!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Laqeydlikdən sınan, haqqı tapdalanan MƏŞHUR AKTYOR: Ölənə qədər ümidlə gözlədi - Cəvahir Nehru yazır

!Reklam – Yazi

“Papirosum yana-yana,
Od düşüb şirin cana.
Mən yarımla görüşdüm, Əmir əmioğlu.
İndi qal yana-yana… “

İllər öncə sevə-sevə izlədiyim “Göz həkimi” televiziya tamaşasında sevdiyi tibb bacısı ilə xəlvət görüşəndən sonra Həsənağanın (Yaşar Nuri) xəstəxana gözətçisi Əmir kişiyə (Məcnun Hacıbəyov) acıq verərək oxuduğu bu məşhur mahnını təsadüfən xatırlatmadım.

Həmin tamaşaya xüsusi kolorit qatan tanınmış aktyor, Əməkdar artist Məcnun Hacıbəyovun bu gün doğum günüdür. Tamaşaçılar özünəməxsusluğu ilə hər zaman seçilən və sevilən bu aktyoru daha çox “Evlənmək istəyirəm”, “Gənclik macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında ustalıqla canlandırdığı obrazlara görə yaddaşlarına həkk ediblər.

Ömrünün son çağlarında illərlə çalışdığı doğma teatrdan uzaq düşməsəydi, daha neçə-neçə gözəl obrazlara həyat verəcəkdi. Amma taleyinə yazılan ağrılı-acılı günlər onu həyatı qədər sevdiyi səhnədən uzaqlaşdırdı. Şəxsi həyatında yaşadığı problemlərə görə evsiz-eşiksiz qalan aktyor günlərin birində səhnəni, umu-küsü yaşadığı sənət dostlarını paytaxt Bakıda qoyub doğulub boya-başa çatdığı doğma kəndinə – Qubanın İkinci Nügədi kəndinə yollandı.

Elə ömrünün son günlərinə qədər də orada tək-tənha yaşayıb, ömrünü başa vurdu, doğma kəndində dəfn olundu. Əslində, zəhmətinin bəhrəsini çoxdan almalıydı Məcnun Hacıbəyov. Vaxtilə onunla eyni səhnəni bölüşənlərin demək olar ki, hamısı Xalq artisti idi. Hətta ondan sonra sənətə gələnlər də bu fəxri ada sahib olmuşdular.

Haqq etdiyi bu adı ona çox görmüşdülər. Bunu üzə vurmasa da, qəlbinə toxunmuşdu üzləşdiyi bu laqeyd münasibət. Doğma kəndinə sığınsa da, ümid edirdi… Bir gün yeni rola dəvət ediləcəyini, bir gün sayılıb-seçiləcəyini, haqq etdiyi Xalq artisti adını alacağını gözləyirdi…

Amma o gün gəlmədi. Nə sənət dostları onun ziyarətinə getdi, nə də həmin vaxt mədəniyyət naziri postunu tutan Əbülfəs Qatrayev ona lazım olan diqqəti, qayğını göstərdi. Bəli, səhnədə unudulmayan bu aktyor həyatda yaddan çıxdı. Elə onu bu dünyadan aparan əsas səbəb də biganəlik, laqeydlik oldu. Özünə qapandı.

Vaxtilə oynadağı obrazların xatirəsi ilə yaşadı. Elə bu xatirələrin qanadında da dünyaya vida etdi Məcnun Hacıbəyov. Lakin yaratdığı unudulmaz obrazları bu dünyada qoyub getdi. Bu gün biz onu təbəssümlə xatırlayırıq. Yaratdığı milli koloritli obrazlarda yenə də yaşayır, yenə də sevilir, yad olunur böyük aktyor. Allah o dünyasını versin.

Cəvahir

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv