanla sülh müqaviləsi bağlanmasına ən böyük əngəl Laçın dəhlizidir.

Laçın dəhlizi həm ideoloji, həm də hərbi baxımdan Azərbaycana qarşı yönəlmiş bir təxribat yeridir. İdeoloji ona görə deyirəm ki, söhbət təkcə texnikanın keçirilməsindən getmir. Ora gələnlər, Fransa prezidentliyinə namizədindən tutmuş, faşist üslubunu seçmiş ideoloqları, belə desək, Zori Balayanları gəlir, mitinqlər keçirirlər. Sonuncu 30 oktyabrda keçirdikləri mitinqə məhz Laçın dəhlizindən nə qədər adam keçdiyini, neçə avtobus adam gətirildiyini çağırış edənlərdən biri qondarma rejimin qondarma xarici işlər naziri təyin olunan Vardan Oskanyan idi. Bütün bunlar Laçın dəhlizinə bizim nəzarət etməməyimizdən irəli gələn məsələlərdir. Bu zərəri praktiki şəkildə gördük.

İki il ərzində bu zərəri neytrallaşdırmaq üçün heç nə etməmişik. Laçın dəhlizi ilə bağlı cəmiyyət narahatlığını bildirib, rəsmi dövlət nümayəndələri isə Laçın dəhlizinin perspektivi haqqında heç bir reaksiya verməyib. Bunun da səbəbləri var. Ən böyük səbəb Rusiya və onun təzyiqidir. 10 noyabr bəyanatında yazılıb ki, Qarabağla Ermənistan arasında maneəsiz gediş-gəliş təmin olunmalıdır. Dövlət nəzarəti nə vaxtdan maneə sayılır? Bu bir beynəlxalq qayda-qanundur, həmişə yerinə yetirilib.

Əgər ölkənin xüsusi xidmət orqanının məsul şəxsi bu barədə açıq danışırsa, bu o deməkdir ki, addımı atmaq vaxtıdır. Bu mütləq həyata keçirilməlidir. Əgər xüsusi xidmət orqanı bunu rəsmi şəkildə bildirirsə, demək ki, addım atmaq planlaşdırılır. Arzu edək ki, bu həqiqətən də həyata keçsin.

Qarabağdakı separatçı rejim özünü aktiv subyekt kimi təqim etmək istəyir. Bu Azərbaycan üçün problemlər yaradacaq.

Ermənitanla sülh müqaviləsindən, delimitasiya və demarkasiya işlərindən daha çox, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə dövlət nəzarətimizin həyata keçirilməsinə başlanılması vacibdir.

Xankəndi və digər yerlər üzərində nəzarəti gündəmə gətirməliyik. Balasanyan deyir ki, biz nəinki “Artsax ordusunu” buraxacağıq, əksinə yeni silahlarla təchiz edəcəyik. Əskəranda silah zavodu yoxdur. Demək ki, bu silahlar xaricdən gətiriləcək. Laçın dəhlizi çox önəm daşıyır. Laçın dəhlizinə bir an belə ləngimədən nəzarət etməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv