!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mədəniyyət Nazirliyinin israrlı sükutu və ya “yeməyənin payı”na əl uzatmaq – Cəvahir Nehru yazır

!Reklam – Yazi

Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi və Azərbaycanın ən məşhur rəqslərindən biri olan “Basqalı”nın Gürcüstan telekanallarından birində səsləndirilməsi xəbərini eşidəndə qürurlandım.

Amma xəbərin ikinci cümləsini oxuyanda, utanc hissi keçirdim. Utancverici məqam da bundan ibarət idi ki, məşhur “Basqalı” erməni rəqsi “Şalaxo” kimi təqdim olunmuşdu.

Ermənilər zaman-zaman Azərbaycan milli rəqslərini, el havaları, xalq və bəstəkar mahnılarımızı oğurlayaraq öz adlarına çıxıblar. Heç olmasa, əvvəllər Mədəniyyət Nazirliyi, Müəllif Hüquqları Agentliyi haralarasa, ənənəvi etiraz məktubu göndərir və bununla da öz missiyalarını yerinə yetirdiklərini düşünürdülər. Necə deyərlər, yağmasalar da, güruldayırdılar.

Amma indi heç bunu da edən yoxdur, sanki “belə də olmalıymış” kimi davranırlar. Nəticədə “dəyirman” yenə öz işini görür. Dərd burasındadır ki, erməni özünə məxsus olmayanı mənimsəyir, bütün dünyaya car çəkir, özünü böyük mədəniyyətə malik xalq kimi təqdim edir. Bizsə əlimizdə olanın qədrini bilmirik.

Əlbəttə, hər işin əsasında təbliğat dayanır. Efirlərimizdə, toylarımızda xalq mahnılarımızı, rəqslərimizi təbliğ etmək əvəzinə, notu, ladı bilinməyən əcnəbi musiqilərin havasına oynayırıq. Nəticədə də toylarımızda, efirlərimizdə bayağı mahnılar, oriental rəqslər meydan sulayır.

“Mirzeyi”, “Tərəkəmə”, “Uzundərə”, “İnnabı”, “Heyvagülü”, “Qoçəli” isə bu gedişlə bir azdan tarixə qovuşacaq. Gələcək nəsillər bu rəqslərin heç adını da eşidə bilməyəcəklər. Çünki indi toylarımızda “Ay canı yanmış”, “Səni deyirlər”. “Səndən gözəli yoxdur-yoxdur”, “Apar məni”, “Maral-maral”a qol qaldırıb oynayırıq.

Gələcək nəsillər də elə biləcək ki, milli rəqslərimiz yəqin bunlardır. Bayağı musiqilərin təbliğatını aparmaqda bizə heç kim çatmaz. Amma iş milli musiqilərimizin tanıtımına gələndə, dilimiz topuq vurur.

Mədəniyyət Nazirliyi, bəlkə bu işə bir əl atasınız, milli rəqslərimizin təbliğinə yönəlik festivallar, müsabiqələr keçirəsiniz. Telekanallarımız, heç olmasa, bir verilişi milli rəsqlərimizə həsr etsəniz, dünya dağılmaz. Nə qədər ki öz dəyərlərimizə, mədəniyyətimizə sahiblənə bilməmişik, onlara başqaları sahiblənəcək.

Necə deyərlər, yeməyənin payını yeyərlər, hələ üstündən su da içərlər.

 

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv