!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MEDİA-nın hesabat konfransı: "Qaydalara əməl etmək jurnalistlərin məsuliyyətidir" - FOTOLAR

!Reklam – Yazi

Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun iştirakı ilə Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda Əhməd İsmayılov 2022-ci ildə görülən işlər barədə məlumat verib.

Bildirib ki, “Media haqqında” Qanun 8 fevral tarixində təsdiqlənib, MEDİA Agentliyi tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb, qəzet, xəbər saytı və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb.

“Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub”- deyə İcraçı direktor vurğulayıb.

Əhməd İsmayılov Media subyektlərini (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlandığını və maraqlı orqanlarla tam razılaşdırılıb, hökumətdə baxılmaqda olduğunu bildirib.

O qeyd edib ki, qanun layihəsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.

MEDİA-nın İcraçı direktoru Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı olduğunu da deyib:

“Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Bundan əlavə, Ə. İsmayılov istinad qaydalarının pozulması ilə bağlı jurnalistlərin özlərinin Media Agentliyinə müraciət etməli olduğunu da qeyd edib:

“İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir. Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib”.

Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə “E-köşk” qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı da istifadəyə verilib.

Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib, Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub.

Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri daxil olmaqla ümumilikdə 200 nəfərin iştirakı ilə Şuşa şəhərində “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forum keçirilib.

Əhməd İsmayılov bildirib ki, MEDİA Agentliyində 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirilib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edilib, media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir.

Daha sonra konfransda MEDİA-nın İcraçı direktoru jurnalistləri maraqlandıran sualları cavablandırıb.

 

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv