!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçın yolu təxribatı ilə bağlı ŞOK faktlar

!Reklam – Yazi

Hə, indi də Ermənistandan Qarabağa “humanitar yük” daşıdığı iddia olunan və Laçın qapısının ağzında cəmlənən “Spayka” şirkətinə məxsus karvandan bəhs edək…Avropalı emisarlar, ermənilərlə ağız-ağıza verib, “humanitar yüklü karvan”dan danışır, zəhləmizi tökürlər ikinci gündür…

Yenicag.az xəbər verir ki, 2001-ci ildə yaradılan bu şirkətin nə qədər “humanitar yüklü” olduğunu hələ 2020-ci ildə, 44 günlük müharibə günlərində görmüşük. O zaman “Spayka”ya məxsus yük maşınları Gürcüstan-Ermənistan sərhədində saxlanılmışdı, Ermənistana silah daşıdığına görə. Gürcü qonşularımızın həmin günlərdəki mərd davranışını heç vaxt unutmayacağıq. O zaman məlum oldu ki, hərbi yüklər mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirilib. Silah-sursatı Gürcüstan yolu ilə Ermənistana daşımaq, oradan da Azərbaycan əleyhinə istifadə etmək istəyirdilər, baş tutmadı. “Spayka” şirkətinin yükləri mənzilbaşına çatmadı. İndi o maşınlardan 19-unu göndəriblər Laçın yoluna!

Bu mənada hesab etmək olar ki, 2020-ci ildə ifşa olunan, təyinatına uyğun olmayan yükləri daşıdığına görə “Spayka” artıq Azərbaycan dövlətinin qara siyahısındadır. Odur ki, o karvanın hətta Ağdam-Xankəndi marşrutu üzrə hərəkətinə də icazə verilməməlidir! Əksinə, bu şirkətə məxsus maşınlar müsadirə edilməli, sürücülər saxlanmalı, indiyədək Qarabağa nə qədər mina, silah-sursat daşıdıqları araşdırılmalıdır! Müharibədən sonra İran TIR-ları və onların sürücüləri ilə bağlı baş verənlər yadınızdamı? Azərbaycan dövləti İranın qanunsuzluqlarına belə göz yummadı, Ermənistanın qarşısındanmı geri çəkiləcək?

Adı çəkilən daşıma şirkəti ilə bağlı internet üzərindən bəzi araşdırmalar apardıqda maraqlı məlumatlar ortaya çıxdı. Bu şirkətin İsveçin “Volvl Trucks” konserni ilə əlaqələri də ortaya çıxır. Yəni təkcə Ermənistanın planı deyil 19 TIR-ın düzlənməyi…Bir neçə il əvvəl erməni mətbuatı yazıb ki, İsveç şirkəti Ermənistanda nümayəndəlik açdığını elan edib və onu Ermənistanda “Spayka” şirkəti təmsil edəcək. O zaman “Jamanak” qəzeti əminliklə yazmışdı ki, “Spayka” şirkətinin arxasında Robert Köçəryanın oğlu dayanır, rəsmən David Kazaryanın (2019-cu ildə 15 milyon dollar məbləğində vəsaiti  vergidən yaydırmaqda ittiham olunduğu üçün sonradan həbs edilmişdi) adına qeydiyyata alınsa da.

Rəsmi səhifəsində yazılır ki, “Spayka” MDB ölkələrində və Avropada beynəlxalq yükdaşımaları həyata keçirir, həmçinin beynəlxalq standartlara cavab verən, ən müasir idarəetmə və kommunikasiya sistemləri ilə təchiz edilmiş avtomobillər təqdim edir. Həmçinin meyvə və tərəvəz ixracının həcminin 70%-ni təmin etməklə Ermənistanın aqrar iqtisadiyyatında strateji rol oynadığı qeyd olunub. Yəqin ki, bu şirkət heç bir ölkənin sərhədinə “karvan sürüb” də “açın qapını, mən gəlim” ərköyünlüyünü eləmir və buna cəsarəti də çatmaz. Ortada müqavilələr olmalıdır, yükün növü, tonnajı qeyd olunmalıdır, həmçinin dövlətlərarası əlaqələr də öz yerində.

