!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media-QHT əməkdaşlığı üçün vacib olan məqamlar

!Reklam – Yazi

Bəlli olduğu kimi, Azərbaycan dövləti QHT-lərlə hərtərəfli əməkdaşlıq edir, layhələrin qəbulu və icrası prosesində onların iştirakına geniş şərait yaradır. Dövlətin həyata keçirdiyi bütün layihə və tədbirlərdə yaxından iştirak etmək QHT-lərlə cəmiyyət arasında sıx işbirliyinin formalaşmasına gətirib çıxarır. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyən QHT-lər ölkədə həyata keçirilən layihələrdə iştirak etməklə dövlətin daha da möhkəmlənməsinə, sosial və digər problemlərin həllində müəyyən mənada öz töhfələrini verirlər.

Bu mənada QHT-lər arasında gənclərlə işləyən təşkilatların rolu da çox böyükdür. “Gələcək gənclərin əlindədir!”, – bu deyimdən yola çıxsaq, QHT sektorunda gənclərlə işləyən təşkiltlarda ictimaiyyətlə əlaqələr sisteminin qurulması, görülən işlərin cəmiyyətə daha geniş formada çatdırılmasında medianın, həmçinin sosial şəbəkələrin rolu və digər mövzular maraq doğurur.

Elə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində mövbəti məqalədə də bu məqama aydınlıq gətirilir.

Natəvan Abbaslı: Görülən işlərin mediada və sosial platformada təbliği günün tələbidir

Sosial şəbəkələrdə maksimum aktiv olmağa çalışırıq

Bəhs edilən məqamla bağlı fikirlərini bölüşən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı media və sosial şəbəkələrlə işin vacib olduğunu deyir: “İstəsək də, istəməsək də yaşadığımız dövrün ən qabarıq reallıqlarından biri bundan ibarətdir ki, artıq fərd, yaxud da təşkilat olaraq həyatı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Bu gün statusundan asılı olmayaraq, minimum texnoloji imkana malik olan hər bir kəs sosial şəbəkə istifadəçisi qismində müxtəlif platformalarda özünü bacardığı dərəcədə ifadə etməyə, diqqət mərkəzində olmağa can atır. Məsələyə daha ciddi və işgüzar kontekstdə yanaşsaq, əlbəttə, qarşıya qoyulan məqsədlərin və fəaliyyətin təbliği baxımından, sosial şəbəkələrin rolu əvəzsizdir. Yuxarıdakı fikrimə başqa yöndən baxsaq, medianı heç də intensiv təqib etməyən insanların böyük qismi özlərinin informasiya tələbatını məhz sosial şəbəkələr vasitəsilə təmin edirlər. Ona görə də biz “Qızılbaş” Gəncələri Maarifləndirmə İctimai Birliyi olaraq, sosial şəbəkələrdə maksimum aktiv olmağa çalışırıq. Fərqli platformalarda yaradılmış səhifələrimizdə təşkilatın məqsəd və hədəfləri, həyata keçirdiyi layihələr və maarifləndirici fəaliyyətimiz barəsində izləyicilərə ətraflı məlumat veririk. Eyni zamanda, sosial şəbəkələrdə izləyici auditoriyamızı genişləndirəcək vasitələrdən də səmərəli istifadə imkanlarını mütləq dəyərləndiririk”.

Təşkilat sədri bildirir ki, sosial şəbəkələr bütün hallarda o qədər ciddi və vacib platformadır ki, oradakı işlərinə özfəaliyyət səviyyəsində yanaşmaq heç bir halda mümkün deyil. Bu səbəbdən də sosial şəbəkələrdəki işlərinin sistemli qaydada həyata keçirilməsi üçün peşəkar sosial media menecerinin (SMM) xidmətindən istifadə edirlər və işin effketivliyini görürlər.

Media ilə QHT-lər arasında “qırılma nöqtəsi” bu məsələdən başlayır

“QHT-lərin fəaliyyətinin spesifikliyini nəzərə alsaq, medianın ictimai təşkilatların fəaliyyətinə, onların həyata keçirdiyi layihələrə marağının böyük olmadığını deyə bilərik. Mediadakı çağdaş tendensiyalar və rəqabət fonunda QHT-lərin fəaliyyətinə geniş yer verilməsi hər hansı iddialı media orqanı üçün “rəqiblərdən geridə qalmaq” riski kimi qiymətləndirilir. Ona görə də hətta çox aktual bir layihənin belə medianın diqqqətini cəlb etməsi asan deyil. Buna nə qədər təəssüflənsək də, vəziyyət belədir”, – deyə o qeyd edir.

N.Abbaslı bildirir ki, QHT-lərin fəaliyyətinin işıqlandırılmasında qarşıya çıxan əsas problemlərdən biri də kommersiya xarakterlidir: “Bir çox media orqanları hesab edirlər ki, hər hansı bir QHT qrant alaraq layihə həyata keçirirsə, o zaman informasiya dəstəyinin verilməsi üçün müvafiq müqavlə imzalamalıdırlar. Yəni belə bir təsəvvür var ki, QHT-lər qrant formasında aldıqları vəsaitlə icra etdikləri layihənin icrasını mediada işıqlandırmaq istəyirlərsə, zəhmət çəkib bunu ödənişli formada etsinlər. Ancaq hər kəsə məlumdur ki, ayrılan qrantlarda bunun üçün büdcə minimaldır. Mənə belə gəlir ki, media ilə QHT-lər arasında “qırılma nöqtəsi” bu məsələdən başlayır. Onu da deməliyəm ki, bu məsələdə şəxsi münasibət və əlaqələrin özünəməxsus ağırlığı var”.

Media ciddi QHT-lərin aktual layihələrinə informasiya dəstəyi verməklə…

N.Abbaslının fikrincə, media ciddi QHT-lərin aktual layihələrinə informasiya dəstəyi verməklə, ictimai maraqlara uyğun davranmış olar. Ancaq bunu media orqanlarının qarşısına qəti tələb formasında qoymaq da doğru və mümkün deyil: “Bu fikirdəyəm ki, media ilə QHT-lər arasında sıx əməkdaşlığın qurulması çox zəruridir. Amma yuxarıda vurğuladığım məqam əksər hallarda burada həlledici faktor kimi çıxış edir. Bu şəraitdə orta səviyyəli bir media orqanı ilə normal fəaliyyəti olan hansısa QHT arasında kommersiya məqamının olmayacağı əməkdaşlığın qurulması təsəvvürə gəlmir. O baxımdan, QHT-lərə ayrılan qrantlarda son dönəmdə media ilə əməkdaşlıqla bağlı hissənin olması bu əlaqələrin fərqli fazaya daxil olmasına gətirib çıxaracaq. Yəni, sırf hansısa saytda deyil, oxunan, izlənən saytlarda xəbərlərinin yayılması o layihələrə marağı da artıracaq. Cəmiyyət üçün də faydalı olacaq”.

Onu da qeyd edək ki, 2007-ci ildə qeydiyyata alınan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi bu günədək müxtəlif layihələrə imza atmış, vətənpərvərlik və vətəndaşlığın təşviq olunması, gənclərimizin dünya gəncləri ilə inteqrasiya olunması, regionlardakı mövcud problemlərin həllində gənclərin iştirakı, gənclərin təhsil, səhiyyə və sosial problemlərinin həlli istiqamətlərinin müəyyənləşdirilməsi və sair fəaliyyətinin əsas istiqamətlərinə çevirmişdir. Bu mənada, həm Azərbaycanda, həm də digər ölkələrdə bir sıra layihələr gerçəkləşdirilmişdir. Bu layihələr Əvvəllər QHT-lərə Dövlət Dəstəyi Şurasının, sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə reallaşmışdır. Bundan başqa, İctimai Birlik tərəfindən Azərbaycanın tarixilə bağlı önəmli hadisələrin ildönümlərinə həsr olunmuş fərqli konfrans və toplantılar gerçəkləşdirilmişdir. Bütün bu tədbirlər yerli və xarici media tərəfindən işıqlandırılmış, geniş ictimai və siyasi rezonans doğurmuşdur.

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv