!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

London məhkəməsindən “tərs sillə”: Beynəlxalq Bankın özəlləşdirilməsi yenə yubanacaq

!Reklam – Yazi

“Digər kreditorlar da borclarını qısa müddətdə qaytarmaq üçün Beynəlxalq Bankı məhkəməyə verə bilərlər”.

Yenicag.az xəbər verir ki, bir neçə gün əvvəl London məhkəməsi Rusiyanın “Sberbank” bankı və “Franklin Templeton” fondunun Azərbaycan Beynəlxalq Bankına qarşı borcların restrukturizasiyası il bağlı iddiasını təmin edib.

Bu qərar isə özlüyündə Beynəlxalq Bankın kreditorları qarşısında öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutan restrukturizasiya planının həyata keçirilməsini dayandırmağa əsas yaradıb.

Son illərdə bank sektorunu bürüyən qeyri-müəyyənliyin episentrində yerləşən Beynəlxalq Banka qarşı qəbul olunmuş bu qərarı Yenicag.az-a şərh edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, xarici kreditorların adıçəkilən banka qarşı iddia qaldırmalarının əsas səbəbi onların restrukturizasiya şərtləri ilə razılaşmamalarıdır:

“London Yüksək Məhkəməsində Beynəlxalq Bankla bağlı qəbul edilmiş qərara əsasən, bankla kreditorlar arasında razılaşdırılmış restrukturizasiya proqramının icrası dayandırılır. Çox güman ki, Azərbaycan tərəfi Beynəlxalq Bankla bağlı çıxarılan bu qərardan apellyasiya şikayəti verəcək.

Apellyasiya şikayətinə baxılaraq, uyğun qərar verilməsi isə bir neçə ay vaxt aparacaq. Yəni apellyasiya şikayətinə baxıldığı müddətdə digər kreditorlarla razılaşdırılmış planın həyata keçirilməsi dondurulacaq.

Bu, təbii ki Beynalxalq Bank üçün qətiyyən yaxşı xəbər deyil. Çünki bu bank obrazlı desək, düşdüyü problemləri həll edərək, hamar yola çıxmağa çalışırdı. Hətta artıq beynəlxalq reytinq agentlikləri də Beynəlxalq Bankla bağlı pozitiv siqnallar verməkdəydilər. London məhkəməsinin məlum qərarından sonra isə reytinq agentliklərinin qiymətləndirmələrində Beynəlxalq Bank yenə də problemli qurum kimi təqdim olunacaq.

Digər tərəfdən, London məhkəməsinin bu qərarı Beynəlxalq Bankın nəzərdə tutulan özəlləşdirilməsini gecikdirəcək. Azərbaycan hökuməti maliyyə naziri vasitəsilə Beynəlxalq Bankın özəlləşdiriləcəyini dəfələrlə bəyan edib. London məhkəməsinin sözügedən qərarı isə bu prosesin uzanmasına səbəb olacaq. Ancaq belə görünür ki, bu bankın özəlləşdirilməsi istiqamətində 2018-ci il və 2019-cu ilin birinci yarısına kimi ciddi addım atmaq mümkün olmayacaq”.

Cəfərli Beynəlxalq Bankın restruktrizasiya planı olduğu halda, kreditorlar tərəfindən məhkəməyə verilməsinin səbəblərini də izah etdi:

“Bunun əsas səbəbi Azərbaycan tərəfinin təklif etdiyi restrukturizasiya şərtlərinin iki əsas kreditoru – “Sberbank” və “Franklin Templeton” fondunu qane etmədiyi üçün onlar məhkəməyə üz tutublar.

Azərbaycan hökuməti onlara borcu bir neçə hissəyə bölməyi və aşağı faizlə qaytarmağı təklif etmişdi. Digər kreditorlar pullarının tamamilə batmaması üçün bu şərtlə razılaşsalar da, “Sberbank” və “Franklin Templeton” fondu fərqli mövqe tutaraq, məhkəməyə müraciət etdilər. London məhkəməsi də onların lehinə qərar çıxardı.

Əgər Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayarsa, Azərbaycan tərəfi ən azı bu iki kreditorun borcunu maksimum qısa müddətdə və daha yüksək faizlə qaytarmağa məcbur olacaq. Bu da özlüyündə başqa kreditorlara presedent yarada və onların da analoji iddia ilə məhkəməyə üz tutmalarına səbəb ola bilər”.

A.Zeynalov

COP29

www.yenicag.az

2504
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv