!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Media Reyestri Azərbaycan media mühitinə müəyyən sistemliliyin gətirilməsinə səbəb olacaq" - RƏYLƏR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, yaxın günlərdə Media Reyestrinin fəaliyyətə başlayacağı gözlənilir. Məlumata görə, artıq Media Reyestrinin ilkin qaydaları hazırlanıb və müvafiq strukturlarla müzakirələr aparılır.

Bununla bağlı BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu Yenicag.az-a açıqlamasında bildirib ki, Media Reyestrinin fəaliyyətə başlaması media sahəsindəki müəyyən boşluqların aradan qaldırılmasına səbəb olacaq:

“Media haqqında” Qanunda nəzərdə tutulan əsas məqamlardan biri də məhz Media Reyestrinin yaradılmasıdır. Təsadüfi deyil ki, qanunun müzakirəsi zamanı ən çox üzərində durulan məsələ də Media Reyestri ilə bağlı idi. Bununla bağlı müxtəlif fikirlər səsləndirildi. Vurğulamaq lazımdır ki, beynəlxalq praktikada belə bir təcrübə var və bir çox ölkələrdə uğurla tətbiq olunub. Media Reyestrinin yaradılması, əslində, media mühitimizdə mövcud olan bir neçə problemin həllinə kömək edəcək. İlk növbədə, peşəkar media qurumları arasında sağlam rəqabət mühiti yaranacaq. Belə bir rəqabət istər-istəməz media mühitinə canlanma gətirəcək və eyni zamanda, professional media quruluşları arasında müəyyən sağlam və xoş rəqabəti formalaşdıracaq.

Digər tərəfdən, Media Reyestrinin fəaliyyəti Azərbaycan media subyektlərinin statistikasının aparılması ilə bağlı problemin həllinə kömək olacaq. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən peşəkar media qurumlarının və jurnalistlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bu baxımdan, Media Reyestrinin yaradılması müəyyən dəqiqliyin əldə edilməsinə səbəb ola bilər. Media Reyestri Azərbaycan media mühitinə müəyyən sistemliliyin gətirilməsinə səbəb olacaq.

Bundan başqa, digər məsələ plagiat və “copy-paste” ilə bağlıdır. Bildiyiniz kimi, Media Reyestrinə düşmək üçün müəyyən şərtlər və tələblər irəli sürülüb. Bu tələblərdən biri media qurumları qarşısında orijinal kontentlə bağlı olan müəyyən həddin qoyulmasıdır. Bu tələb indiki məqamda bir çox peşəkar ciddi media qurumlarının haqlı olaraq narazılıq etdikləri plagiat və “copy-paste” probleminin aradan qaldırılmasına yol açacaq. Ən vacib məqam isə ondan ibarətdir ki, sözügedən tələb orijinal və rəngarəng kontentin isthesalına imkan yaradır. Beləliklə, media quruluşlarımızda daha çox orijinal xəbərlərə rast gəlinəcək, eksklüziv açıqlamalarla tanış olunacaq, müəllif yazıları və mövzu müxtəlifliyi müşahidə olunacaq”.“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə saytımıza açıqlamasında qeyd edib ki, reyestrlə kimin əsl jurnalist və kimin jurnalist adından istifadə edən dələduz olduğu ortaya çıxacaq:

“Media Reyestrinin yaradılmasını müsbət hal kimi qiymətləndirirəm. Nəhayət, kimin əsl jurnalist və kimin jurnalist adından istifadə edən dələduz olduğuna qərar veriləcək. Bu gün Azərbaycan mediasında jurnalist az olsa da, jurnalist olmaq istəyənlər çoxdur. Bu baxımdan, Media Reyestrinin fəaliyyəti süzgəc rolunu oynayacaq. Süzgəcdən keçənlər jurnalist kimi fəaliyyətlərini davam etdirə biləcəklər.

Medianın İnkişafı Agentliyinin saytlardan günlük 20 özəl yazı tələbinə gəlincə, əslində, xəbərin kriteriyalarını tam aydın bilmirəm. Lakin bütün hallarda “copy-paste” sistemindən əl çəkməyin vaxtıdır. Ən azından istinad mədəniyyətinə əməl edilməlidir. Hər bir sayt öz məhsulunu ortaya qoymalıdır. Azərbaycan öz imkanları daxilində medianın inkişafına töhfə verə bilər. Əsas odur ki, peşəkar saytlarla qeyri-peşəkar saytlar arasındakı fərqlər dəqiq müəyyənləşdirilsin. Azərbaycan mediası uzun müddət Əli Həsənov- Vüqar Səfərli cütlüyünün rəhbərliyi altında olub və bu cütlükdən xeyli sayda mənfi tendensiyalar yadigar qalıb. Artıq ölkəmizdə yeni dönəm yaranıb. Mətbuat daha azaddır və ictimai rəyə təsir etməyi bacarır. Bu baxımdan, köhnə, pis vərdişlərdən imtina etmək və yeni dövrün tələblərinə uyğun davranmaq lazımdır. Fikrimcə, bundan sonra Azərbaycan mətbuatı daha peşəkar mövqedən çıxış etməyə başlayacaq. Mətbuatın ayrı-ayrı məmur oliqarxların nəzarətindən çıxmasına kömək etməliyik”.“Bakupost”un rəhbəri Elçin Zahiroğlunun sözlərinə görə, indiki məqamda Media Reyestrinin fəaliyyəti Azərbaycan mətbuatını xaosdan qurtarmağın ən yaxşı yoldur:

“Çünki bununla media subyektlərinin və jurnalistlərin qarşısına müəyyən peşəkar tələblər qoyulacaq. Bu tələblər hər bir jurnalistin öz üzərində işləməsi, hər bir saytın isə qanunvericiliyə uyğun peşəkar komanda şəklində, peşə etikası qaydalarına əməl edərək fəaliyyət göstərməsini stimullaşdıracaq. Bu kriteriyalara cavab verməyənlər isə kənarda qalacaqlar. Nəticədə “bir özü, bir kompüteri olan”, jurnalistikadan və xoş məramdan uzaq insanlar özlərini media mənsubu kimi təqdim edə bilməyəcək. Bir çox saytlar var ki, yerləşdiyi ünvan və orada çalışan jurnalistlərin kimliyi belə bəlli deyil. Lakin bir sayt kimi ortalıqdadır, işçiləri qanun qarşısında cavabdehlik, məsuliyyət hiss etmədən jurnalistika isə “məşğuldurlar”. Təbii ki, Media Reyestrinin fəaliyyəti ilə bu məsələ nizamlanacaq.

Medianın İnkişafı Agentliyi tərəfindən hər saytdan 20 özəl yazının tələb olunması media qurumları arasında ciddi bir silkələnmə, canlanma yaradıb. Hər kəs başa düşür ki, rəqabətə davam gətirmək üçün xəbər istehsalı ilə məşğul olmalı, fəaliyyətini peşəkar səviyyədə qurmalıdır. Bunun müsbət nəticələri artıq görünməkdədir. Yəni “Media haqqında” Qanun və yeni tələblər saytların bir struktur kimi formalaşmasına, oturuşmasına yol açıb.

Ancaq bir məsələni də qeyd edim ki, konkret sahələr, məsələn tibb, təhsil, iqtisadiyyat sahəsi üzrə ixtisaslaşan saytların gündə 20 özəl xəbər hazırlanmasında müəyyən çətinliklər ola bilər. Qanun qəbul olunanda, təəssüf ki, bu məqam nəzərə alınmayıb. Çünki Azərbaycan balaca ölkədir və burada tutaq ki, tibb, iqtisadiyyat sahəsi üzrə hər gün 20 özəl material hazırlamaq müşkül məsələdir.

Hesab edirəm, indi qoyulan tələblər keçid mərhələ üçün nəzərdə tutulub.

Nəzərə almalıyıq ki, sadəcə texniki tələblərlə medianın inkişafına tam nail olmaq olmaz. İlkin mərhələdə boş-boş işlərlə məşğul olanlar ələnəcək. Lakin növbəti mərhələdə keyfiyyətlə bağlı məsələ barədə düşünülməlidir. Bu gün tələb sadəcə sayla bağlıdır. Bu hər kəsin öz komandasını qurmağa, sayt adı altında, domen almaqla jurnalistika “vəsiqəsi” qazanmış şəxslərdən xilas olmağa hesablanıb. Ümumilikdə, keyfiyyətli medianın yaranması üçün növbəti mərhələdə yaradıcı işlərlə bağlı addımlar atılmalıdır. Bu halda medianın əsl inkişafını görəcəyik”.

Gülşən Şərif

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv