“Qarabağla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı ölkəmiz üçün qələbə, Ermənistan üçün isə növbəti məğlubiyyət kimi qəbul olunmalıdır”.
Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünü dəyərləndirən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.
Politoloqun fikrincə, Moskva görüşündə imzalanan ikinci Bəyannamə Ermənistana ikinci zərbə olub. Paşinyan isə hələlik bu zərbələrə tab gətirir və belə görünür ki, bir müddət bunu bacara biləcək.
“Putin, Əliyev və Paşinyan tərəfindən imzalanan ikinci bəyannamə əslində birinci Bəyannamənin ermənilərin ən çox nifrət etdiyi 9-cu bəndinin, keçmiş Sovet İttifaqının ermənilər tərəfindən dağıdılmış dəmir yolunun, Azərbaycan tərəfindən Ermənistan (Zəngəzur) ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyəyə gedəcək dəmir yolunun taleyini həll edən bəndin icrasına həsr edilib. Ermənilər 9-cu bəndi Turan türk planının yerinə yetirilməsi adlandırırlar. Üçtərəfli işçi qrupun yaradılacağı barədə müddəa yolun açılaçağına əminliyi artırır. İkinci Bəyanatda təxribatçıların geri qaytarılması, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədlərinin yenidən yazılması və Qarabağın statusu barədə bir söz belə deyilmir. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvadakı görüşündə hərbi əsirlər məsələsi də həll olunmadı, bu istiqamətdə işlər davam etdiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Kremldəki görüşdən sonra bildirdi”, – deyə politoloq qeyd edib.
O, daha sonra qeyd edib ki, Zəngəzurdan keçən dəmir yolu Rusiyaya daha çox lazımdır.
“İkinci Bəyanat Birincinin davamı, doqquzuncu abzasın tətbiqi idi. Zəngəzurdan keçən dəmir yolu Azərbaycan və Rusiya üçün iqtisadi baxımdan lazımdır, Ermənistanın buradakı marağı bu ölkələr arasındakı iqtisadi ağırlığına görə üçüncü yerdədir. Putin Rusiyanın ehtiyac duyduğu yolları açdı. Ermənilərin status xülyaları, terrorist-təxribatçılar onu maraqlandırmır və Paşinyanın anti-Azərbaycan sənədi ilə İrəvana qayıtmaq üçün təzyiq etmək yolu yoxdur. İkinci Bəyanatla Azərbaycan noyabrda olduğu kimi istənilən tam qələbəni qazanmasa da, ümumən istədiyinə çatıb”, – deyə Qarayeva vurğulayıb.
Gülşən Şərif