Reklam

Reklam

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına açıqlamasında Dağlıq Qarabağ məsələsinə toxunarkən bildirib ki, münaqişə tərəfləri danışıqlarda irəliləyişin əldə olunması üçün bir-birilərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər. Ardınca o qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ aktuallığını itirməyib.

Maraqlıdır, sözügedən fikri səsləndirmək, xüsusən də Kazan sammitini yenidən gündəmə gətirməklə ermənipərəst siyasətçi kimi tanınan Lavrov görəsən nələri nəzərdə tutmaq istəyib?

Rusiya XİN başçısının həmin fikirlərini Yenicag.az-a şərh edən politoloq Elşən Manafov Lavrovu səmimi mövqe sərgiləməməkdə günahlandırdı:

“Rusiya xarici işlər naziri Sergey Lavrov verdiyi son müsahibəsində bildirib ki, Moskva hələ də konfliktin 2011-ci ilin Kazan sammitində əldə edilən razılıq əsasında həllini mümkün sayır. Başqa bir tərəfdən, həmin açıqlama bir daha göstərir ki, Rusiya hələ də münaqişənin tənzimlənməsində ən ciddi problemi konflikt tərəflərinin bir-birinə olan etimadsızlıq mühitilə əlaqələndirir. Halbuki, bu etimadsızlıq mühitinə görə Rusiya, habelə Minsk qrupunun digər iki həmsədr ölkəsi də məsuliyyət daşıyır.

Lavrovun açıqlaması göstərir ki, həmin məsələdə Rusiya səmimi mövqedə deyil. Düzdür, ikitərəfli və prezidentlər arasında olan münasibətlər çərçivəsində problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli imkanları vardır. Son zamanlar Lavrovun Rusiya mediasında reytinqi müəyyən mənada aşağı düşüb. Bu da təbii ki, Avropa Birliyi (AB) və ABŞ-ın Rusiyaya yönəlmiş sanksiyaları gücləndirməsilə bağlı oldu. Hətta Rusiyanın bir çox tanınmış politoloqları bəyan etdi ki, AB və ABŞ-ın Rusiyaya münasibətdə atdığı növbəti sanksiyaları Putin Lavrova bağışlamayacaq. Ona görə görünür bu kimi açıqlamalarla Lavrov hələ də Rusiya diplomatiyasına real və gerçəkdən rəhbərlik edə biləcək şəxs olaraq qaldığını büruzə vermək istəyir. Göstərir ki, əslində MDB məkanındakı konfliktlərin tənzimlənməsində Moskvanın rolu böyük və həlledicidir.

Lavrov bunu deməmişdən əvvəl, Türkiyə prezidenti Ərdoğan Rusiyalı həmkarı Putinlə Soçi görüşündə də qeyd etmişdi ki, Moskvanın razılığı olmadan Qarabağ münaqişəsinin həllində ciddi addım atmaq mümkün olmayacaq. Bu onu göstərir ki, qardaş ölkə Rusiyanın regionda rolunun nə qədər ciddi olduğunu dolayısı ilə etiraf edir. Lavrovun da açıqlamasına məhz bu kontekstdən yanaşmaq lazımdır. Kazan sammintində əldə edilən razılıqlar da bu və ya digər məqamda Madrid prinsiplərinin bir sıra müddəalarını özündə ehtiva edir.

Hansı ki, həmin müddəaların yerinə yetirilməsi ATƏT-in Minsk qrupun həmsədr ölkələrindən daha çox, münaqişə tərəfi olan dövlətlərin siyasi elitasının üzərinə atılıb. Onda sual olunur ki, tərəflər öz aralarında razılığa gələ bilirsə, ATƏT-in Minsk qrupunun vasitəçiliyinə nə ehtiyac var? Minsk qrupu təkcə təkliflər irəli sürməklə kifayətlənməməli, eyni zamanda, tərəflər arasında etimad mühitinin formalaşması istiqamətində də sözünü deməlidir. Hələlik isə, Rusiya başda olmaqla həmsədr ölkələrin bu istiqamətdə addım atdığını müşahidə etmirik. Bu da daha çox dərəcədə geosiyasi güclərin bölgə ilə bağlı toqquşan geosiyasi maraqlarından irəli gəlir”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 767
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."