!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkonun birdən-birə üzə çıxan Ermənistan SEVGİSİ: Belarus Prezidenti bəyanatı ilə nəyə nail olmaq istəyir? - TƏHLİL

!Reklam – Yazi

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə “Ermənistanın özünə görə haqlı tələbləri var” deməsi Azərbaycan cəmiyyəti üçün narahatedici bəyanat kimi qəbul olunub.

Azərbaycanın ictimai və siyasi sferasinda “Batya”nın bəyanatına münasibətin birmənalı olmaması təbii hal hesab olunmalıdır. Bilindiyi kimi, A.Lukaşenko MDB dövlət başçıları içərisində hər zaman Azərbaycana və onun lideri İlham Əliyevə xüsusi münasibətilə seçilən liderlərdən olub. O, zaman-zaman Azərbaycanın üzv olmadığı və İştirak etmədiyi KTMT kimi qurumun bəzi toplantılarında, sözügedən təşkilatda müttəfiqi olduğu Ermənistan qarşısında mövqeyimizi müdafiə edib.

Əlbəttə, bu müdafiə heç də səbəbsiz olmayıb. Belarus ən ağır iqtisadi problemlərlə üzləşəndə, Moskva Minski küncə sıxıb borcunu tələb edəndə Bakı Lukaşenkonu düşdüyü ağır vəziyyətdən çıxarıb. Lukaşenkonun bir zənginə Azərbaycan Prezidenti İlham Əliyev 900 milyon dollar borc verib və borcun qaytarılmasında İ. Əliyev A.Lukaşenkonu V.Putin kimi küncə sıxışdırmayıb. Bunu Belarus Prezidenti özü mətbuata etiraf edib.

Bundan başqa, 2020-ci ildə Belarusda keçrilən prezident seçkiləri zamanı Lukaşenko müxalifətçi rəqibi Svetlana Tixanovskaya qarşısında çətin duruma düşəndə, hakimiyyəti üçün real təhlükə yarananda və devrilmə təhlükəsi qapısını döyəndə bütün dünya Minskin mövcud iqtidarına qarşı bəyanatlar səsləndirdiyi halda, Bakı Belarus Prezidentinin əleyhinə heç bir siyasi bəyanat səsləndirmədi. Əksinə, Azərbaycan mövcud Belarus hakimiyyəti ilə ikitərəfli münasibətlərin inkişaf yolunu seçdi, iqtisadi əlaqələrini genişləndirdi, hərbi və sənayə sahəsində əməkdaşlığını davam etdirdi. Bir sözlə, iki ölkə arasında çoxşaxəli iqtisadi, mədəni, hərbi, diplomatik və s əlaqələri daha da dərinləşdirdi. Ki, bu da Lukaşenko üçün hava-su kimi lazım idi.

İndi isə Batya birdən-birə Ermənistanın lehinə yönəlik bəyanatla gündəm olur. Nikol Paşinyanın, əsasən, KTMT-ni tənqid etməsinin səbəbi bəllidir. Belə ki, Baş naziri hər fürsətdə üzv olduğu təşkilatı öz missiyasını yerinə yetirməməkdə, Ermənistan-Azərbaycan, Qarabağ müharibəsində KTMT-ni İrəvana lazımi dəstək verməməkdə və onun ölkəsinin sərhədini qorumamaqda qınayıb.

Lukaşenkonun “Ermənistan özünə görə haqlıdır” deməsi bir növ Paşinyanın etirazına dəstək ifadəsi kimi qəbul olunur.
Əcaba, Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanla aşağı-yuxarı eyni mövqeydə durmasının əsl səbəbi nə ola bilər?

Bilindiyi kimi, dünyanın bir sıra nöqtələrində olduğu kimi, Qafqaz regionunda da Rusiya, Avropa Birliyi və ABŞ arasında mübarizənin hərarəti yüksəlməkdədir. Hegemonluq uğurunda güclər arasında Qafqazda aparılan bu mübarizənin episentrində məhz Ermənistan durur. Sirr deyil ki, Rusiya ilə Qərb dövlətləri arasında amansız mübarizə, əsasən, Paşinyanın iqtidara gəlməsindən sonra başladı. Paşinyanın hakimiyyət rıçaqlarını əlinə alması ilə Qərb tarixin hər dönəmində Rusiyanın arxa bağçası sayılan Ermənistanda öz təsir imkanlarını artırmağa başladı. Nikol siyasi kurs olaraq hər fürsətdə Ermənistanın hakimiyyət sükanını Rusiyadan çevirərək Qərbə doğru yönəltdi. Onun bəyanatlarında və açıqlamalarında qərbyönümlü siyasət yürütdüyü açıq-aşkar sezildi. Nəticədə AB və ABŞ Ermənistana daha çox, həm də ciddi mənada nüfuz edə bildi. Beləliklə, erməni əhalisi arasında keçirilən sorğulardan bəlli olduğu kimi, düşmən ölkənin vətəndaşlarında hər ötən zaman çərçivəsində, ruslara inamsızlıq artmağa başladı. Belə bir mənzərə, şübhəsiz ki, Şimal qonşumuz olan Rusiya ilə yanaşı onunla eyni xəttə yürüyən Belarusun da maraqları ilə daban-dabana ziddir. Çünki Moskvanın hər bir strateji məğlubiyyəti həm də Minskin məğlubiyyətdir. Rusiya qədər Belarus da anlayır ki, Ermənistanın köhnə qitəyə yönəlik siyasəti, Rusiya-Belarus ittifaqına ciddi zərbə olacaq. Dolayısı ilə həm də Rusiyanın başında durduğu KTMT-nin dağılmasına gətrib çıxaracaq. Bu isə o deməkdir ki, bu ittifaq yeni dünya düzənində söz sahibi olmaq imkanından məhrum olacaq. Ona görə də Belarus Prezidenti KTMT-nin təsir gücünü Ermənistanda artırmaq niyyəti güdərək həm təşkilatın mövcudluğunu qorumağa çalışır, həm də mübarizə içində olduqları AB və ABŞ-yə göz dağı vermək istəyir.

Lakin unudurlar ki, Ermənistana KTMT hərbçilərini gətirmək bir o qədər də asan deyil. Birincisi, ona görə ki KTMT təkcə Rusiya və Belarusdan ibarət deyil. İkincisi, hərbi ittifaq sayılan bu təşkilatda Qazaxıstan və Qırğızıstan kimi Azərbaycanın maraqlarını dəstəkləyəcək türkdilli iki dövlət var. Bu isə o deməkdir ki, KTMT daxilində mövcud olan fikir ayrılığı daha da çat verə bilər. Bu səbəbdən Rusiya və Belarus kimi ölkələr onların əleyhinə işləyən zamanı öz istəklərinə uyğun çevirə bilməyəcəklər. Əksinə, bölgədə gərginliyi artıracaq belə bir addım KTMT adlı qurumu tezliklə sıradan çıxaracaq ki, bu da NATO-ya alternativ yaradılan bir qurumun acı sonluğunu gətirər.

Elçin Abdullayev

www.yenicag.az

1016
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv