Mahir Mədətov: “Onu qəhrəman sayıram”

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulub.

Ötən gecə finalda Azərbaycan və Omanın U-23 milliləri üz-üzə gəlib.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn yığmamız çempionluğu bayram edib.

Yenicag.az saytının da əməkdaşının suallarını cavablandıran hər iki qolun müəllifi Mahir Mədətov maraqlı fikirləri ilə yadda qalıb.

– Baş məşqçi yarışdan əvvəl qrupdan çıxmağı da uğur adlandırmışdı. Bəs sən necə düşünürdün?

– Düzü, birinci məqsədimiz qrupdan çıxmaq idi. Tam səmimi desəm, bu yerə gəlib çıxacağımızı düşünmürdüm. Finalda məğlub olsaydıq, bunu həzm edə bilməzdik. Çünki öz vətənimizdə oynayırdıq. Şükürlər olsun ki, çempion ola bildik. Buna çox sevinirəm. Fikrimcə, çempionluq bizim haqqımız idi.

– Finalda iki qol vuraraq, millimizə qələbə qazandırdın. Özünü qəhrəman hesab edirsənmi?

– Belə deməzdim. Qapıçımız Şahruddin Məhəmmədəliyev 4 oyunda həqiqətən əla çıxış etdi. Buna görə də onu qəhrəman sayıram. Bundan başqa müdafiəçilərimizin sayəsində qapımızı toxunulmaz saxladıq. Yəqin ki, dünən mənim günüm idi. Uşaqların hamısı əziyyət çəkdi.

– Omanla matçı karyeranın ən yaxşı oyunu adlandırmaq olar?

– Bəlkə də olar.

– Qapıya vurduğun effektli zərbə qapı tirindən qayıtdı. Həmin zərbəni vurduğun iki qoldan daha yaxşı hesab etmək olar?

– Düzü, inanırsız, həmin an məni gecə yatmağa qoymayıb. İndi də istəyərəm ki, həmin anı geri qaytarım. Qismət belə imiş.

– Bir də çempionluğa görə alacağınız pul mükafatı müəyyənləşib?

– Komandada yaşca ən kiçiyi mənəm. Buna görə də mənə heç nə demirlər (gülür).

– “Qarabağ”la çətin mərhələ sizi gözləyir. Çempionlar Liqasının qrupuna düşsəniz, sənin üçün hansı daha öndə durar?

– İlk dəfə ölkə çempionu olanda belə sevinmişdim. İlk dəfə idi o hissi yaşayırdım. Yəqin ki, Çempionlar Liqasının qrupuna düşsək, bundan daha çox sevinərəm.

– Sənin bu yerlərə gəlməyində yetişdiyin “Bakı”nın rolu daha çoxdu, yoxsa uğurlu çıxış etdiyin “Qarabağ”ın?

– Futbolçu kimi yetişməyimdə “Bakı”nın rolu böyükdür. Amma istedadı açmaqda mənə kömək edən baş məşqçimiz Qurban Qurbanovdur. Başqa bir klubda olsaydım, bu qədər uğurlu çıxış edə bilməzdim. Bildiyiniz kimi əvvəllər kənar yarımmüdafiəçisi kimi çıxış edirdim. Amma Qurban müəllim məni hücumçu kimi oynatdı. Mən də çalışıram ki, onun ümidlərini doğruldum.

Emin Səfərov
Foto: Cəmalə

COP29