Laçından Xənkəndiyə açılan yol – Səxavət Məmməd yazır

Laçın rayonu, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsindən sonra elə ab-hava yaranıb ki, sanki Qarabağda hər şey bitib. Əksinə, çox şey hələ yeni başlayıb.

Münaqişənin aktiv fazası bitsə də, qalıqlar var və davam edəcək. Münaqişənin qalıqları zaman-zaman müxtəlif formalarla qarşımıza çıxacaq. Yəni kimsə 1988-ci ildən başlamış və 30 ildən çox davam etmiş düşmənçiliyin qısa zamanda bitməsini gözləməsin. Buna heç tərəflərin cəmiyyətinin düşüncəsi də imkan verməyəcək. Çünki hər iki tərəfdə çoxlu sayda pupulistlər mövcuddur və onlar düşmənçiliyi körükləyəcəklər. İki dövlət də müstəqillikdən sonra normal cəmiyyət yetişdirmək yerinə, maraqlarına xidmət edən toplum yetişdirib. Ona görə də proseslər sivil formada, qarşılıqlı anlaşma ilə çətin həll olunsun.

Azərbaycan tərəfinin qarşısında çoxlu məsələlər durur. Bunlardan birincisi işğaldan azad edilməmiş digər bölgələrdir ki, ora Rusiya sülhməramlılarının nəzarəti altındadır. Azərbaycan keçmiş Dağlıq Qarabağda hakimiyyətini bərqərar etmək üçün qarşı tərəfə təzyiqlərini artırmalıdır. Bəzən belə bir fikir ortaya atılır ki, ruslar ərazidən çıxmalıdır. Hesab edirəm ki, bunu həm Rusiya istəməyəcək, həm də məntiqlə mümkün deyil. Çünki Azərbaycan dövləti həmin ərazilərdə hakimiyyətini bərqərar etdikdən sonra 30 illik düşmənçiliyin arasında hansısa qüvvə olmaq məcburiyyətindədir. Fərqi yoxdur, bu, Rusiya olacaq, ya da başqa ölkələrin sülhməramlıları, mütləq məsələ bitənə qədər arada dayanan olacaq. Ermənisiz Qarabağ absurd yanaşmadır. Heç haqlı olduğumuz məsələləri sübut edə bilmirdik…

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, insan amili nəzərə alındığı üçün Xankəndiyə girilməyib. Bu o deməkdir ki, müharibə vaxtı hərbi əməliyyatla Xankəndi variantı gerçəkləşməyibsə, indi antiterror, xüsusi əməliyyatla heç gerçəkləşə bilməz. Açığı, Xankəndi məsələsində insan amili məsələsi o qədər də inandırıcı deyil. Çünki Hadrut da işğaldan azad edilən zaman orada kifayət qədər insan olub. Demək ki, bu işin içərisində başqa iş var idi. Yəni Hikmət Hacıyevin mesajından həm də onu anlamaq lazımdır ki, Azərbaycan tərəfi Xankəndi məsələsini həll etmək üçün hərbi yox, diplomatik sahədə baş sındırmalı olacaq.

Digər məsələ isə sərhədlərin müəyyən edilməsidir. Bu məsələ hələ də açıq qalır. Xəritələrin müəyyən edilməsi, daha doğrusu, neçənci ilin xəritəsi üzərindən tərəflərin anlaşması vacibdir. Bundan sonra isə sərhədin çəkilməsinə başlanmalıdır. Qarşıdan qış aylarının gəldiyini və Qarabağdakı hava şəraitini nəzarə alsaq, bunun yaxın zamanda olacağını gözləmək doğru deyil.

Azərbaycan tərəfinin qarşısında duran digər məsələ isə erməni əsilli əhalisyə şəxsiyyət vəsiqələrinin verilməsidir. Azərbaycana ermənilər tərəfindən Şuşada işləmək üçün müraciətlər də olub, vətəndaşlığa keçmək istəyənlər də. Ancaq məsələ ondadır ki, separatçı rejimin nümayəndələri həmin şəxsləri sıxışdırır, təhdid edir. Onların gözünün qorxmaması üçün Azərbaycanla yanaşı, sülhməramlı tərəfinin də üzərinə ciddi iş düşür. Bunun həll edilməsi isə zaman alacaq.

Azərbaycan Qarabağda strateji yüksəkliklərin, demək olar ki, böyük hissəsinə tam nəzarət edir. Təkcə Xankəndiyə 3 istiqamətdən vizual müşahidə mövcuddur. Yəni ordunun üzərinə düşən işi yekunlaşmış saymaq olar. Hesab edirəm ki, münaqişənin qalıqlarını ordunun əlindən almaq vaxtıdır. Çünki ordunun danışacağı dil silahdır. Düzdür, erməni tərəfi daha çox sərt dildən anlayır, ancaq ordu da uzun müddət aktiv vəziyyətdə gözləyə bilməz. Hazır olmaq başqa şeydir, ancaq hər gün dağ-daş gəzmək tamam başqa. Bundan əlavə, qış mövsümündə ordunun hərəkəti də məhdudlaşacaq. Qarabağda xeyli sayda mövqelər var ki, ora təminatın çatdırılması belə zəhmət tələb edir. Bu baxımdan, Azərbaycan tərəfi diplomatik kanallar vasitəsilə təzyiqlərini artırmalıdır.

Azərbaycanın erməni tərəfinin üzərinə gedə biləcəyi əsas kartlardan biri də vurulmuş ziyana görə təzminatın ödənilməsi məsələsidir. Azərbaycan bu məsələdə susqun davranır. Hesab edirəm ki, təzminatla bağlı məsələ gündəmə gəlməlidir və bütün kanallar vasitəsilə qarşı tərəfin üzərinə gedilməlidir.

Ordunun aktivliyi hələ ki diplomatların passivliyini arxa fonda qoyub. Bundan sonrakı proseslərin sürəti diplomatların nə qədər aktivlik nümayiş etdirməsindən asılı olacaq. Alınacaq mı, zaman göstərəcək…

COP29