İndiki halda Azərbaycanla Ermənistan arasında hər hansı rəsmi sənəd yoxdur, hökumətlərarası münasibətlər mövcud deyil. Həmçinin bilinmir “Spayka” karvanları nə daşıyır, bəlkə elə Gürcüstan yolu ilə daşıdığı silah-sursatdır. Yaxud Azərbaycan dövlətinin milyonlar bahasına çəkdiyi Laçın yolu ilə niyə Ermənistanın 19 TIR-ı Xankəndiyə getməlidir, hər hansı razılaşma və ödəniş olmadan?

İndi məsələnin digər tərəfinə diqqət edək. “Spayka” sözü ruscadan çevirdikdə, “bitişmə” mənasını verir. Tibbi termin kimi ifadə olunur. Sizə elə gəlmirmi ki, ermənilər hazırladıqları bu siyasi tamaşada “Spayka” – “bitişmə” adını daşıyan şirkətin TIR karvanlarından dəsadüfən istifadə etməyiblər? Burada sətiraltı məqam-məqsədin, mənanın olduğunu iddia etmək üçün əsasımız var. 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərində “Miatsum” şüarı ilə başlamışdılar axı Qarabağda məlum təxribatlara…”Miatsum” da ermənicədən “birləşmə” mənasını verir. Son günlər yenidən hadisələrin axarını 30-35 il öncəyə qaytarmaq cəhdləri müşahidə olunur, Xankəndi də İrəvanda eyni saatlarda aksiyalar təşkil edilir, yenə də “genosid”, “blokada”, “əzabkeş erməni” nağılları tirajlanır…O vaxt da belə başlamışdılar. Və dövriyəyə “Spayka”lar girir, daha doğrusu, Laçın yoluna istiqamət götürür. O vaxt “Miatsum”- “Birləşmə”, indi də “Spayka”-“Bitişmə”. Təsadüfdürmü? Erməni fitnəkarlığını və onların iftiralarına avropalı, amerikalı, rusiyalı dəstəkçilərin maraqlarını nəzərə alsaq, çətin…

Prezident İlham Əliyev, Azərbaycan dövlətinin başçısı, həm də Xankəndinin sahibi bu ilin 28 mayında Laçında olarkən həm Ermənistandakılara, həm də Qarabağdakı separatçı tör-töküntülərə sözünü demişdi.

Sitat: “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi”. Bundan sonra separatçı-terrorçu qüvvələr hərəkətlənməyə cəhd göstərsələr də, “miatsum”u dilə gətirə bilmirlər, hansısa yük maşınlarının arxasında gizlənirlər, “bitişmək” istəyirlər.

Arzuları gözlərində qalacaq!

Laçın yolu ilə bağlı məsələ birdəfəlik qapadılmalıdır və əminik ki, belə də olacaq! Avropalı canişinlər göyə çıxsalar belə. Dövlətimizin beynəlxalq hüquqa əsaslanan siyasəti var. Elə bu gün Qarabağdan 34 erməni Laçın Sərhəd Nəzarət Məntəqəsindən yoxlanışdan keçərək Ermənistana gedib. Hətta erməni xəstələr azərbayacanlı tibb işçiləri tərəfindən müayinə də olunub. Yəni “blokada” fitnəsi keçərli deyil, TIR-lara tamaşaya gəlmiş Avropa İttifaqının müşahidə missiyası bu faktlara da nəzər yetirsin bəlkə…

Heç kim unutmasın, Laçın yolunun karvansaray qapısı olmasına SON verilib artıq! Laçın yolu bizim həssas nöqtəmizdir. Çünki Qarabağın işğalı məhz bu yolla həyata keçirilib! Bu yolla torpaqlarımızı işğal edən erməni tankları üstümüzə gəlib, insanlarımızı qətlə yetirib, Vətənimizi yağmalayıb! Bu yolla 2021-202-ci illərdə belə minalar daşınıb Qarabağa, 300-ədək hərbçimiz, mülki vətəndaşımız həyatını itirib, yaralanıb! Bu yolun nəzarətdən kənarda qalması mümkün deyil bundan sonra! Dövlət rəsmisinin bəyan etdiyini bir daha xatırladaq: “Oyun bitdi!”/Yenimusavat/

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv