!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lokal xarakterli antiterror əməliyyatı hansı ZƏRURƏTLƏRDƏN DOĞDU?

!Reklam – Yazi

Artıq 24 saatdır ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror əməliyyatı davam edir. Məlumata görə, indiyədək Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.

Düşmənin canlı itkiləri də az deyil. Qarabağ separatçılarının məlumatına görə, bu zamanadək 10-larla terrorçu həlak olub, 100-lərləsi isə yaralanıb. İtkilərin sayı tam açıqlanmasa da, böyük ehtimalla ermənilərin göstərdiklərindən daha çoxdur. Sözsüz ki, Qarabağda gedən ağır döyüşlərdə bizim də itkilərimiz olacaq. Odur ki, Azərbaycan dövləti bacardığı qədər daha çox itkilərə yol verməmək üçün məsələnin sülh yol yolu ilə çözülməsinə çalışırdı. 3 il ermənilərin törətdiyi terror hadisələrinə səbrlə dözməyimiz də bu humanizmdən irəli gəlirdi. Nə yazıq ki, arzuladığımız sülh yolu ilə həll planını həyata keçirə bilmədik.

Hazırda Azərbaycan torpaqlarını işğal altında saxlayan, Qarabağda, bəzi məlumatlara görə, 10 mindən artıq əsgər saxlayan ermənilərin ən ciddi silahı dünya dövlətlərindəki lobbiləridir. Ermənilər məhz bu lobbiləri sayəsində Azərbaycana təzyiq göstərib onu öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədən yayındıracaqlarına ümid bağlayırlar. Etiraf edək ki, son 30 ildə buna böyük ölçüdə nail də olublar. 2016-cı ilin aprel ayında Ordumuzun zorla cəlb olunduğu hərbi əməliyyat cəmi bir neçə gün davam etdi və Moskvanın təzyiqi ilə yarımçıq qaldı. Bənzər hadisələr 2020-ci ildə II Qarabağ müharibəsi də eyni tale ilə üzləşdi. Azərbaycan Ordusu bütün Qarabağı işğaldan azad etmək imkanı olduğu halda, erməni havadarlarının təzyiqi və İrəvanın kapiltulyasiya aktına imza atması nəticəsində bu həmlələrimiz də tam hədəfə çatmadan dayandırıldı. Sözsüz ki, bu qərarda da Azərbaycan Prezidentinin humanizm duyğusu, daha artıq qan tökmədən öz məqsədimizi reallaşdırmaq, ölkəmizin legitim haqlarını bərpa etmək istəkləri önəmli rol oynadı. Ölkə başçısı ermənilərin etibar ediləsi toplum olmadığını bildiyi halda, dünyanın və Əlahəzrət Tarixin qınaqlarına məruz qalmamağımız üçün sülh yolu ilə həll variantını seçdi.

Sual oluna bilər: Bəs nə oldu ki, Azərbaycan dünən bütün neqativ halları, xüsusilə erməni lobbilərinin təzyiqlərini nəzərə almadan lokal xarakterli hərbi əməliyyatlara start verdi? Bu əməliyyatları zəruri edən nə idi?

İlk öncə onu qeyd edək ki, Azərbaycanın öz legitim hədəflərini reallaşdırmaq üçün zamanı xeyli daralmışdı. Xüsusilə erməni lobbilərinin güclü olduğu ABŞ-da gələn il prezident seçkiləri başlayır. 5 noyabr 2024-cü ildə baş tutacaq seçki öncəsi erməni lobbisinin fəallaşacağı və prezidentliyə namizədlərin bu lobbi qarşısında həssaslaşacağı gözlənilir. Erməni ideoloqları da açıq şəkildə bu amili əsas götürüb Qarabağ separatçılarını 1 il dözməyə çağırır, seçkiöncəsi proses zamanı ABŞ-ın daha sərt reaksiyasını təmin etmək barədə düşünürdülər. Ermənistanın Hollandiyadakı keçmiş səfiri Dzyunik Ağacanyan sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bunu gizlətmir, açıq şəkildə separatçıları 7-8 ay müqavimət göstərməyə çağıraraq deyirdi: “ABŞ-da yaxınlaşan seçki prosesləri ilə dünyada vəziyyət dəyişməyə başlayacaq. ABŞ-ın seçki sistemindəki mövcud incəliklərə görə, cari ilin noyabrından başlayaraq indiki administrasiya hücuma məruz qalacaq. Ona görə də hakim qüvvə uğur nümayiş etdirməli olacaq”. Təbii ki, rəsmi Bakı ermənilərin bu məkrli planlarını daha erkən pozmağa məcbur idi.

İkinci önəmli səbəb son zamanlar erməni separatçılarının Azərbaycanın dövlətçilik dəyərlərinə ümumiyyətlə hörmət etməmələri idi. Məlum olduğu kimi, bütün dünya Qarabağı Azərbaycanın ərazi bütövlüyünə aid torpaq sahəsi olduğunu, orada yaşayan erməniləri bizimlə reinteqrasiyaya çağırsa da, hətta Ermənistan rəsmilərinin özləri belə, bu beynəlxalq tələblərlə sözdə razılaşsa da, biz Xankəndidə daha fərqli mənzərə ilə qarşılaşırdıq. Qarabağ erməniləri müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. İstənilən dövlət bu separatçı iddialara laqeyd qala bilməz, öz suverenlik hüquqlarının bərpası üçün antiterror əməliyyatlarına başlayardı.

Üçüncüsü, ermənilərin yalandan “humanitar böhran” görüntüsü yaradaraq, beynəlxalq müzakirələrdə söhbəti “xalqların öz müqəddaratını təyinetmə” hüququna gətirmək istədikləri aydın sezilirdi. Beynəlxalq müzakirələrdə guya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edən Nikol Paşinyan hökuməti də müxtəlif siyasətlərlə onların bu iddialarını dəstəkləyir, bəzi təxribatçı addımlara əl atırdı. Məsələn, İrəvandan Qarabağa “humanitar yardım” göndərir, Fransa kimi bəzi dövlətlərdəki lobbilərini də bu təxribatlara cəlb etməyə çalışırdı. Azərbaycanın “vətəndaşlarıma humanitar yardım lazımdırsa, özüm bunu edərəm” çağırışlarına isə Xankəndidəki qondarma rejim yolları bağlayaraq məhəl qoymurdu. Ağdam yolunun ermənilər tərəfindən bağlanması açıq şəkildə ölkəmizin öz əraziləri üzərindəki suverenlik hüququnun pozulması idi və hər bir dövlətin DİN və Dövlət Təhlükəsizlik orqanlarının bu vəziyyət qarşısında ata biləcəyi yeganə addım vardı: antiterror əməliyyatlarına başlamaq.

Dörüncüsü son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunur və onlar dinc dayanmır, müxtəlif terror aksiyaları törədir, yaxud buna hazırlaşırdılar. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu. Lokal xarakterli antiterror hadisəsinin keçirildiyi gün sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması bardağı daşıran son həmlə oldu. Həmin təxribat nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər dünyasını dəyişdilər. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də eyni şəkildə mina terroruna məruz qaldı, xeyli sayda polis əməkdaşımız, hərbi qulluqçularımız şəhid oldu və yaralandı. Bütün bunlar Azərbaycanı Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün lokal hərbi əməliyyatlar keçirmək məcburiyyətində qoydu.

Mürvət Həsənli,
“Qərbi Azərbaycan İcması” Qəyyumlar Şurasının sədri

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv