“Manat ucuzlaşmayıbsa, qiymətlər niyə bahalaşır?” – Millət vəkilindən bahalaşmaya etiraz

Milli Məclisdə bu gün başlayan dövlət büdcəsi layihəsinin müzakirəsində ərzaq məhsulları və dərmanların bahalaşmasına narazılıq bildirilib.

Yenicag.az xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov manatın kursunun sabit qalmasına baxmayaraq, bəzi məhsulların qiymətinin bahalaşmasının anlaşılmadığını deyib.

Vahid Əhmədovun fikrincə, manatın kursunun sabit qalması fonunda qiymətlərin artması təbii proses deyil:
“Milli valyutamız olan manatın dollara qarşı kursu növbəti üç il müddətində 1,7 həddində götürülüb. Eyni zamanda, inflyasiyanın 3,8 faiz olacağı proqnozlaşdırılır.

Amma gəlin baxaq görək, nə baş verir? Azərbaycanın bazarlarında qiymətlər sürətlə bahalaşır. Həm ərzaq məhsullarının, həm də dərmanların qiymətində artım var. Əgər manatın kursu sabitdirsə, qiymətlər niyə bahalaşır?”

Millət vəkili daha sonra vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin vergidən yayınma hallarının aradan qaldırılmasına zəmin yaratdığını vurğulayıb.

Dövlət borclarının ödənilməsi mexanizminə toxunan millət vəkili hesab edir ki, xarici borclar dövlət büdcəsi hesabına deyil, kredit alan dövlət qurumları tərəfindən qaytarılmalıdır.

Əhmədov ölkənin xarici borcunun adambaşına təqribən 1000 dollar (9,6 milyard manat) təşkil etdiyini bildirərək, bunun heç də böyük məbləğ olmadığını söyləyib.

A.Zeynalov